AZ | RU | EN

“Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" mövzusunda keçirilən konfransda AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı

07 Sep 2017

Hörmətli konfrans iştirakçıları! Xanımlar və cənablar!
İlk növbədə, icazə verin, Azərbaycan həmkarlar ittifaqlarında birləşən çoxsaylı ittifaq üzvləri adından və şəxsən öz adımdan hörmətli qonaqları və konfrans iştirakçılarını ürəkdən salamlayım, konfransın işinə uğurlar arzulayım.

Konfransın müzakirə etdiyi "Formal məşğulluq işçilərin sosial hüquqlarının reallaşdırılması şərti kimi" mövzusu müasir dövr üçün aktual olmaqla dünyanı bürümüş iqtisadi böhran şəraitində xüsusi əhəmiyyət kəsb edir. Bu gün, demək olar ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində qeyri-formal məşğulluq mövcuddur. Azərbaycan da, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bundan kənarda deyildir.

Məlumdur ki, bu sektorda çalışan işçilər sosial müdafiədən məhrumdurlar. Onların məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən öz əsas hüquqlarından tam həcmdə istifadə edə bilmirlər. Bu sahədə əmək şəraitinin, əmək gigiyenasının və əməyin mühafizəsinin olmaması, gəlirlərin azlığı və qeyri-müntəzəmliyi ilə səciyyələnir. Bir qayda olaraq burada işçilərin çoxu böyük risklərə məruz qalır, işəgötürənlər tərəfindən sosial təminat olmur və bu səbəbdən də onların sosial müdafiəyə ehtiyacı daha çoxdur. Belə olduğu təqdirdə bizim sosial əməkdaşlarla qarşıda duran əsas vəzifələrimiz qeyri-formal məşğulluğun formal məşğulluqla əvəz olunması üçün təxirəsalınmaz addımlar atmaqdır.

Hörmətli qonaqlar!
Respublikamız  beynəlxalq ictimaiyyətin, eləcə də BMT-nin qlobal  inkişafla bağlı təşəbbüslərində yaxından iştirak edir.  Son 15 ildə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə  həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən biri olub.

2000-ci ildə Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə kompleks tədbirləri əhatə edən "2003-2005-ci  illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və bir sıra digər dəstəkləyici proqramlar və  siyasi sənədlər qəbul edilib və uğurla icra olunub. Bunun nəticəsində bir çox hədəflər üzrə nailiyyətlər əldə edilib. Xüsusilə  yoxsulluğun azaldılması  və 2001-ci ildə 49%  təşkil edən mütləq yoxsulluq səviyyəsinin 4,9%-ə qədər azaldılması çox sevindirici haldır.

Ölkəmiz BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özundə birləşdirən "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi" (2030 Gündəliyi") razılaşmasına da qoşulub.

Təbii ki, həmkarlar ittifaqı olaraq sadaladığım bu ölkə proqramlarının həyata keçirilməsində bizim də öhdəliklərimiz vardır. İlk növbədə həmkarlar ittifaqlarının təmsilçiləri işçilər arasında əmək hüquqlarına dair maarifləndirmə işləri aparmalı, kiçik və orta sahibkarlıq müəssisələrində və qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların (əsas diqqət qadın və gənclərə yetirilməklə) daha yaxşı təmsil edilməsi və müdafiəsinin təşkili üçün addımlar atmalıdırlar. Həmkarlar ittifaqı strukturları arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsinə üstünlük verilməli, kiçik və orta sahibkarlıq subyektlərində həmkarlar ittifaqlarının yaradılmasına və gücləndirilməsinə diqqət artırılmalıdır. Sosial dialoqun və kollektiv sazişlərin təşviqinə və hazırlanmasına, gender bərabərliyinin təmin olunmasına və ayrı-seçkiliyin qarşısının alınmasına diqqət artırılmalıdır. Sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq daha da gücləndirilməlidir. BƏT-in 204 saylı Qeyri-rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadiyyata Keçid Tövsiyəsi təbliğ olunmalı və bu sahədə BƏT-lə əməkdaşlıq davam etdirilməlidir.

Biz BƏT-in AHİK-ə struktur islahatlarına dair məsləhət xidmətlərini təqdim etməsini, üzv təşkilatlara qeyri-rəsmi işçilərlə işləmək üçün metodoloji dəstək göstərəcəyini alqışlayırıq.

Hörmətli konfrans iştirakçıları!
Qeyri-formal məşğulluğa qarşı mübarizəni gücləndirmək məqsədilə son vaxtlar respublika rəhbərliyi tərəfindən aparılan pensiya və vergi islahatları, digər tədbirlər işçilərin formal məşğulluğa cəlb olunması istiqamətində mühüm addımlardır.

Eyni zamanda ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 17 mart tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə yaradılmış "Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası" ilə birgə fəaliyyətimiz işçilərin sosial hüquqlarının reallaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.

Çünki bu Komissiyanın yaradılmasının məqsədlərinin bütövlükdə sosial tərəfdaşların istəklərinə tam cavab verdiyini və hər bir işçinin əmək hüquqlarının müdafiəsini təmin edəcəyini vurğulamaq istərdim. Əminəm ki, hər iki Komissiyanın fəaliyyəti respublika əhalisinin sosial problemlərinin və müdafiəsinin səmərəli həlli istiqamətində bütün imkanlardan istifadə edəcək, BƏT-in dayanıqlı inkişafa dair proqramının məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Respublika hökuməti tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin 01 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin 01 yanvarına nisbətən 15,4 min nəfər artaraq 1265,3 min nəfər təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" və "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" 28 aprel 2017-ci il tarixli fərmanı formal məşğulluğa keçid və bu sahədə çalışan işçilərin sosial hüquqlarının müdafiəsi üçün önəmli sənədlərdəndir. Həmçinin bu istiqamətdə son on ildə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət və aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuş, işsizlik səviyyəsi 48 %-dən 5 %-ə enib.

Son dövrlərdə Beynəlxalq Əmək Təşkilatının da bu istiqamətdə sosial tərəfdaşlarla, eyni zamanda AHİK-lə birlikdə mövzu ilə bağlı respublikamızda keçirdiyi dörd tədbirini də xüsusilə qeyd etmək istərdim. Bu tədbirlərdə 200-dən çox həmkarlar ittifaqı fəalı iştirak edib.

Bütün bunlara baxmayaraq, etiraf edilməlidir ki, formal məşğulluq problemlərinin həllində narahatlıq doğuran hallar hələ də mövcuddur. Bunlar əsasən əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluğun, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasibliyin, işsizliyin səviyyəsinin və qeyri-formal əmək münasibətlərinin tam aradan qaldırılmasında çətinliklər yaradır.

Qeyri-formal iqtisadiyyatda əməyin mühafizə olunmaması və müəyyən neqativ proseslər doğurması bu problemi daha da kəskinləşdirir. Aşağı həyat səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər, işsizlik, sosial maraqların müxtəlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın kifayət qədər olmaması və sair amillər insanları qeyri-formal iqtisadiyyata yönəldir.

Son beş ildə respublikamızda iqtisadi fəal və məşğulluğa cəlb olunmuş əhalinin artmasına baxmayaraq, qeyri-formal sektorda hələ də kifayət qədər çalışanlar vardır. Bir sıra xarici ekspertlərin rəylərinə görə, respublikamızda əmək qabiliyyətli əhalinin təqribən 50-60%-i qeyri-formal məşğulluq sahələrində çalışırlar. Bu rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac vardır.

Qeyri-formal əmək münasibətlərində olan işçilərin statistikasının da olmaması, bu kateqoriyaya aid olanların müəyyənləşdirilməsindəki çətinliklər də aradan qaldırılmalıdır.

Bildirməliyəm ki, həmkarlar ittifaqları olaraq qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsində işçilərin əmək hüquqlarının qorunmasında maraqlıyıq və bu sahədə bütün imkanlardan istifadə etməyə qərarlıyıq. Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid üçün ilk növbədə bu sahədə fəaliyyət göstərən işəgötürənlər öz bizneslərinin leqallaşdırılması üçün təşviq edilməlidirlər ki, bu da bir sıra sosial-iqtisadi məsələlərin həlli baxımından olduqca vacibdir. Beynəlxalq Əmək Təşkilatının 204 saylı tövsiyəsinin izahı, yüksək səviyyədə tətbiqi nəticəsində qeyri-formal məşğulluğun formal məşğulluqla əvəzlənməsinə nail olmaq mümkündür.

İşçilərin sosial-iqtisadi hüquqlarının reallaşdırılması üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəaliyyətimizi gücləndirməli, monitorinqlər aparmalı, işçilər arasında təbliğat işini genişləndirməli, işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması məqsədilə lazımi addımları atmalıyıq.

Hesab edirəm ki, bu gün sizinlə birlikdə apardığımız müzakirələr nəticəsində işçilərin sosial hüquqlarının gücləndirilməsi məsələlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edə biləcəyik.

Diqqətinizə görə sağ olun.