“Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" mövzusunda keçirilən konfransda AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı
07 Sep 2017
Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar!
İlk növbədə, icazə verin, Azərbaycan həmkarlar ittifaqlarında birləşən çoxsaylı ittifaq üzvləri adından və şəxsən öz adımdan hörmətli qonaqları və konfrans iştirakçılarını ürəkdən salamlayım, konfransın işinə uğurlar arzulayım.
Konfransın müzakirə etdiyi "Formal məşğulluq işçilərin
sosial hüquqlarının reallaşdırılması şərti kimi" mövzusu müasir dövr üçün
aktual olmaqla dünyanı bürümüş iqtisadi böhran şəraitində xüsusi əhəmiyyət kəsb
edir. Bu gün, demək olar ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində
qeyri-formal məşğulluq mövcuddur. Azərbaycan da, bütün inkişaf etmiş ölkələrdə
olduğu kimi, bundan kənarda deyildir.
Məlumdur ki, bu sektorda çalışan işçilər sosial müdafiədən
məhrumdurlar. Onların məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən öz əsas
hüquqlarından tam həcmdə istifadə edə bilmirlər. Bu sahədə əmək şəraitinin, əmək
gigiyenasının və əməyin mühafizəsinin olmaması, gəlirlərin azlığı və qeyri-müntəzəmliyi
ilə səciyyələnir. Bir qayda olaraq burada işçilərin çoxu böyük risklərə məruz
qalır, işəgötürənlər tərəfindən sosial təminat olmur və bu səbəbdən də onların
sosial müdafiəyə ehtiyacı daha çoxdur. Belə olduğu təqdirdə bizim sosial əməkdaşlarla
qarşıda duran əsas vəzifələrimiz qeyri-formal məşğulluğun formal məşğulluqla əvəz
olunması üçün təxirəsalınmaz addımlar atmaqdır.
Hörmətli qonaqlar!
Respublikamız beynəlxalq ictimaiyyətin, eləcə də
BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak
edir. Son 15 ildə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda
Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini
asanlaşdıran mühüm amillərdən biri olub.
2000-ci ildə Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə
kompleks tədbirləri əhatə edən "2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və bir sıra
digər dəstəkləyici proqramlar və siyasi sənədlər qəbul edilib və uğurla
icra olunub. Bunun nəticəsində bir çox hədəflər üzrə nailiyyətlər əldə
edilib. Xüsusilə yoxsulluğun azaldılması və 2001-ci ildə
49% təşkil edən mütləq yoxsulluq səviyyəsinin 4,9%-ə qədər azaldılması
çox sevindirici haldır.
Ölkəmiz BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27
sentyabr tarixlərində keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri
adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi
özundə birləşdirən "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı
İnkişaf Gündəliyi" (2030 Gündəliyi") razılaşmasına da qoşulub.
Təbii ki, həmkarlar ittifaqı olaraq sadaladığım bu ölkə
proqramlarının həyata keçirilməsində bizim də öhdəliklərimiz vardır. İlk növbədə
həmkarlar ittifaqlarının təmsilçiləri işçilər arasında əmək hüquqlarına dair
maarifləndirmə işləri aparmalı, kiçik və orta sahibkarlıq müəssisələrində və
qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların (əsas diqqət qadın və
gənclərə yetirilməklə) daha yaxşı təmsil edilməsi və müdafiəsinin təşkili üçün
addımlar atmalıdırlar. Həmkarlar ittifaqı strukturları arasında qarşılıqlı əlaqələrin
təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsinə üstünlük verilməli, kiçik və
orta sahibkarlıq subyektlərində həmkarlar ittifaqlarının yaradılmasına və gücləndirilməsinə
diqqət artırılmalıdır. Sosial dialoqun və kollektiv sazişlərin təşviqinə və
hazırlanmasına, gender bərabərliyinin təmin olunmasına və ayrı-seçkiliyin
qarşısının alınmasına diqqət artırılmalıdır. Sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq
daha da gücləndirilməlidir. BƏT-in 204 saylı Qeyri-rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadiyyata
Keçid Tövsiyəsi təbliğ olunmalı və bu sahədə BƏT-lə əməkdaşlıq davam etdirilməlidir.
Biz BƏT-in AHİK-ə struktur islahatlarına dair məsləhət
xidmətlərini təqdim etməsini, üzv təşkilatlara qeyri-rəsmi işçilərlə işləmək
üçün metodoloji dəstək göstərəcəyini alqışlayırıq.
Hörmətli konfrans iştirakçıları!
Qeyri-formal məşğulluğa qarşı mübarizəni gücləndirmək məqsədilə
son vaxtlar respublika rəhbərliyi tərəfindən aparılan pensiya və vergi
islahatları, digər tədbirlər işçilərin formal məşğulluğa cəlb olunması istiqamətində
mühüm addımlardır.
Eyni zamanda ölkə Prezidenti tərəfindən "Azərbaycan
Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 17 mart tarixli sərəncamından
irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə yaradılmış "Əmək
münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası" ilə birgə fəaliyyətimiz
işçilərin sosial hüquqlarının reallaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Çünki bu Komissiyanın yaradılmasının məqsədlərinin
bütövlükdə sosial tərəfdaşların istəklərinə tam cavab verdiyini və hər bir
işçinin əmək hüquqlarının müdafiəsini təmin edəcəyini vurğulamaq istərdim. Əminəm
ki, hər iki Komissiyanın fəaliyyəti respublika əhalisinin sosial problemlərinin
və müdafiəsinin səmərəli həlli istiqamətində bütün imkanlardan istifadə edəcək,
BƏT-in dayanıqlı inkişafa dair proqramının məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli
rol oynayacaqdır.
Respublika hökuməti tərəfindən əmək müqaviləsi
bildirişinin elektron informasiya sisteminə daxil edilməsi sahəsində həyata
keçirilən tədbirlər nəticəsində 2017-ci ilin 01 yanvar tarixinə muzdla işləyənlərin
sayı 2016-cı ilin 01 yanvarına nisbətən 15,4 min nəfər artaraq 1265,3 min nəfər
təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il
tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər
haqqında" və "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin
qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər
haqqında" 28 aprel 2017-ci il tarixli fərmanı formal məşğulluğa keçid və
bu sahədə çalışan işçilərin sosial hüquqlarının müdafiəsi üçün önəmli sənədlərdəndir.
Həmçinin bu istiqamətdə son on ildə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən
uğurlu siyasət və aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə
müsbət dəyişikliklərə nail olunmuş, işsizlik səviyyəsi 48 %-dən 5 %-ə enib.
Son dövrlərdə Beynəlxalq Əmək Təşkilatının da bu istiqamətdə
sosial tərəfdaşlarla, eyni zamanda AHİK-lə birlikdə mövzu ilə bağlı
respublikamızda keçirdiyi dörd tədbirini də xüsusilə qeyd etmək istərdim. Bu tədbirlərdə
200-dən çox həmkarlar ittifaqı fəalı iştirak edib.
Bütün bunlara baxmayaraq, etiraf edilməlidir ki, formal məşğulluq
problemlərinin həllində narahatlıq doğuran hallar hələ də mövcuddur. Bunlar əsasən
əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluğun, işçilərin sahələr üzrə
bölüşdürülməsində qeyri-mütənasibliyin, işsizliyin səviyyəsinin və qeyri-formal
əmək münasibətlərinin tam aradan qaldırılmasında çətinliklər yaradır.
Qeyri-formal iqtisadiyyatda əməyin mühafizə olunmaması və
müəyyən neqativ proseslər doğurması bu problemi daha da kəskinləşdirir. Aşağı həyat
səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər, işsizlik, sosial
maraqların müxtəlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın kifayət
qədər olmaması və sair amillər insanları qeyri-formal iqtisadiyyata yönəldir.
Son beş ildə respublikamızda iqtisadi fəal və məşğulluğa
cəlb olunmuş əhalinin artmasına baxmayaraq, qeyri-formal sektorda hələ də kifayət
qədər çalışanlar vardır. Bir sıra xarici ekspertlərin rəylərinə görə,
respublikamızda əmək qabiliyyətli əhalinin təqribən 50-60%-i qeyri-formal məşğulluq
sahələrində çalışırlar. Bu rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac vardır.
Qeyri-formal əmək münasibətlərində olan işçilərin
statistikasının da olmaması, bu kateqoriyaya aid olanların müəyyənləşdirilməsindəki
çətinliklər də aradan qaldırılmalıdır.
Bildirməliyəm ki, həmkarlar ittifaqları olaraq
qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsində işçilərin əmək
hüquqlarının qorunmasında maraqlıyıq və bu sahədə bütün imkanlardan istifadə
etməyə qərarlıyıq. Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid üçün ilk
növbədə bu sahədə fəaliyyət göstərən işəgötürənlər öz bizneslərinin
leqallaşdırılması üçün təşviq edilməlidirlər ki, bu da bir sıra sosial-iqtisadi
məsələlərin həlli baxımından olduqca vacibdir. Beynəlxalq Əmək Təşkilatının 204
saylı tövsiyəsinin izahı, yüksək səviyyədə tətbiqi nəticəsində qeyri-formal məşğulluğun
formal məşğulluqla əvəzlənməsinə nail olmaq mümkündür.
İşçilərin sosial-iqtisadi hüquqlarının reallaşdırılması
üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəaliyyətimizi
gücləndirməli, monitorinqlər aparmalı, işçilər arasında təbliğat işini genişləndirməli,
işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin
olunması məqsədilə lazımi addımları atmalıyıq.
Hesab edirəm ki, bu gün sizinlə birlikdə apardığımız
müzakirələr nəticəsində işçilərin sosial hüquqlarının gücləndirilməsi məsələlərinin
həlli istiqamətində mühüm qərarlar qəbul edə biləcəyik.
Diqqətinizə görə sağ olun.