AZ | RU | EN
AZ | EN | RU

İntellekt səviyyələrinin yüksək, məntiqlərinin güclü olduğunu sübut etdilər

13 Apr 2019

Aprelin 13-də Bakıdakı “Monolit Plaza” otelində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Respublika Komitəsinin üzv təşkilatları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Oyunun açılışında çıxış edən Respublika Komitəsinin sədri Hikmət Osmanov bilik və məntiq yarışına hazırlaşan iştirakçılara uğurlu nəticələr arzulayaraq deyib ki, ilk dəfədir bizim sahə üzrə belə kütləvi intellektual oyun keçirilir. Bu təşəbbüsümüz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) gənclər siyasətinin qarşımıza qoyduğu vəzifələrin reallaşdırılması məsuliyyətindən irəli gəlir.
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev bizim bu təşəbbüsümüzü bəyənmiş və xeyir-duasını vermişdir. Əgər oyun uğurlu alınsa, yəqin ki, gələcəkdə digər sahələr də öz üzvlərinin intellektual səviyyəsinin daha da inkişafına təkan verəcək belə yarışların keçirilməsinə təşkilatçılıq edəcək.
H.Osmanov oyunun mənəvi tərəflərinə də aydınlıq gətirib. Deyib ki, həmkarlar ittifaqlarının mühüm missiyalarından biri də xalqımızın gələcəyinin təminatçısı olan savadlı, vətənpərvər gənc nəsil formalaşdırmaq işində dövlətimizə kömək göstərməkdir. AHİK sədri dəfələrlə çıxışlarında bunu sahə həmkarlar ittifaqlarına xatırladıb, tövsiyələrini verib. Bu sahədə bizi təşəbbüskarlığa çağırıb.
H.Osmanov sədri olduğu qurumun yarışların təşkili sahəsində gördüyü işlərdən də söz açıb: “Bu, böyük tədbirdir. Biz hər şeyi dəqiqliklə ölçüb-biçmişik. Çünki adi səhvimiz oyunun istənilən kimi alınmasına imkan verməzdi. Biz bu yarışa ciddi hazırlaşmışıq. İndi söz sizindir. Göstərin görək siz necə hazırlaşmısınız?”

 Təxminən 4 saat davam edən yarışda, hər birinin heyətində 6 iştirakçı olan, 32 komanda Azərbaycan İntellektual Oyunlar Federasiyasının hazırladığı 48 suala cavab tapmağa çalışıb.
Əksər komandaların ilk dəfə belə yarışlara qoşulmasına baxmayaraq, mübarizə gərgin keçib. Nəticələri göstərən elektron lövhədə sualdan - suala yerlər dəyişirdi. Məhz sonuncu sual cavablandırılandan sonra məlum oldu ki, “ASAN xidmət” komandası III, “İqtisadiyyat” komandası II yerləri tutublar. Qalib adını isə “Kapital Bank” intellektləri qazanıblar.

Sonda qalib komandaya keçici kubok, 1000 manat məbləğində pul mükafatı təqdim olunub. İkinci və üçüncü nəticə göstərmiş komandalara isə, müvafiq olaraq, 600, 300 manat pul mükafatı və xatirə hədiyyələri verilib.

FAYDALI KEÇİDLƏR