AZ | RU | EN
AZ | EN | RU

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik Günü”

23 Sep 2019

Sentyabrın 17-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə məzun buraxılışı və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirdə FHN-in rəhbər heyəti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Allahverən İsmayılov, DİN Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyev və DİN Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, FHN-in Akademiyasının şəxsi heyəti, qonaqlar və valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Sonra FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik Günü”nə həsr olunmuş geniş tədbir keçirilib. Dövlət himni səsləndirilib və Dövlət bayrağı meydana gətirilib.
Sonra kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məzunları və onların vaildeynlərini təbrik edib. Nazir müavini qeyd edib ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz bəbəyi kimi qorumalıdırlar. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların yetişdirilməsi ideyasının daim diqqətdə saxlanıldığını və bu müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam etdirildiyini xatırladan E.Mirzəyev FHN-in gələcək əməkdaşları olacaq Akademiya məzunlarının insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlmələrinin əhəmiyyətindən danışıb.

Akademiyanın rəisi, general-mayor Baba Salayev də məzunları təbrik edərək, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı söhbət açıb, onlara uğurlar arzulayıb.
FHN-in Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş məzun Fəxri Həsrətli kursant yoldaşlarının adından çıxış edərək Nazirliyin rəhbərliyinə və Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Daha sonra Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2019-cu il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Anar Mahmudzadə xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.
Sonra FHN-in Akademiyasının şəxsi heyəti orkestrin müşayiəti ilə Akademiyanın himnini səsləndirib, dövlət bayrağı məzunlar tərəfindən IV kurs kursantlarına təhvil verilib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.

FAYDALI KEÇİDLƏR