AZ | RU | EN
AZ | EN | RU

İnkişafa gedən yol dünya təcrübəsinin paylaşılmasından keçir

15 Oct 2019

Oktyabrın 15-də İspaniyanın paytaxtı Madrid şəhərində Qlobal Beynəlxalq Kütləvi İnformasiya və Yayım İşçilərinin Həmkarlar İttifaqları Birliyinin İcraiyyə Komitəsinin iclası olub. 

Dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələrin qatıldığı bu tədbirdə qurumun icraçısı Yohannes Stadinqer ötən müddətdə görülən işlər haqqında hesabat verdi. Qeyd etdi ki, rəqəmsallaşdırma sahəsində Beynəlxalq Əmək Təşkilatı və Aktyorların Həmkarlar İttifaqları Federasiyası ilə birlikdə aparılan 20 illik sosial dialoq nəticəsində Avropadakı tərəfdaşlarımızla ortaq razılığa gələ bilmişik. Natiq onu da diqqətə çatdırmağı lazım bildi ki, bu razılaşmaya baxmayaraq, sahə işçilərinə qarşı diskriminasiya tam aradan qalxmayıb.
Kino və televiziya məhsullarının istehsalında iş şəraiti müasir tələblərə cavab vermir. Bütün bunlar peşəkarlığın təkmilləşməsinə, keyfiyyətin artmasına mənfi təsir göstərir.   Bu qurumun tərkib hissəsi olan Avropa üzrə Kütləvi İnformasiya və Yayım İşçiləri Həmkarlar İttifaqları Birliyinin Madriddə oktyabrın 17-də baş tutmuş İcraiyyə Komitəsinin iclasında da uğurlardan daha çox mövcud problemlərdən danışıldı.
İspaniyanın həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iş şəraitinin heç də yaxşı olmadığını dedilər.  Mövcud problemlərin pərdəarxası məqamlarını açıqladılar. Onların həlli yollarına dair təkliflərini səsləndirdilər.  Birliyin prezidenti Villyam Monye kollektiv müqavilələrin hazırlanması, icrası barədə məruzə etdi. 
İcraiyyə Komitəsinin iclasları arasında “Rəqəmsallaşdırma” şüarı altında “Film və televiziya istehsalında iş şəraiti”, “Qadınlar şəbəkəsi” və “Yayımın gələcəyi” mövzularında konfranslar təşkil olundu. 
Həm icraiyyə komitəsinin iclaslarında, həm də konfranslarda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidov da çıxış etdilər. C. Səttarova dedi ki, Azərbaycanda mənəvi sərvətimizə dövlət qayğısı yüksək səviyyədədir. Bu sahənin tərəqqisinə xidmət edən çox sayda dövlət proqramı qəbul olunub. Respublika Prezidenti cənab İlham Əliyev elə bu yaxınlarda sənət adamları, o cümlədən kino işçiləri ilə görüşüb. Hər birini diqqətlə dinləyib. Bildirilən məsələlərin operativ həllinə dair göstərişlər verib.
C.Səttarova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də sədri olduğu sahə həmkarlar ittifaqlarının mədəniyyət, o cümlədən kino və televiziya işçilərinin əmək, sosial hüquqlarının qorunması, əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması, istirahətinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açdı.
Z.Həmidov isə çıxışında dedi ki, inkişafa gedən yol dünya təcrübəsinin paylaşılmasından keçir. Təklif etdi ki, beynəlxalq təşkilatlar bu məsələyə diqqəti artırmalıdırlar.

FAYDALI KEÇİDLƏR