AZ | RU | EN
AZ | EN | RU

İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

21 Aug 2019

Avqustun 21-də İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbiri giriş sözü ilə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb, gündəlikdə duran məsələlər barədə məlumat verib.
Əvvəlcə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2019-cu il üçün iş planı, Baş Kollektiv Sazişin layihəsini hazırlayan işçi qrupunun siyahısı təsdiq olunub.

Sonra AHİK-in 24 oktyabr 2013-cü il tarixli “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı ilə fəaliyyət planı haqqında” arayış təqdim edilib. Arayışda qeyd edilib ki, AHİK-in məclis və iclaslarında bir çox aktual problemlərlə yanaşı, veteranların sosial müdafiəsi məsələsi, veteran şuralarının əsas aparıcı qüvvəsi olan daimi komissiyaların fəaliyyətinin canlanması üçün şəraitin yaradılması müzakirə olunur, həmkarlar ittifaqı işçilərinə “Əmək veteranı” adı və vəsiqəsi verilir. AHİK Milli Məclisdə veteranların problemlərinin həlli ilə bağlı qanun yaradıcılığı prosesində iştirak edir. Qanunlara dəyişiklik və əlavələr edilməsinə nail olmaqla onları günün tələblərinə uyğunlaşdırır.

AHİK-in üzv və tabeliyindəki bütün təşkilatlardan daxil olan hesabatlara əsasən məlum olur ki, onlar Azərbaycan Respublikasının “Veteranlar haqqında”, “Sosial xidmət haqqında”, “Müharibə, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” və digər bunun kimi qanun və normativ aktlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə, tədbirlər planlarının qəbul edilib həyata keçirilməsinə məsuliyyətlə yanaşırlar.

İl ərzində veteran və veteran ailələri nümayəndələrindən müraciətlər daxil olur. Onlara problemlərinin həllində mümkün köməklik göstərirlər. Veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsi, mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə ardıcıl işlər aparılır. Bu istiqamətlərdə fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyə orqanları və digər dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə həyata keçirilir.
Arayışda bildirilir ki, həmkarlar ittifaqı təşkilatları işləyən və qeydiyyatda olan bütün veteranlara və onların ailə üzvlərinə qayğı ilə yanaşaraq sahə tarif sazişlərinə, idarə və müəssisələrin bağladığı kollektiv müqavilələrə müharibə iştirakçılarına, həlak olmuş hərbi qulluqçuların ailələrinə, əlillərə, pensiyaçılara, əmək və müharibə veteranlarına müxtəlif növ sosial yardımlar göstərilməsi bəndlərini daxil etmiş, müharibə və əmək veteranları, müharibə əlilləri üçün əlavə güzəşt və təminatlara nail olmuşdur.
Daha sonra “2018-ci ildə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in üzv təşkilatlarında həyata keçirilən işlər barədə” məlumat dinlənildi. Məlumatda bildirildi ki, 2018-ci hesabat ilində Azərbaycan həmkarlar ittifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin və ətraf mühitin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində müəyyən işlər görülmüşdür.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 nömrəli “Əməyin təhlükəsizliyi və sağlamlıq haqqında” Konvensiyası Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirə olunaraq ratifikasiyaya hazırlanmışdır. Həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi üzrə komissiyalar və ictimai müvəkkillər üçün metodik vəsait işlənilmişdir.
“Ümumdünya Əməyin Mühafizəsi Günü” (28 Aprel) və “Ümumdünya Layiqli Əmək Günü” (7 Oktyabr) münasibətilə “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi” devizi altında təşkil olunmuş seminarların işinə əksər şəhər və rayonun müəssisə, idarə və təşkilatlarının 2850 nəfərdən çox həmkarlar ittifaqı üzvü və ictimai müvəkkilləri ilə yanaşı, gənc işçilər də cəlb edilmişlər.

Tədbirlərdə müxtəlif təhlükəsizlik və əmək qanunvericiliyinin tələblərinə aid hazırlanmış xüsusi anket-sorğuda gənc işçilərin iş yerlərində qarşılaşdıqları problemlərə dair sorğular öz əksini tapmışdır. Seminarlarda iştirak edən respondentlərin məlumatları təhlil edilmiş, müvafiq addımlar atılmışdır.

Həmkarlar ittifaqı fəallarının, əməyin mühafizəsi komissiyalarının və ictimai əsaslarla əmək müvəkkillərinin iştirakı ilə yoxlamalar aparılmışdır. Nəticədə 630 işçi standartların tələblərinə uyğun xüsusi geyimlə təmin edilmişdir. Sanitar-məişət otaqları, fərdi və kollektiv mühafizə vasitələri, avadanlıq və qurğuların texniki vəziyyətinin norma və qaydalara uyğunlaşdırılması, işçilərin təlimatlandırılması və biliklərinin yoxlanması üçün təlimat və proqramların hazırlanması sahəsində müşahidə edilən nöqsanlar aradan qaldırılmışdır.
Təqdim olunan arayış və məlumat ətrafında müzakirələr aparıldı. Müvafiq qərarlar qəbul olundu.
AHİK sədri yekun sözü söylədi, sözügedən sahələrdə fəaliyyəti daha da gücləndirmək məqsədilə tövsiyələrini verdi.

 

FAYDALI KEÇİDLƏR