AZ | RU | EN
AZ | EN | RU

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı şəhid Orxan Həmidovun iki övladını himayəyə götürüb

27 Aug 2020

Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun 2 övladı Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı (FHN HİK) tərəfindən himayəyə götürülüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb. Onlardan ikisi Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Həmidov Orxan İbrahim oğlunun övladlarıdır. Orxan Həmidovun övladları – 2007-ci il təvəllüdlü Həmidli Vüsal və 2009-cu il təvəllüdlü Həmidli Fərid Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb.
Avqustun 26-da Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov şəhid Orxan Həmidovun ailəsi ilə görüşüb.

Görüş zamanı Mehman İsmayılov Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. O qeyd edib ki, Orxan Həmidov da öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.
M.İsmayılov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb. O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə həyata keçirilən layihəyə əsasən 23 şəhidin 41 övladı himayəyə götürülüb. Şəhid Orxan Həmidovun 2 övladını da FHN HİK himayəyə götürüb.
Şəhidin anası Tamella Məmmədova, öz növbəsində, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq minnətdarlığını bildirib. O, fəxr hissi ilə deyib ki, Orxan Həmidov öz istəyi ilə Vətənin keşiyində durmağı qarşısına məqsəd qoydu və bu məqsədlə də mülki işindən çıxaraq hərbidə qulluq etməyə başladı. O, Aprel döyüşləri zamanı Lələtəpə zirvəsinin azad edilməsində iştirak edərkən qəhrəmancasına şəhid olub. Şəhid anası bu xeyirxah təşəbbüsə görə minnətdarlığını ifadə edib.
Şəhid ailəsinə yardım paketləri təqdim olunub.

Sonra FHN HİK-in sədri və şəhidin ailə üzvləri Orxan Həmidovun məzarını ziyarət edərək xatirəsini anıblar.
Şəhid Orxan Həmidov 1980-ci ildə Füzuli rayonunun Əhmədallar kəndində anadan olub. Orta məktəbi Əhmədalılar kəndində bitirdikdən sonra hərbi hissəyə yollanıb. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2000-ci ildə ANAMA-da sapyor olaraq 7 il çalışıb. Daha sonra mülki sahədə işləməyə başlayan Orxan Həmidov 2013-cü ildən yenidən hərbi sahədə fəaliyyət göstərməyə davam edib. Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

FAYDALI KEÇİDLƏR