İnformasiya işçilərinin görüşündə kommunikasiya sahəsində görülən işlərdən danışıldı, təkliflər irəli sürüldü
02 Sep 2019
2019-cu il sentyabrın 2-3-də Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) Union-to-Union layihəsi çərçivəsində MDB və Şərqi Avropa ölkələri milli həmkarlar ittifaqı mərkəzlərinin informasiya işçilərinin subregional görüşü keçirildi.
Görüş Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
mənzil-qərargahında baş tutdu.
Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Belarus,
Gürcüstan, Moldova, eləcə də Serbiya, Bosniya və Hersoqovina, Monteneqrodan
olan həmkarlar ittifaqlarının informasiya vasitələrinin təmsilçilərinin
qatıldığı görüşdə iştirakçılar bir sıra beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının
işi və kommunikasiya strategiyası ilə tanış oldular. Tədbirdə Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının və Avropa Həmkarlar İttifaqları
Konfederasiyasının bu yaxınlarda keçirilmiş konqreslərində müəyyən edilmiş məqsədlərə
nail olunmasına yönəlmiş həmin strategiya və fəaliyyətlər haqqında məlumat
verildi. Mövzu ətrafında Pan Avropa Regional Şurasının icraçı katibi Anton
Leppik, BHİK-in əməkdaşları Qoda Neverauskayte, Anna Salnikova, Samra
Kovaçeviç çıxış etdilər. Anton Leppik bildirdi ki, dünyadakı vəziyyət yeni
soyuq müharibəyə yol açır. Avropa Birliyində “avroskeptisizm” dalğası artsa da,
Avropa Birliyi dünyanın Rusiya, ABŞ və Çin arasında döyüş meydanına çevrilməməsi
üçün mümkün olan hər şeyi etməyə çalışır. “Avroskeptisizm” həm “Brexit”də
(ingilislərin Avropa Birliyindən çıxması), həm də bəzi ölkələrdə milliyyətçi
partiyaların hakimiyyətə gəlməsində özünü göstərir. Bütün bunlar sadə
avropalılara təsir edir. İnsanlar bundan bezdiklərini söyləyirlər. Məsələn,
Macarıstanda həmkarlar ittifaqlarının tətil təşkil etmək hüququ yoxdur, İngiltərədə
isə müvafiq qurumların səlahiyyətli nümayəndələri həmkarlar ittifaqlarının tətilə
başlamaq hüquqlarını ciddi şəkildə məhdudlaşdırmaq üçün mübarizə aparırlar.
Hazırda həmkarlar ittifaqlarının təkcə öz üzvlərini deyil, digər insanları da tətillərə
cəlb etməyi hədəfləyən kampaniyalar aparması vacibdir.
Görüş iştirakçıları qarşısında BHİK-in kommunukasiyaları,
strategiya elementləri haqqında çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
kampaniyalar və kommunikasiyalar şöbəsinin direktoru Tim Nunan 2022-ci ildə
futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı həmin ölkədə
miqrantların qarşılaşdıqları problemlər haqqında danışaraq təmsil etdiyi
təşkilatın bu yöndə fəaliyyəti barədə məlumat verdi. Rusiya Müstəqil Həmkarlar
İttifaqları Federasiyasının sədr müavini, “Solidarnost” qəzetinin baş redaktoru
Aleksandr Şerşukov maraqlı təkliflərlə çıxış etdi.
Təklif etdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin həmkarlar
ittifaqı nümayəndələri növbəti tədbirdə iştirak etsin, informasiya və kampaniya
işinin təşkili ilə bağlı fikirlərini bölüşsünlər: “Hazırda bu barədə, demək
olar ki, heç nə bilmirik. Beynəlxalq həmkarlar ittifaqları strukturları təkcə
dünya həmkarlar ittifaqlarının fəaliyyətini əlaqələndirmir, həm də müxtəlif
elm və təhsil müəssisələri ilə birgə işləyərək ciddi mütəxəssis təcrübələri
aparırlar. Belə təcrübə materiallarının Rusiya üçün də əhəmiyyətli olacağına
inanıram. Dünyanın müxtəlif ölkələrindən olan həmkarlar ittifaqı nümayəndələrinin
birlikdə fəaliyyəti, təkcə iştirakçıların bir- birini tanımağına yox,
beynəlxalq sendikal qurumlara tabe olan təşkilatların fəaliyyətinə də aktiv şəkildə
köməklik göstərməyi təşviq edəcək”.
Daha sonra Avropa Həmkarlar İttifaqları
Konfederasiyasının Mətbuat və kommunikasiyalar şöbəsinin rəhbəri Culian Skola
BHİK-in konqresinin nəticələri, kommunikasiyalar üçün əsas istiqamətlər
haqqında məlumat verdi. Görüşdə PARŞ regionunda əməkhaqları üzrə BHİK-in
flaqman kampaniyası, Şərqi Avropa ölkələrində subregional təşəbbüslər, MDB məkanında
milli kampaniyalar, qlobal iqlim dəyişiklikləri haqqında mövzularda çıxışlar
dinlənildi və müzakirələr aparıldı.
Həmkarlar ittifaqları informasiya işçilərinin bu sətirlərin
müəllifinin də iştirak etdiyi görüşündə ənənəvi olaraq iştirakçılar arasında təcrübə
mübadiləsi aparıldı, ayrı-ayrı ölkələrdə, həmçinin MDB və Şərqi Avropa ölkələrində
yeni trendlər, nailiyyətlər və kampaniyalar, Avropa İttifaqına üzv olan ölkələrdə
informasiyaların yayılması, kommunikasiyalar haqqında diskussiyalar, müzakirələr
keçirildi. “Dəyirmi masa”larda MDB və Şərqi Avropa ölkələrinin həmkarlar
ittifaqı mərkəzlərinin kampaniyaların aparılmasında əldə etdikləri nəticələr və
uğurlar çıxış edənlər tərəfindən diqqətə çatdırıldı.
Nazim AĞAMİROV,
AHİK-in Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri