Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib
11 Sep 2018
Sentybrın 11-də Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iştirak ediblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Konfransı AHİK-nın sədri, millət vəkili Səttar Möhbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq, konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Konfrans iştirakçıları Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi,Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib.
Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlunun namizədliyi irəli sürülüb.Açıq səsvermə nəticəsində Səfər İbrahimov Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri vəzifəsinə seçilib. S. İbrahimov ona göstərilən etimadı doğruldacağına və ittifaq üzvlərinin sosial, məişət və iqtisadi problemlərinin həllində yaxından iştirak edəcəyinə söz verdi.
Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımların atılğını bildirib. Komitə sədri Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin yaradılmasını da bu istiqamətdə atılan mühüm və mütərəqqi addımlardan biri kimi qiymətləndirib və gömrük işçilərinin sosial məsələlərinin həllində birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda çıxış edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.