"Həmkarlar İttifaqları “Böyük Qayıdış”a hazırlaşır"
27 Oct 2020
Səttar
Möhbalıyev
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələnməkdədir. Müharibə davam etsə də, artıq işğal altında olan bir çox kəndlərimiz və şəhərlərimiz azad olunub.
Azərbaycan xalqı Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdamın tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qurur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da müharibə davam edərkən “Böyük Qayıdış”a hazırlıq işləri aparılır, azad edilən ərazilərdə bərpa işləri ilə bağlı proqramlar nəzərdən keçirilir.
Ermənilər torpaqlarımızdan tariximizi, izlərimizi silmək üçün hər şeyi talan ediblər. Bütün tarixi abidələrimiz, muzeylər, qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə niyyətinə salınan bulaqlar xarabalıq vəziyyətinə salınıb.
Təəssüf ki, erməni işğalı Həmkarlar İttifaqlarının kurort, sanatoriya və müalicə müəssisələrindən də yan keçməmişdir. İşğaldan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə “İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Çox təəssüf ki, bu sağlamlıq ocaqları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilmişdir.
AHİK-in tərkibində fəaliyyət göstərən və işğala məruz qalan kurort, sanatoriya və müalicə mərkəzlərinin fəaliyyətinin tam bərpa edilməsi, yeni müalicə müəssisələrinin, istirahət evlərinin tikilməsi planlaşdırılır.
Azad olunandan sonra Qarabağ bölgəsi bir turizm cənnəti olaraq hər kəsin diqqət mərkəzində olacaq, doğma torpaqlarımızda əvvəlki kimi gözəl sanatoriyalar, müalicə müəssisələri salınacaqdır. Əvvəlkindən qat-qat yaxşı şərait yaradılacaqdır. Doğma şəhərlərimiz və kəndlərimiz dünyanın ən gözəl güşələrindən birinə çevriləcəkdir.
Eyni zamanda azad olunmuş rayonlarda Həmkarlar İttifaqlarına aid olan idman meydançaları, şahmat məktəbləri və digər idman qurğuları da yenidən qurularaq gənc nəslin istifadəsinə veriləcəkdir.
AHİK tərəfindən azad olunmuş şəhərlərimizdə ilk dəfə olaraq Həmkarlar İttifaqlarının mərkəzləri yaradılacaq və onlar üçün yeni inzibati binaların tikintisi həyata keçiriləcəkdir.