Energetiklərin IV plenumu keçirilib
20 Dec 2019
Dekabrın 20-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu keçirilib.
Plenumda “Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə
əməyin mühafizəsinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə
Respublika Komitəsinin baş texniki əmək müfəttişi Nazim Babayev çıxış edərək deyib
ki, yerlərdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması AHİK-in daimi
diqqətdə saxladığı prioritet məsələlərdəndir. Baş Kollektiv Sazişdə bu sahəyə
xüsusi bölmə ayrılmışdır. Əməyin mühafizəsi Konfederasiyanın məclislərində
müzakirə olunur, bununla bağlı tərəfdaşlar qarşısında tələblər və təkliflər irəli
sürülür. Təbii ki, üzv təşkilat olaraq, biz də sahə tarif sazişində, kollektiv
müqavilələrdə təhlükəsiz və sağlam iş şəraitinin konkret, daha geniş bölmələrdə
əksini tapmasına səy göstəririk. Bu sənədlərə müvafiq olaraq həmkarlar ittifaqı
təşkilatlarının nəzdində fəaliyyət göstərən əməyin mühafizəsi üzrə komissiyalar
son 2 ildə sahənin əhatə etdiyi müəssisələrin 18-də Respublika Komitəsinin əmək
müfəttişliyi müəssisə və həmkarlar ittifaqı komitələrinin əməyin mühafizəsi və
sağlam əmək şəraitinin yaradılması sahəsində gördükləri işlərlə tanış olmuşlar.
Məruzəçi bildirib
ki, İstehsalat sahələrində yoxlamalar aparır, baxışlar keçirir. Aşkarlanmış
çatışmazlıqlar HİK-in iclaslarında müzakirə edilir və ona əsasən qərarlar qəbul
olunur. Qərarların vaxtında yerinə yetirilməsi nəzarətdə saxlanılır. Yoxlamalar
göstərir ki, bütövlükdə sahə müəssisələrində “sağlam istehsalat” prinsipinə
riayət olunur. Xüsusilə yeni açılan iş yerləri sanitar-gigiyenik normaların tələblərinə
uyğun inşa edilmişdir. Buna misal olaraq Sumqayıt Texnologiyalar Parkını (STP)
göstərmək olar. Bir neçə istehsalat sahəsini əhatə edən bu parkda bütün işçilər
əmək funksiyalarını sağlam və təhlükəsiz şəraitdə yerinə yetirir. Enerjisistemdə
istismarda olan elektrik avadanlıqlarının mürəkkəbliyini, onların dəqiq idarəetmə
tələblərini nəzərə alaraq, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə,
texniki təhlükəsizliyə, işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin
yaradılmasına xüsusi fikir verilir.
Xüsusən son illərdə işçilərin təhlükəsizliyinə, əməyin
mühafizəsinə dair aparılan profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində
“Azərenerji” ASC-nin müəssisə və təşkilatlarında 2019-cu ilin 11 ayı ərzində
ölümlə nəticələnən bədbəxt hadisə baş verməmişdir.
Mütəmadi olaraq təhlükəsizlik texnikası günlərinin
keçirilməsi, işçilərin əmək və istehsalat intizamının yüksəldilməsi, kollektiv
və fərdi mühafizə vasitələrilə, xüsusi geyimlə, yanğına qarşı mühafizə ləvazimatları
ilə işçilərin təminatı, təlimatların yerinə yetirilməsi, əməliyyat və növbətçi
heyətin iş rejiminin tənzimlənməsi və sair tədbirlər bədbəxt hadisələrin
qarşısının alınması üçün əsas amillərdir.
“Azərenerji” ASC-də,
“Azenco” ASC-də və “STP” MMC-də işləyən bütün işçilər müəssisələrin hesabına bədbəxt
hadisələrdən sığorta olunmuşlar.
Müəssisə və təşkilatlarda baş vermiş bədbəxt hadisələr
Respublika Komitəsinin Rəyasət Heyətində müzakirə edilir, müəssisə rəhbərlərinə
və həmkarlar ittifaqı komitələrinə müvafiq tövsiyələr verilir.
Son 2 il ərzində Respublika Komitəsinin Rəyasət Heyətində
bu mövzuda 14 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Məruzədə Şahdağ, Xaçmaz, Şəki elektrik stansiyaları bu
sahədə nümunə kimi göstərilib.
Sonda tövsiyə
olunub ki, sahə həmkarlar ittifaqı sosial tərəfdaşlığın bərabərhüquqlu tərəfi
olaraq əməyin mühafizəsi sahəsində qanunvericiliyə, qaydalara və normalara riayət
edilməsi üzərində ictimai nəzarəti gücləndirməli, bu işdə işəgötürənlərlə, dövlət
nəzarəti orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurmalı və məsələlərin həllində
konstruktiv mövqe tutmalıdır.
Plenumda növbəti ildə görüləcək işlərin xülasəsi təqdim
edilib və sahə həmkarlar ittifaqının 2020-ci il üçün büdcəsi təsdiq olunub.