İcraiyyə Komitəsinin iclası keçirilib
15 Feb 2019
Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.
İclası AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açaraq
gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Səttar Möhbalıyev son günlər ölkə başçısı tərəfindən əhalinin
sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib:
“Bilirsiz ki, Azərbaycan dövləti Avropa Sosial Xartiyasına qoşulub. Burada
götürülən öhdəliklərdən biri də yaşayış minimumunun tədricən orta aylıq əməkhaqqına
çatdırılmasıdır. Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin
fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi bu
siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan
siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının bilavasitə
iştirakı ilə baş tutur. Düşünürəm ki, bu qərarların növbəti illərdə də ardı
olacaq.
Həmçinin məlumdur ki, ölkə üzrə minimum aylıq əməkhaqqının
məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Bu məbləğdən aşağı həddə
heç bir qurumda əməkhaqqı verilə bilməz”.
AHİK sədri ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri
əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin
martın 1-dən 16000 (on altı min) vahid artırılacağını bildirib. Bununla bağlı
Prezident İlham Əliyevin Sərəncam imzaladığını deyib.
Bundan başqa, ölkə başçısı “Doktorantlara, ali təhsil,
orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin
verilməsi haqqında” Sərəncam imzalayıb. Həmçinin ölkəmizdə təhsil sahəsində ən
yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə
Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği
210 (iki yüz on) manat müəyyən edilməsi haqqında Fərman imzalayıb.
S.Möhbalıyev vurğulayıb ki, dövlət başçısı tərəfindən əmək
pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli
sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır.
Prezidentin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə
artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim
olunub. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan
160 manata çatdırılacaq. Bu artımların həyata keçirilməsinə martın 1-dən
başlanacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən
140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.
Bütün bunlar isə, ölkə başçısının çıxışlarında dəfələrlə
qeyd elədiyi kimi, yoxsulluğun aradan qaldırılmasına, insanların sosial rifah
halının yaxşılaşdırılmasına yönəlib.
Həmçinin cari ildə sosial layihələrə daha çox sayda
insanın cəlb ediləcəyini də deyib.
Sonra Səttar Möhbalıyev sədri olduğu AHİK və onun
çoxsaylı üzvləri adından Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.
AHİK sədri bir məsələni də xüsusi vurğulayıb. Deyib ki,
bütün dövlət qurumlarında, şirkətlərdə islahatlar gedir. İslahatlar, təbii ki,
müəyyən hallarda ştatların ixtisarı və ya birləşdirilməsi ilə müşayiət olunur.
Belə hallarda həmkarlar ittifaqları ştatını itirmiş insanların başqa münasib
işlərlə təmin edilməsinə çalışmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş bütün
hüquqlardan istifadə edilməlidir ki, üzvlərimizin mənafeləri tapdalanmasın.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə
başlanılıb.
AHİK-in İcraiyyə Komitəsinin və aparatının, Gənclər
Şurasının 2019-cu il üçün iş planları, AHİK-in və üzv təşkilatların ümumiləşdirilmiş
büdcəsi və ştat vahidləri təsdiq olunub.
İclasda həmçinin həmkarlar ittifaqı təşkilatlarının
2018-ci il üzrə statistik hesabatı, 2018-ci il ərzində AHİK aparatına daxil
olmuş ərizə və şikayətlərin təhlili, 2018-ci ildə Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının
təhsilinin nəticələri və 2019-cu il üçün təhsil planı, Azərbaycan həmkarlar
ittifaqlarının C.Naxçıvanski adına Hərbi Liseydə mədəni hamilik üzrə
2014-2018-ci illər ərzində həyata keçirdiyi tədbirlərin yekunları və
2019-2023-cü illər üçün tədbirlər planı və həmkarlar ittifaqlarının xidmətində
olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2018-ci il üzrə hesabatı
haqqında məlumatlar dinlənilib.
S.Möhbalıyev iclasda müzakirə olunan məsələlərə münasibət
bildirib.