“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər”
23 Jan 2019
Yanvarın 23-də Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransın açılış sessiyasında giriş sözü söyləyən
ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən aparılan
sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin son illər sürətli inkişafa nail
olduğunu, xalqımızın rifah səviyyəsinin yüksəldiyini, dövlətimizin dünyada
nüfuzunun artdığını deyib.
O, əmək bazarının tələblərinə uyğun yüksək təhsil və təlimin
təşkili, dayanıqlı iqtisadi artım, əmək bazarına aid təkmil analiz və
statistika, həssas qrupların əmək bazarına inteqrasiyası və sair barədə
danışıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin
Kərimli konfransın əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, aparılan
uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan məşğulluq sahəsində göstəricilərinə
görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Möhbalıyev çıxış edərək deyib ki, ölkə prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılmasına hədəflənən
genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar gənclərin məşğulluq səviyyəsinin
yüksəldilməsinə də müsbət təsir göstərir. Təsadüfi deyil ki, hazırda
respublikamız Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr
sırasına qoşulub. Bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə Birləşmiş Millətlər
Təşkilatı tərəfindən dəstəklənib.
Məlum olduğu
kimi, hörmətli Prezidentimiz ötən il sentyabrın 15-də “Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Proqrama uyğun olaraq
tədbirlər planı hazırlanıb. Tədbirlər planına “Gənclərin məşğulluğu və
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi” adlanan xüsusi bölmə salınıb. Bölmədə
gənclərin, müəyyən edilmiş kvotaya əsasən, müəssisə və təşkilatlarda işlə təmin
olunmasına dövlət tərəfindən nəzarətin gücləndirilməsi vurğulanır.
S. Möhbalıyev daha sonra deyib ki, Azərbaycanda gənclərin
sayı sürətlə artmaqdadır.
Statistik məlumatlara əsasən, Azərbaycanda 2018-ci ilin əvvəlinə
5073,8 min nəfər iqtisadi fəal əhalinin 103,9 min nəfəri və ya 2,0 %-i 15-19
yaşında, 505,4 min nəfəri və ya 10 %-i 20-24 yaşında, 753,0 min nəfəri və
ya 14,8%-i 25-29 yaşında olanlardır. İqtisadiyyat sahəsində çalışan əhali
arasında gənclərin xüsusi çəkisi 25,6% təşkil edir.
Dövlət Statistika Komitəsinin 01 yanvar 2018-ci ilə olan
məlumatına görə, ölkə üzrə rəsmi işsizlərin sayı 38,5 min nəfərdir. Bu rəqəmin
21,9 mini ali təhsillilərin payına düşür.
Hökumət, işəgötürənlər və AHİK arasında 2018-ci il
fevralın 7-də bağlanmış Baş Kollektiv Sazişdə gənclərin məşğulluğuna dair öhdəliklər
əksini tapmışdır:
- gənclərin məşğulluq imkanlarını artırmağa, onları
kənd yerlərində çalışmağa həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə,
əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə
və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edən tədbirlər həyata keçirmək;
- ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və
vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun
müvafiq işlə təmin olunmasına nail olmaq;
- məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta
sistemini formalaşdırmaq və tətbiqini həyata keçirmək;
- valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində
yaşayan uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin
olunmasına köməklik göstərmək;
- ölkə və regionlar üzrə məşğulluq proqramlarının həyata
keçirilməsi üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək.
Əhalinin, o cümlədən gənclərin məşğulluq problemlərinin həlli
yolları həmçinin Layiqli Əmək üzrə Ölkə Proqramında və “2019-2030-cu illər üçün
Azərbaycan Respublikasının məşğulluq strategiyası”nda öz əksini tapıb.
Strategiyada “əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş)
xüsusi çəkisini 2030-cu ilədək 15%-ə endirmək” və “2025-ci ilədək bütün əhali
qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa
və layiqli əməyə nail olmaq hədəf götürülüb.
S.Möhbalıyev AHİK-in nəzdində yaradılmış Gənclər
Şurasının fəaliyyətindən də danışıb. Bildirib ki, bu qurum gənclərin əmək və
sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların həmkarlar ittifaqı işinə cəlb
edilməsi və təşkilatlanması üçün böyük işlər görür.
AHİK-in İcraiyyə Komitəsində “Azərbaycan gənclərinin məşğulluğu
və həmkarlar ittifaqlarının mövqeyi” məsələsi müzakirə olunmuş və gənclərin məşğulluğunu
təmin etmək üçün həmkarlar ittifaqlarının bütün imkanlarından istifadə etmək məqsədilə
üzv təşkilatların vəzifələri müəyyənləşdirilib.
AHİK sədri çıxışını gündəlikdə duran məsələnin həllinə
yönəlmiş bir neçə təkliflə bitirib:
- texniki-peşə təhsilində islahatların aparılması və əmək
bazarının tələbatına uyğunlaşdırılması;
- əmək şəraitini yaxşılaşdırmaq, iş yerlərinin keyfiyyətini
və gənclərin müdafiə təminatını yüksəltmək;
- peşə ixtisaslarının və biliklərinin inkişaf strategiyasını
işləyib hazırlamaq;
- regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının icrası ilə əlaqədar regionlarda yeni yaradılacaq müəssisələrdə gənclərin
işlə təmin olunması üçün xüsusi kvotaların müəyyənləşdirilməsi.
AHİK sədri bildirib ki, “İşçi qüvvəsinə qoyulan
investisiyalar müasir texnologiyanın tətbiq edilməsində stimullaşdırmanın
ayrılmaz hissəsidir”.
Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların,
elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların
iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün
çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli
mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və
qanunvericilik mövzularında panel sessiyalar keçirilib.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” mövzusunda
hazırladığı qlobal hesabatın təqdimatı olub.