Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin Gender Məktəbi çərçivəsində vebinarı keçirilib
19 Feb 2021
Favralın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin Gender Məktəbi çərçivəsində «Koronavirus (COVID-19) pandemiyası dövründə Həmkarlar İttifaqı komitələri tərəfindən gənc işçilər arasında maarifləndirmə prosesinin həyata keçirilməsi» mövzusunda vebinar keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin sədri C. Səttarova əvvəlcə Vətən müharibəsinin şəhid qadını, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqqında danışıb. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olmuş qəhrəmanımızın xatirəsi dərin ehtiramla yad edilib. Qadınların hər zaman dözümlü, iradəli, vətənpərvər olduğunu vurğulayan C. Səttarova bildirdi ki, "ölkədə pandemiya dövründə ən çox zərər çəkən sahə məhz qadın işçilərin üstünlük təşkil etdiyi sahələr olub. Məhz buna görə də, zərif cinsin nümayəndələri hökumətin və Həmkarlar İttifaqları təşkilatlarının hər zaman diqqət mərkəzindədir.
Sonra çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri N. Hüseynov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komtəsinin sədr müavini M. Cəfərzadə pandemiya dövründə “Gənclər Şura”larının fəaliyyəti, “Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” adı uğrunda respublika-baxış müsabiqəsinin keçirilməsi, “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi, gənc əməkçilərin rifah halının yaxşılaşmasına yönələn tədbirlərdən söhbət açıblar. Gənc kadrların hazırlanması və peşə hazırlığının yüksəldilməsi, gənclərin hərbi-vətənpərlik tərbiyəsində həmkarlar ittifaqları təşkilatlarının rolu, gənclərin sağlamlığının qorunması naminə narkomaniyaya qarşı mübarizə və sairə maarifləndirmə işləri barədə geniş məlumat veriblər.