Hesabat dövründə görülən işlər müsbət qiymətləndirilib
17 May 2019
Mayın 17-18-də Moskvada Rusiya Əmək Konfederasiyasının (RƏK) 10-cu qurultayı keçirilib.
Qurultayda RƏK-in
üzv təşkilatlarının 200-dək nümayəndəsi, o cümlədən Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou, BHİK Pan-Avropa
Regional Şurasının (PARŞ) prezidenti və Gürcüstan Həmkarlar İttifaqları
Birliyinin sədri İrakli Petriaşvili, BHİK PARŞ-ın icraçı katibi Anton Leppik,
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə
Moskva ofisinin rəhbəri Olqa Kulayeva, BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri
üzrə işçilərin fəaliyyəti bürosunun rəhbəri Serqius Qlovaskas, BƏT-in Moskva
bürosunun mütəxəssisi Qoça Aleksandriya, Rusiya Dövlət Dumasının Əmək, sosial
siyasət və veteranlarla iş üzrə komitəsinin sədri Yaroslav Nilov, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK), həmçinin Almaniya, Fransa, Hollandiya,
Braziliya, Bolqarıstan, Belarus, Qazaxıstan həmkarlar ittifaqları
konfederasiyalarının üzvləri, ekspertlər, yerli və beynəlxalq birliklərin,
ictimai və elmi təşkilatların nümayəndələri iştirak ediblər.
Qurultayın birinci günü Beynəlxalq Əmək Təşkilatının
(BƏT) 100 illik yubileyinə həsr olunmuş “Birləşmək azadlığı, həmkarlar
ittifaqlarının hüquqları, cəmiyyətin və həmkarlar ittifaqı hərəkatının gündəmi”
adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Çıxış və müzakirələrdən sonra qurultay nümayəndələri tərəfindən
RƏK-in İcraiyyə Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Hesabat ətrafında
çıxış edənlər görülmüş işləri müsbət qiymətləndiriblər. Daha sonra Rusiya Əmək Konfederasiyasının
seçkili orqanları yenidən formalaşdırılıb. Konfederasiyanın Şurasının və nəzarət-təftiş
komissiyasının seçkiləri keçirilib. Boris Kravçenko yekdilliklə Rusiya Əmək
Konfederasiyasının prezidenti seçilib. Sergey Kovalev (Rusiya Aviasiya Dispetçerləri
Federal Həmkarlar İttifaqlarının lideri)
- Baş katib, İqor Kovalçuk (Rusiya Dənizçilərinin Həmkarlar İttifaqları)
- İcraiyyə Komitəsinin sədri, İqor Pavlov - Şuranın sədri, Oleq Şin isə RƏK-in
vitse-prezidenti seçiliblər.
Qurultayda Rusiya Əmək Konfederasiyasına layiqli iş
prinsiplərini təbliğ etmək istiqamətində göstərdiyi fəaliyyətə görə BƏT-in 100
illik yubileyi münasibətilə diplom təqdim olunub.
Qurultayda AHİK sədrinin brinci müavini İlyas Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti iştirak edib.