Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı AHİK İcraiyyə Komitəsinin Bəyanatı
07 Jul 2017
Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.
Mülki əhalinin
hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin
dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan
rejiminin qaniçən
mahiyyətini, şəxsən prezident SerjSarkisyanın
Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir.
Ermənistanın
Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq
humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və
konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Üstəlik Ermənistan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin – Azərbaycanın işğal
olunmuş ərazilərinin «qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması
ilə bağlı tələbini nəinki yerinə yetirmir, əksinə öz işğalçılıq siyasətini dinc
əhalini qətlə yetirməklə daha da möhkəmləndiməyə çalışır.
Ermənistanın
hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə
cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.
Buna görə də biz beynəlxalq birliyi, xüsusilə
BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən
beynəlxalq humanitar hüququn ciddi pozultularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan
barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması
ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və
uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi
06
iyul 2017-ci il