İcbari tibbi sığortanın tətbiqinə hazırlıq başlayıb
12 Apr 2019
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aprelin 12-də keçirilmiş növbəti Məclisində “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq” məsələsinə baxılıb.
Tədbirdə çıxış edən Respublika Komitəsinin sədri
Emin Əfəndiyev deyib ki, icbari tibbi sığortanın tətbiqi barədə ölkə başçısının
fərmanı həmkarlar ittifaqı tərəfindən dəstəklənib. Ötən iki ildə Mingəçevir şəhərində,
Yevlax və Ağdaş rayonlarında tətbiq olunmuş icbari sığorta ilə bağlı pilot
layihənin icrasında həmkarlar ittifaqları da fəal iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi
sığorta departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti,
sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi və pilot ərazilər üzrə tibbi
statistik göstəricilər barədə iştirakçılara məlumat verib. O həmçinin, tibb
işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması istiqamətində
pilot layihə çərçivəsində atılan addımlardan danışıb, tibb personalının iş
şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən
qurulduğunu və onların maddi-texniki bazalarının gücləndirildiyini diqqətə
çatdırıb.
İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin
yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Monitorinq, təhlil və
aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri,
universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri
barədə çıxış edib. Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər
üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat
müəyyənləşdirilib. A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən
azad olunan əhali qrupları barədə də danışıb.
Agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin
müdiri Şərafət İsmayılova icbari tibbi sığortanın xidmətlər zərfi barədə də
məlumat verib.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül
Ələkbərov deyib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin
olunması üçün şöbələr yeni struktura uyğun formalaşdırılıb, kadrlar yeni
struktura uyğun yerləşdirilib və tibb müəssisəsinin maddi-texniki bazası yenilənib.
Sonra Məclis
üzvlərini maraqlandıran suallar cavablandırılıb.