AZ | RU | EN
AZ | EN | RU

Komissiyanın növbəti iclası keçirilib

25 Oct 2018

Oktyabrın 25-də Moskva şəhərində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) əməyin mühafizəsi, ekologiya, sağlamlıq və sosial təminat məsələləri üzrə Komissiyasının iclası keçirilib. 

Tədbirdə əvvəlcə təşkilati məsələyə baxılıb. Komissiyanın üzvlərinin sayı 44 nəfərdən 30 nəfərə qədər azaldılıb. 19 nəfər üzv yeniləri ilə əvəz edilib. Azərbaycandan komissiya üzvlərinin sayı daha iki dəfə artırılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, “Elektroprofsoyuz” Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Vasiliy Bondarev və Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Aleksandr Safonov komissiyaya həmsədr seçiliblər.
ÜHİK-in İcraiyyə Komitəsinin noyabırın 1-də keçirilməsi nəzərdə tutulmuş iclasına “Region ölkələrinin vətəndaşlarının pensiya təminatı, üzv ölkələrin qarşılıqlı fəaliyyət təcrübəsi, qanunverici orqanların icra hakimiyyəti tərəfindən bu problemlərin həlli barədə” məruzə müzakirəyə çıxarılıb. Sonra “Bir sıra MDB ölkələrində və Gürcüstanda pensiya islahatlarının aspektləri”, “Rusiyada pensiya sisteminin inkişaf perspektivləri”, “Avroaziya iqtisadi ittifaqı məkanında işçilərin pensiya təminatının inkişaf perspektivləri” mövzularında məruzələr dinlənilib.
Gündəlikdə duran digər bir məsələ - “Müasir mərhələdə əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti”nə dair təqdimat ətrafında  fikir mübadiləsi edilib. İclasda ÜHİK- in VII qurultayından ötən 5 il müddətində aparılan işlər barədə də məlumat verilib.

İclasda Cavanşir Alxasov “Azərbaycan həmkarlar ittifaqlarının strategiyası - sağlam və təhlükəsiz iş şəraitinin təkmilləşdirilməsinə doğru” mövzusunda çıxış edib. O, əvvəlcə ÜHİK-in müvafiq departamentinin əməkdaşlarına əməyin mühafizəsi və humanitar problemlərin həllində göstərdikləri informasiya və metodiki dəstəyə görə minnətdarlığını bildirib. Deyib ki, 2016- cı ildə AHİK-in təşəbbüsü ilə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb. Komissiya sosial və iqtisadi problemlərin qanunvericilik səviyyəsində həllinə yardımçı olur. İndiyə qədər bu qurum qanun və normativ aktlara çox sayda düzəliş hazırlayıb. Nazirlər Kabinetinin və parlamentin müzakirəsinə verib. Təkcə Əmək Məcəlləsinə edilən düzəlişlərin sayı 330-dan çoxdur. Bunların da 12,7 faizi əməyin mühafizəsinə aiddir.

C. Alxasov çıxışında həmkarlar ittifaqının layiqli əməklə bağlı dövlət proqramının müddəalarının həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, təşkilatımız fəaliyyətində maarifləndirmə işinə də geniş yer ayırır. Təkcə son 5 ildə həmkarlar ittifaqı təşkilatı 870 zona seminarı keçirib. Seminarlara rayon, şəhər komitələrinin, ilk təşkilatların, əməyin mühafizəsi üzrə komissiyaların sədrləri dəvət ediliblər. Bütövlükdə iştirakçıların sayı 27090 nəfər olmuşdur.
Natiq əməyin mühafizəsi ilə bağlı digər məsələlərə də toxunub və təkliflərini səsləndirib.
Sonda komissiya üzvləri müvafiq qərarlar qəbul ediblər.

FAYDALI KEÇİDLƏR