Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib
20 Sep 2019
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması ilə bağlı iclas keçirilib. Təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların həmkarlar təşkilatlarından 112 nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının
Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov həmkarlar ittifaqının cəmiyyətdəki
rolu, məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib. Fuad Məmmədov
bildirib ki, həmkarlar ittifaqları işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş
hüquqlarının təmin olunması və qorunmasında mühüm rol oynayır.
İclasda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini
Seyfəddin Talıbov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox
böyük dəstək tədbirləri həyata keçirilir: “Aqrar sektora diqqət və qayğı, həyata
keçirilən tədbirlər kənd təsərrüfatının davamlı inkişafına şərait yaradır. Bu
ilin ilk yarısında aqrar sektorda artım 13% təşkil edib ki, bu da son illər ərzində
rekord göstəricidir”.
Seyfəddin Talıbov Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar
İttifaqı Komitəsinin roluna da toxunub və Komitənin fəaliyyətini yüksək qiymətləndirib.
O, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə
dəstək göstərdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə
təşəkkür edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr
müavini Aqil Dadaşov təmsil etdiyi qurumun Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar
İttifaqı Birliyinə davamlı dəstək göstərəcəyini qeyd edib. O, Birliyin beynəlxalq
miqyasda əlaqələr quracağına və beynəlxalq təcrübədən faydalanacağına əminliyini
ifadə edib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq Kənd Təsərrüfatı
İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması məsələsi səsverməyə
çıxarılıb və yekdilliklə qəbul olunub.
İclasda, həmçinin Birliyin sədrinin, eləcə də rəhbər
orqanlarının - Məclis və Rəyasət heyətinin tərkibinin seçilməsi məsələsinin
müzakirəsinə başlanılıb.
Tədbir iştirakçıları tərəfindən yekdilliklə namizədliyi
irəli sürülmüş Fuad Məmmədov Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı
Birliyinin sədri seçilib.
İclasda digər təşkilati məsələlərə baxılıb, səsvermə yolu
ilə 35 nəfərdən ibarət Məclis, o cümlədən 11 nəfərdən ibarət Rəyasət heyətinin
tərkibi müəyyənləşdirilib.
İclasda çıxış edənlər həmkarlar ittifaqının əmək münasibətlərinin
tənzimlənməsində rolundan, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və
sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən danışıblar.