AZ | RU | EN
AZ | EN | RU

İş yerlərinin ixtisarı sürətlə artır, dünya işçilərinin, demək olar ki, yarısı dolanışıq mənbəyini itirə bilər

06 May 2020

COVID-19 pandemiyasının əmək bazarına təsiri barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son məlumatları göstərir ki, bu virus bütün dünyada qeyri-rəsmi iqtisadiyyatda çalışanlar və yüz milyonlarla müəssisə üçün fəlakətli ola bilər.

COVID-19 pandemiyası səbəbindən qlobal iş vaxtı kəskin şəkildə azalmağa davam edir. Bu da qeyri-rəsmi iqtisadiyyatda çalışan 1,6 milyard işçinin və ya dünya işçi qüvvəsinin yarısının yaxın gələcəkdə dolanışıq mənbəyini itirə biləcəyi təhlükəsindən xəbər verir.
“BƏT Monitor: COVID-19 və iş dünyası” bülleteninin üçüncü sayında verilən məlumatlara görə, 2020-ci ilin ikinci rübündə iş saatlarının azaldılması proqnozdan xeyli çox olacaqdır. Yəni ötən ilin IV rübü ilə müqayisədə 10,5 faiz artacaq ki, bu da 305 milyon işçinin tam iş vaxtı deməkdir. Halbuki əvvəllər bu göstərici üzrə azalma 6,7 faiz səviyyəsində proqnozlaşdırılırdı. Proqnozun dəyişdirilməsi izolyasiya tədbirlərinin uzadılması və genişləndirilməsi ilə bağlıdır. Regionlar üzrə vəziyyəti təhlil etsək, ikinci rübdə Amerika qitəsində iş vaxtının həcminin 12,4 faiz, Avropa və Mərkəzi Asiyada 11,8 faiz azalması gözlənilir. Digər regional qruplar üçün proqnozlar bu rəqəmlərə yaxındır və bütün hallarda 9,5 faizdən çoxdur.
Böhranın ilk ayında qeyri-formal iqtisadiyyatda çalışanların gəlirləri 60 faizə qədər azalıb. Bununla yanaşı, Afrika və Amerika qitəsində azalma 81 faiz, Asiya-Sakit Okean Regionunda 21,6 faiz, Avropada və Mərkəzi Asiyada 70 faiz təşkil etmişdir. Alternativ gəlir mənbələri olmadığı halda, bu işçilərin və onların ailələrinin yaşamaq üçün heç bir vəsaiti qalmayacaqdır.
Son iki həftə ərzində iş yerlərinin bağlanması ilə bağlı tövsiyələr və ya tələblər olan ölkələrdə yaşayan işçilərin sayı 81 faizdən 68 faizə düşmüşdür. Bülletenin ikinci buraxılışında (7 aprel) gözlənilən 81 faizlə müqayisədə bu göstəricinin azalması ilk növbədə Çində vəziyyətin dəyişməsi ilə izah olunur. Digər ölkələrdə iş yerləri azalmaqda davam edir. Bütün dünyada ciddi uğursuzluqlar iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrində fəaliyyət göstərən 436 milyondan çox müəssisəyə real təhlükə yaradır. Topdansatış və pərakəndə ticarətdə onların sayı təxminən 232 milyon, emal sənayesində 111 milyon, mehmanxana biznesi və ictimai iaşə sahəsində 51 milyon, daşınmaz əmlak ticarəti və digər kommersiya fəaliyyəti sahələrində 42 milyon təşkil edir.
BƏT işçilərə və müəssisələrə, xüsusilə kiçik müəssisələrə, qeyri-rəsmi iqtisadiyyatda işləyənlərə və digər həssas təbəqələrə dəstək olmaq üçün təcili, məqsədyönlü, çevik tədbirlər görməyə çağırır. Milyonlarla işçi üçün gəlir çatışmazlığı yemək, təhlükəsizlik və gələcəyin olmaması deməkdir. Artan pandemiya və məşğulluq sahəsində böhran zamanı ən həssas olanları qorumaq ehtiyacı aktuallaşır.
İqtisadiyyatın canlanmasına yönələn tədbirlər ilk növbədə iş yerlərinin yaradılması, məşğulluq sahəsində fəal siyasətə söykənmək və əmək bazarı institutlarının möhkəmləndirilməsi, hərtərəfli və zəruri resurslarla təmin edilmiş sosial müdafiə sisteminə əsaslanmalıdır. Səmərəli və uzunmüddətli bərpanın təmin edilməsi üçün ən vacib şərt iqtisadiyyatın stimullaşdırılması və borc yükünün yüngülləşdirilməsinə yönəlmiş tədbirlərin beynəlxalq əlaqələndirilməsidir. Burada beynəlxalq əmək normaları əsas ola bilər. Hansı ki, bu normalar artıq üçtərəfli əsasda dəstəklənir. Dünyanın hər yerində milyonlarla müəssisə son nəfəsdədir. Onların nə yığımları, nə də kredit götürmək imkanları var. Bu, əmək sahəsinin bugünkü reallığıdır. Əgər biz indi kömək etməsək, onlar, sadəcə, məhv olacaqlar.
 
Qay RAYDER,
BƏT-in Baş direktoru

FAYDALI KEÇİDLƏR