AZ | RU | EN
AZ | EN | RU

İstehsalın inkişafı sosial məsələlərə diqqətdən asılıdır

05 Dec 2018

Dekabrın 5-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib. 

Plenumun gündəliyindəki əsas məsələ “Sahə həmkarlar ittifaqında kollektiv saziş və müqavilələrin bağlanması və onların icrası” olub. Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayevin məruzəsi dinlənilib.
Məruzədə deyilib ki, ölkəmizdə energetikanı inkişaf etdirmək üçün elektrik stansiyalarında və yarımstansiyalarında yenidənqurma işləri aparılır. Yeni müasir texnologiyalı stansiyalar inşa edilir, yeni yüksək gərginlikli xətlər çəkilir. İstehsal edilən enerjinin istehlakçılara keyfiyyətli çatdırılması üçün əlavə tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi istiqamətində də xeyli işlər görülüb.
Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlərdən biri də Sumqayıt Texnologiyalar Parkının yaradılmasıdır. Müasir Texnologiyalar Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik olan elektroenergetika və maşınqayırma sənayesinin müxtəlif çeşidli məhsulları istehsal edilir.
“ATEF Şirkətlər Qrupu” MMC-də də yeni müasir müəssisə və istehsal xətləri istismara verilib. Sənayenin inkişafı minlərlə müasir iş yerlərinin açılmasına səbəb olub.
İşçilərin əmək və sosial-iqtisadi mənafelərini müdafiə edən əsas sənədlərdən biri həmkarlar ittifaqlarının işəgötürənlərlə bağladıqları kollektiv saziş və kollektiv müqavilələrdir. Bu sənədlərdə əmək, sosial-iqtisadi, əməyin mühafizəsi, mədəni-məişət və digər məsələlərə dair münasibətləri tənzimləyən norma və müddəalar, eyni zamanda qanunvericiliyin tələblərinə nisbətən daha geniş və güzəştli şərtlər öz əksini tapır.

Respublika Komitəsi ilə “Azərenerji” ASC arasında bağlanmış kollektiv sazişdə, eləcə də kollektiv müqavilələrdə “Sosial təminatlar və güzəştlər” bölməsində bütün sosial ödəmələrin və mükafatların məbləği birinci dərəcəli işçinin tarif (vəzifə) maaşına əmsal tətbiq etməklə təyin olunur. Bu bölməyə uyğun olaraq müharibə əlillərinə, şəhid ailələrinə 20 Yanvar “Ümumxalq hüzn günü” ərəfəsində, hərbi qulluğu başa vuraraq yenidən müəssisəyə qayıdan işçiyə işəgötürən tərəfindən maddi yardım verilir.

Dövlət, milli, dini bayramlar, “Energetiklər günü” münasibətilə işçilərə, Silahlı Qüvvələr günü münasibətilə Qarabağ, Böyük Vətən, Əfqanıstan müharibələri veteranlarına və Çernobıl qəzasının ləğvinin iştirakçılarına birdəfəlik mükafat verilir.
Kollektiv saziş və müqavilələrin “Əməyin mühafizəsi”nə aid bölməsində əməyin mühafizəsi normalarına və qaydalarına uyğun olaraq iş yerlərinin attestasiyasını, işləyənlərin əməyinin mühafizəsi üzrə təlimini keçirmək və ixtisaslaşdırmaq məqsədilə  görülən tədbirlərə əməkhaqqı fondunun azı 2%-i məbləğində vəsait ayırmaq nəzərdə tutulub. İşçilərin icbari tibbi müayinədən keçirilməsinə maliyyə vəsaitləri ayrılır. Onların peşə xəstəliklərindən və istehsalatda bədbəxt hadisələrdən sığortalanması tam təmin edilib.
Məruzə ətrafında çıxışlar dinlənilib və müvafiq qərar qəbul edilib.
Pienumda Respublika Komitəsinin 2019-cu il üçün büdcəsi təsdiq olunub.

FAYDALI KEÇİDLƏR