FHN İşçilərinin Həmkarlar İttifaqı toplantı keçirib
24 Sep 2019
Sentyabrın 24-də Qəbələ şəhərində yerləşən Qafqaz Resort Hotelində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin aparatında, qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Toplantını giriş sözü ilə açan FHN İşçilərinin
Həmkarlar İttifaqının sədri Mehman İsmayılov rəhbərlik etdiyi həmkarlar
ittifaqı tərəfindən 2019-ci ilin 9 aylığında görülən işlər haqda geniş hesabat
məruzəsi ilə çıxış edib.
Natiq qeyd edərək bildirib ki, ötən hesabat dövrü
ərzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının
təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin
əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarını mənalı
keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı
uşaqları üçün 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il,
Novruz bayramında şənliklər təşkil edilib, uşaqlara bayram hədiyyələri verilib.
Həmçinin, əlamətdar gün və peşə bayramlarında vəzifə
borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam
olmuş 212 nəfər ittifaq üzvü Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və
qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN
İşçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman Nazirliklərinin
dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc
xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi keçirilib. Eyni
zamanda nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə
dəstək olunub. İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası
əlaqələri intensivləşdirmək məqsədilə İdman-sağlamlıq klubu ilə birgə
nazirliyin qurumları arasında şahmat, çoxnövçülük, stolüstü tennis,
mini-futbol, beşnövçülük üzrə çempionatlar keçirilib.
“Əvvəlki illərdə olduğu kimi bu ötən dövr ərzində
ittifaqımızın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri
olmuşdur” deyən M.İsmayılov 9 may-Qələbə günü, Faşizm üzərində qələbənin 74-cü
ildönümü münasibətilə Müdafiə Nazirliyinin Ağdam rayonunda, cəbhə bölgəsində
yerləşən N saylı hərbi hissəsində və Fövqəladə Hallar Nazirliyinin Mülki
Müdafiə Qoşunlarının Bərdədə yerləşən N saylı hərbi hissəsində xidmət edən
əsgərlərlə görüş keçirildiyini əsgərlərə xatirə hədiyyələri və bayram sovqatı
verildiyini söyləyib.
Maddi durumu çətin olan və vəzifə borclarını yerinə
yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım edildiyini, həmçinin, İttifaq
üzvlərinin istirahətlərinin təşkil edilməsi məqsədilə FHN İşçilərinin Həmkarlar
İttifaqının yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzində
dəyərinin 20 faizini ödəməklə FHN işçilərinin Həmkarlar İttifaqının daxil
olduğu ittifaq üzvü ailə üzvləri ilə birgə, istirahətə göndərilib. Sosial
sığorta hesabına ailə üzvləri ilə birgə istirahət etmək üçün 8 nəfər ittifaq
üzvümüzə Nabranda yerləşən “Xəzər” istirahər mərkəzinə, 2 nəfərə isə “Şahdağ” istirahət
mərkəzinə yollayış verilib.
Həmkarlar ittifaqına müvafiq qaydada müraciət etmiş,
səhhətində problemləri yaranmış üzvlərdən 83 nəfərə məzuniyyət vaxtında sosial
sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx” və
“Naftalan” sanatoriyalarında müalicə və istirahət üçün dəyərinin 15%-i ödəmək
şərtilə yollayış verilib, bundan əlavə vətən qarşısında borcunu yerinə
yetirərək döyüşmüş veteran işçilərimiz və maddi imkanı az olan işçilərimiz də
unudulmamış, müvafiq yollayışlar pulsuz olaraq verilmişdir. İttifaqımızın
büdcəsi hesabına 8 nəfər ittifaq üzvümüzə “Naftalan” sanatoriyasına yollayış
təqdim olunub.
Hesabat məruzəsinin sonunda, Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qeyd edib
ki, üzvlərimizin təkcə əmək, sosial problemlərinin həlli ilə kifayətlənməyək,
onların ailə üzvlərinin sağlamlığının qorunması, mədəni, mənəvi tələblərinin
ödənilməsi qayğısına da qalaraq və bundan sonra da gündəlik fəaliyyətimizdə
həmkarlar itifaqımız qarşında duran bütün vəzifələrin həllinə çalışacağıq.
Daha sonra ittifaqın 2019-cu ilin IV rübünün tədbirlər
planı müzakirə olunub və müvafiq qərar qəbul edilib.
">
Yığıncağın sonunda 50 illik yubiley yaşı tamam olmuş
FHN-in bir qrup əməkdaşına 50 illik əmək fəaliyyəti münasibətilə Fövqəladə
Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının Fəxri Fərmanları təqdim
edilib.