“İşçilər hüquqlarını bilməli və müdafiə olunmalıdırlar”
07 Dec 2019
Dekabrın 5-də Ankara “Böyük Anadolu” Otelində “Türk-İş”Həmkarlar İttifaqları Konfederasiyasının 23-cü qurultayı keçirilib.
Dekabrın 7-də başa çatan tədbirdə qeyri-hökumət
təşkilatı rəhbərləri, “Türk-İş”ə üzv olan təşkilatların nümayəndələri və çoxlu sayda işçi iştirak
edib. “Türkiyədə
Türk İş var” və “Əməyimizdən və vətənimizdən imtina etmərik” şüarı ilə təşkil
edilən tədbirdə qurumun Baş katibi Pevrul Kavlak giriş nitqi söyləyib. O, “Türk-İş”in ətrafında birləşən bütün
üzvləri salamlayıb.
Baş katibin açılış nitqindən sonra çıxış edən “Türk-İş”in
sədri Ergün Atalay qurumun üzvlərin sayına görə Türkiyənin ən böyük təşkilatı
olduğunu açıqlayıb.
Bildirib ki,
hazırda 1 milyon üzvümüz var və yaxın 4 ildə bu rəqəmi 1,5 milyona çatdırmağı hədəfləyirik.
Davam edən minimum əməkhaqqı danışıqlarına toxunan E.
Atalay “Hak-İş” və DİSK-in bu mövzuda fikirlərini aldığını xatırladıb: “Bir
insanın yaşayış minimumu 2578 türk lirəsidir. Bundan aşağı hər hansı bir rəqəm
üzərində razılıqdan söz gedə bilməz. İşdən çıxarılma zamanı təzminat ödənilməyən
üzvlərimiz var. Bu barədə tənzimləmələrin aparılması üçün hər cür dəstəyə
hazırıq”.
E. Atalay pensiya yaşının təyini ilə bağlı mövzuya
toxunaraq bildirib ki, öncə qeyri-formal məşğulluğun faizini azaltmalıyıq.
Hazırda bu rəqəm 35 faizdir. Bununla bağlı addımlar atılarsa, qeyri-formal məşğulluqda
çalışanlar qeydiyyata alınacaq, nəticədə vergi ödənişləri artacaq. Hazırda 17
milyonluq işçinin, sadəcə, 2 milyonu həmkarlar ittifaqı təşkilatlarının
üzvüdür. Bununla bağlı məsuliyyət hökumətin, işəgötürənlərin və bizim üzərimizə
düşür.
E. Atalay Somada 301 mədənçinin həyatını itirməsini
xatırladaraq əmək qəzalarını və görülməli işləri diqqətə çatdırıb. Ticarət mərkəzlərində çalışan
işçilərin hüquqlarının qorunmasından söz açan E.Atalay ölkədə 300 böyük ticarət mərkəzində 500 minə yaxın
işçinin çalışdığını bildirib. Gündəlik 10 saatdan çox çalışmalı olan bu işçilər
hüquqlarını bilməli və müdafiə olunmalıdırlar.
İrqçiliyin
sağalmaz yara olduğunu deyən E.Atalay Suriyadan ölkəyə gələn qaçqınların vəziyyəti
ilə bağlı araşdırma aparıldığını və yaxın zamanda bütün müəssisə və təşkilatlarla
da nəticələrin paylaşılacağını deyib.
23-cü
qurultayda beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri də daxil
olmaqla, 40-a yaxın xarici qonaq iştirak edib. Qurultayda Ergün Atalay yenidən
“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Tədbirdə
AHİK sədrinin müavini Cavanşir Alxasovun
başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. C. Alxasov öz
çıxışında AHİK sədri Səttar Möhbalıyevin iştirakçılara təbrikini çatdırıb və
qurultaytın işinə uğurlar arzulayıb. Tədbir
əsnasında AHİK sədrinin müavini Qazaxıstan , Albaniya, Gürcüstan, Ukrayna,
Belarus və digər ölkələrin nümayəndə heyətləri ilə görüşüb və qarşılıqlı fikir
mübadiləsi aparıb.