“Gənclərimizin hərbi- vətənpərvərlik ruhu yüksəkdir”
06 Sep 2019
Sentyabrın 6-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Gənclərin milli vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsində tələbə həmkarlar ittifaqı təşkilatlarının vəzifələri, yeni forma və metodları” mövzusunda konfrans keçirilib.
19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsinin
qatıldığı konfransı giriş nitqi ilə sahə Hİ Respublika Komitəsinin sədr müavini
Mirzə Cəfərzadə açıb. O əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin
salamlarını və ürək sözlərini çatdırıb. Deyib ki, Səttar müəllim sizi yeni dərs
ilinin başlanması münasibətilə təbrik edir, hər birinizə təhsildə və şəxsi həyatınızda
uğurlar arzulayır.
Sonra M.Cəfərzadə Respublika Komitəsinin həyata keçirdiyi
gənclər siyasətinin bəzi məqamlarına toxunub. Deyib ki, gənclərimizin milli vətənpərvərlik,
xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, sosial
vəziyyətlərinin yaxşılaşdırılması, gənclərin bədən tərbiyəsi və idmana kütləvi
cəlbi, istedadlı gənclərin aşkara çıxarılması, elmə, təhsilə maraqlarının
artırılması fəaliyyətimizin əsasını təşkil edir.
Hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri
üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə
maddi yardımlar verilir. Bundan başqa, tələbələrdə elmə, təhsilə marağın
artırılması məqsədilə 1995-ci ildə Respublika Komitəsinin adlı təqaüdü təsis
edilmişdir. O vaxtdan indiyə qədər ali təhsil müəssisələrində qış və yay
imtahan sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2200 nəfərdən artıq tələbə
bu təqaüdə layiq görülmüşdür.
Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqədən
olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil edilir. Hər il həmin güzəştdən
respublikamızın 16 ali təhsil müəssisəsinin 230 tələbəsi istifadə edir.
M.Cəfərzadə deyib ki, 2004-cü ildən ali məktəb tələbələri
arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii
yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən bu
festivalın təkcə final mərhələsində hər il 250 nəfərdən artıq tələbə iştirak
edir. Respublika Komitəsi hər il təşkil olunan “Sabahın alimləri” müsabiqəsinin
keçirilməsində də yaxından iştirak edir. Müsabiqədə qalib gəlmiş şagirdlərin
ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakı
Respublika Komitəsinin vəsaiti hesabına təmin edilir. Həmçinin həmkarlar
ittifaqı üzvü olan təhsil işçilərinin övladlarının yay tətilinin səmərəli təşkili
məqsədilə respublikanın müxtəlif bölgələrində düşərgələr təşkil olunur.
Gənclərin əmək fəaliyyətinin stimullaşdırılması məqsədilə
artıq bir neçə ildir ki, həmkarlar ittifaqı üzvü olan gənclər arasında “İlin
peşəkar gənci” müsabiqəsi keçirilir. Bu müsabiqədə də yüzlərlə gənc iştirak
edir və qaliblər mükafatlandırılır.
Respublika Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı
və Silahlı Qüvvələr Günü ərəfəsində Füzuli, Beyləqan, Qusar bölgələrində yerləşən
“N” saylı hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil
edilir, onlara bayram sovqatları və geniş konsert proqramı təqdim olunur.
Sadaladığım tədbirlər gənclər
sahəsində həyata keçirdiyimiz tədbirlərin bir hissəsini əhatə edir. Bizim bu tədbirləri
təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçirilməsini,
onların zərərli vərdişlərdən uzaq olmasını təmin etmək, gənclərdə elmə, təhsilə
maraq yaratmaqdır.
Yeni Azərbaycan Partiyası Gənclər
Şurasının sədri Seymur Orucov çıxış edərək gənc nəslin layiqli vətəndaş kimi
formalaşmasında dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışdı. Dedi ki, gənclər
siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamız həm
Qarabağ müharibəsi ilə əlaqədar yaranmış gərgin vəziyyət, eyni zamanda bir çox
siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdi.
Qarşıda gənclərimizi yaranmış çətin sınaqlardan və keçid
dövrünün mənfi təsirlərindən qorumaq, onlarda milli vətənpərvərlik hissini
formalaşdırmaq kimi mühüm vəzifələr dururdu. Məhz Ulu Öndərin qətiyyətli
mövqeyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi özünün inkişaf mərhələsinə
qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər
və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə
bağlı dövlət proqramları qəbul edildi. Ümummilli Liderin gəncliyə göstərdiyi
diqqət və qayğının nəticəsi olaraq 1996-cı ildə MDB ölkələrində və Şərqi
Avropada ilk dəfə olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsdiq
olundu və qeyd edilməyə başlandı.
Bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi
üçün ardıcıl iş aparılır. Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin
təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının
səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri
əhatə edir. Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan
verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi
dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial
müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin
imkanlarını genişləndirir.
Dövlət başçısı gənclərimizin hərtərəfli inkişafı üçün
bütün imkanlardan səmərəli istifadə edir. Son illərdə gənclərlə bağlı atılan
addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının
müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Son illər qəbul
olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı mühüm qərarlar
öz əksini tapmışdır.
S.Orucov dövlətimizin qayğısından bəhrələnən gənclərimizin
ölkənin iqtisadi, sosial həyatında, eləcə də beynəlxalq miqyasda qazandıqları
uğurlar barədə məlumat verdi.
İki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş
polkovnik Şair Ramaldanov gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində
görülən işlərdən danışdı. Bildirdi ki, Azərbaycan gəncinin hərbi-vətənpərvərlik
ruhu yüksəkdir. Onlar istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə
hazırdırlar.
Tədbirdə ali məktəb tələbələrinin də çıxışları dinlənildi.
Sonra AHİK-in şöbə müdiri Namiq Hüseynovun və TİAHİ Respublika Komitəsinin sədr
müavini Mirzə Cəfərzadənin moderatorluqları ilə debatlar və diskussiyalar
aparıldı.
Tədbir əyləncəli proqramla başa çatdı.