AZ | RU | EN
AZ | EN | RU

Göstərdikləri hünərə layiq qayğı görürlər

10 Oct 2019

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəmir yolu sektorunun inkişafı, yenidən qurulması və müasirləşməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr ardıcıl olaraq, yüksək keyfiyyətlə həyata keçirilir.

Dövlət proqramına uyğun olaraq yol təsərrüfatı sağlamlaşdırılır, lokomotiv və vaqon parkları yenilənir, tikinti, quruculuq işləri ildən-ilə daha geniş vüsət alır. Tutduğu mövqedən asılı olmayaraq, dəmiryolçular, sözün həqiqi mənasında, ölkəmizin tərəqqisi naminə əsl hünər göstərirlər. Göstərdikləri hünərə layiq də qayğı görürlər. Tərəfdaş olaraq deyim ki, “ADY” QSC-nin rəhbərliyi dəmiryolçuların sosial-iqtisadi problemlərinin həllini öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. “ADY” QSC ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanmış sazişdə razılaşdırılmış öhdəliklər də bunu təsdiq edir. Sazişdə istisnasız olaraq bütün öhdəliklər məhz işçilərin maraqlarına hesablanıb. Artıq 2020-2022-ci illər üçün yeni saziş imzalamağa hazırlaşırıq. Sazişdə işçilərin maddi rifah halının yaxşılaşdırlması, iqtisadi problemlərin həlli istiqamətində yeni güzəşt və imtiyazlar əksini tapacaq. Sazişə əsasən, həmkarlar ittifaqının qarşısında duran əsas məsələlər təhlükəsiz iş şəraitinin yaradılması, işçilərə tutduğu vəzifəyə, peşəsinə, ixtisasına və əməyinin nəticələrinə uyğun layiqli əməkhaqlarının, uzunmüddətli iş stajına görə aylıq mükafatların verilməsi, ehtiyacı olan işçilərin mənzillə təminatı, işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkili və sairədir. Vurğulayım ki, son 3-4 ildə “ADY” QSC-nin sədri Cavid Qurbanovun diqqət və qayğısı nəticəsində dəmiryolçular ailəsinə 200-dən artıq yeni mənzil verilmişdir. Bundan başqa, orta aylıq əməkhaqqı artırılaraq 526 manata çatdırılmışdır. Ötən yay mövsümündə “Lokomotiv” İstirahət Mərkəzində yüzlərlə dəmiryolçu ailəsi ilə birlikdə dincəlmişdir. 300 nəfərə yaxın dəmiryolçu respublikanın sanatoriyalarına yollayışlarla təmin edilib.
Hər il “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, F.Ağayev adına “İlin qabaqcıl maşinisti” adı altında müsabiqələr keçirilir. Müsabiqələrə ilin sonunda yekun vurulur. Müsabiqələrin qalibləri diplom, Fəxri Fərman və pulla mükafatlandırılırlar.
Əmək və müharibə veteranlarına, xəstələrə, əlillərə, məcburi köçkün ailələrinə, maddi vəziyyəti ağır olan dəmiryolçulara yardımlar göstərilir. Sentyabr ayında dəmiryolçuların peşə bayramına həsr olunmuş spartakiada keçirilib. Proqramına minifutbol, voleybol, stolüstü tennis və sair idman növlərinin daxil olduğu spartakiadanın final yarışlarında ümumilikdə 200-dən artıq dəmiryolçu iştirak etmişdir. Rəyasət Heyətinin qərarına əsasən, 1-ci yeri tutmuş komandaya kubok, diplom və 2000 manat pul, 2-ci yeri tutmuş komandaya diplom və 1800 manat pul, 3-cü yeri tutmuş komandaya isə diplom və 1500 manat pul mükafatı verilmişdir.
Diqqətinizə çatdırdığım qısa məlumatdan da göründüyü kimi, təşkilatımız, imkanı daxilində, dəmiryolçuların həm yüksək istehsalat nəticələri göstərməsi, həm müxtəlif tədbirlərdə iştirak etməklə işdən mənəvi zövq alması, həm də şəxsi həyatını rifah içində yaşaması naminə səylərini əsirgəmir. Biz bunu özümüzün vəzifə borcumuz bilirik. Sözümün sonunda qəhrəman sahə işçilərini peşə bayramları münasibətilə təbrik edirəm.
 
 Fəzail BAĞIROV,
Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri

 "Ülfət" qəzeti  12 oktyabr 2019-cu il

FAYDALI KEÇİDLƏR