“Gender bərabərliyi, əmək hüquqları və elm”
19 Nov 2019
AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi, əmək hüquqları və elm” mövzusunda konfrans keçirilib.
Akademiyanın əsas binasında baş tutan tədbirdə elmi müəssisələrin
həmkarlar ittifaqı təşkilatlarının, eləcə də qadınlar şuralarının sədrləri
iştirak ediblər.
Konfransı AHİ-nin sədri, hüquq elmləri doktoru, professor
Habil Qurbanov açaraq ölkəmizdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı
məsələlərə daim xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, kişilər və
qadınlar arasında hüquq bərabərliyi Azərbaycan Respublikasının
Konstitusiyasında birmənalı şəkildə əksini tapıb, eləcə də ölkəmizdə bu sahədə
bir sıra beynəlxalq sazişlər ratifikasiya edilib, gender bərabərliyi və məişət
zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul olunub. 2018-ci ildə akademiyada
Qadınlar Şurası yaradılıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademik Nərgiz Axundova, Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru,
professor Rəna Mirzəzadə çıxış edərək qadınların AMEA-nın elmi-ictimai həyatındakı
rolundan və fəaliyyətindən danışıblar.
Sonda fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin “Azərbaycan
elminin gender mənzərəsi” və hüquq üzrə fəlsəfə doktoru Bəhruz Kərimovun “Azərbaycan
Respublikası Əmək Qanunvericiliyində qadın hüquqları” mövzularında məruzələri
dinlənilib.