Gənclərin II Forumu keçirilib
28 Sep 2019
Sentyabrın 28-dən oktyabrın 1-dək Xaçmaz rayonunda mədəniyyət işçiləri həmkarlar ittifaqı üzvü olan gənclərin II Forumu keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan Forumun iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini ziyarət
edib və önünə gül dəstələri düzüblər.
Forumun təşkilatçılarını və bir qrup iştirakçısını Xaçmaz
Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qəbul edib. O, sahə həmkarlar
ittifaqının rəhbərliyinin və kollektivinin bu təşəbbüsünü alqışlamış, onun yüksək
səviyyədə həyata keçirilməsinə dəstək verəcəyini söyləyib.
Qurum öz işinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində başlayıb.
Respublika Komitəsinin sədri Cəmilə Səttarova giriş sözü
ilə çıxış edərək Forumun məqsədlərindən, əhəmiyyətindən, ölkədə aparılan uğurlu
gənclər siyasətindən danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və
diqqəti yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasət gənclərin hərtərəfli vətəndaş kimi formalaşması, ölkənin
ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir.
Bildirilib ki, qurumun gənclərlə bağlı digər tədbirlərinin
əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər siyasəti
durur. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev öz çoxcəhətli fəaliyyətində
gənclərə böyük diqqət ayırır. Onların cəmiyyətimizə layiq, hərtərəfli vətəndaş
kimi formalaşması naminə səlahiyyət və səylərini əsirgəmir.
C. Səttarova onu da deyib ki, bu il Azərbaycan xalqının
çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir
şairi Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir. Bu əlamətdar
hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham
Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd
edilməsi haqqında” və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlar
imzalayıb. Bunu nəzərə alaraq gənclərin iştirakı ilə keçirilən forum çərçivəsində
dahi şairin irsinin təbliğinə xüsusi önəm verilib.
AHİK-in Gənclər Şurasının sədri Tural Süleymanov gənclərin
məşğulluq siyasəti, qəbul olunmuş dövlət proqramları, hüquq şöbəsi müdirinin
müavini Ruslan Bağırov gənclərin əmək hüquqları, BƏT-in konvensiyaları, həmkarlar
ittifaqları haqqında qanun və milli qanunvericiliklə tənzimlənməsi, TİAHİ-nin təşkilat
şöbəsinin mütəxəssisi Nəsimi Cəfərov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
gənc üzvlərinin fəaliyyəti haqqında, MİHİ-nin Beynəlxalq əlaqələr və
informasiya şöbəsinin müdiri Zaur Həmidov sahə Hİ şəhər və rayon komitələri və
ilk həmkarlar ittifaqı təşkilatlarında işləyən gənclər arasında işin təşkili və
MİHİ-nin strukturu mövzularında çıxışlar etmişlər.
Forum işini 4 işçi qrupunda davam etdirib.
Tədbirdə
“İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.