AHİK-in kadr siyasəti KONSEPSİYASI
30 Sep 2003
Konsepsiyanın hazırlanmasında həmkarlar ittifaqlarının, onların birliklərinin ölkə və xarici həmkarlar ittifaqlarının təcrübəsi nəzərə alınmışdır. Konsepsiya AHİK-in üzv təşkilatları, müxtəlif səviyyəli həmkarlar ittifaqı təşkilatları üçün kadr siyasətinin həyata keçirilməsində uzunmüddətli perspektiv sənəddir.
1. Kadrlarla işin vəziyyəti
Hazırda Azərbaycan Həmkarlar İttifaqlarında 1300-dən artıq ştatlı həmkarlar ittifaqı işçisi vardır ki, onlardan da 651 nəfəri rəhbər vəzifəsində çalışır.
Kadr siyasəti məsələləri AHİK-in II qurultayının sənədlərində öz əksini tapmışdır. Həmkarlar ittifaqında kadrlarla iş problemləri öyrənilmiş, kadrların təhsili və təkmilləşdirilməsi, gənclərin həmkarlar ittifaqına cəlb edilməsi sahəsində iş daha da gücləndirilmişdir.
Bu sahədə aparılan işi bir sıra cəhətdən müsbət hesab etməklə bərabər, qeyd olunmalıdır ki, narahat edici meyillər da yox deyildir. Həmkarlar ittifaqı kadrları arasında gənclərin azlığı diqqət çəkir. Rəhbər kadrların yaşlaşma prosesi dərinləşir. Ötən hesabat-seçki kompaniyası praktik olaraq həmkarlar ittifaqlarında kadrların vəziyyətini dəyişmədi. Təhlil göstiərir ki, AHİK-in üzv təşkilatlarının rəhbərlərinin arasında 30 faiz 50 yaşınadək, 45 faiz 60-dək, 25 faiz isə 60 yaşdan yuxarı olanlardır. Seçkili həmkarlar ittifaqı orqanları, xüsusilə orta və yuxarı vəsilələr əsasən azad həmkarlar ittifaqı təşkilatları işçilərindən formalaşır ki, onların arasında da gənclər azlıq təşkil edir. Perspektivli şəxslərin irəli çəkilməsi sistemi qurulmamış, kadr ehtiyatları ilə məqsədyönlü iş aparılmır, həmkarlar ittifaqı daxili fəaliyyəti məsələlərinə diqqət azalmış, onların sosial müdafiəsi üçün əlavə imkanlar yaradılmamışdır.
2. Kadr siyasətinin əsas məqsəd və prinsipləri
Kadr siyasəti AHİK-in və onun üzv təşkilatlarının bütün idarəetmə fəaliyyətinin tərkib hissəsidir. AHİK-in kadr siyasətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyası, əmək və sosial qanunvericilik, «Həmkarlar ittifaqları haqqında» Qanun, həmçinin Əmək Məcəlləsi, Nizamnamə və AHİK-in bir sıra tövsiyələri təşkil edir. Onun məqsədi – sosial partnyorları ilə bərabər səviyyədə professional dialoq aparmağı bacaran, savadlı və səmərəli şəkildə əmək adamının sosial- iqtisadi mənafelərini müdafiə edən kadr potensialının təkmilləşdirilməsi və inkişafı sistemini yaratmaqdır.
Kadr siyasətinin əsas məqsədi sosial tərəfdaşlarla bərabər səviyyədə professional dialoqu aparacaq, işçinin sosial- iqtisadi maraqlarını səmərəli və bacarıqla müdafiə qabiliyyətli kadr potensialının formalaşması və inkişafı üzrə sistemin yaradılması,
- həmkarlar ittifaqı kadrlarının sosial müdafiəsi sisteminin işlənib həyata keçirilməsi,
- gənclər və gender siyasətinin vəziyyətini nəzərə almaqla həmkarlar ittifaqı kadrlarının ehtiyatının yaradılması Konsepsiyanın perspektiv üçün (2003-2008 illər) məqsədlərini təşkil edir.
- Həmkarlar ittifaqında səmərəli işləməsi, şəxsi potensialın inkişafı və həyata keçirməsi üçün kişi və qadınlara bərabər imkanlar yaradılması;
- əmək qanunvericiliyinə riayət olunması;
- demokratik prinsiplərə əməl etməklə rəhbər kadrların seçilməsi (təyin edilməsi) prosesinin şəffaf keçirilməsi, o cümlədən qadınların rəhbər vəzifələrə seçilməsini (təyin edilməsini) təmin etmək üçün paritetin gözlənilməsi;
- qabiliyyətli və hazırlıqlı kadrların həmkarlar ittifaqı orqanlarının aparatlarında işə seçilib yerləşdirilməsinin müsabiqə variantına üstünlük verilməsi;
- yüksək tələbkarlıq və obyektivliklə kadrların qiymətləndirilməsi;
- kadrların hazırlığının və həmkarlar ittifaqı təhsilinin sistemli və fasiləsiz təşkili;
- varislik gözlənilməklə həmkarlar ittifaqı kadrlarının sistematik yeniləşməsi;
- həmkarlar ittifaqı kadrlarının sosial güzəştlərlə təminatı;
- rəhbər kadrların seçilib yerləşdirilməsində (təyin edilməsində) yuxarı həmkarlar ittifaqı orqanlarının iştirakı, Konsepsiyanın əsas prinsipləridir.
3. Kadr siyasətinin əsas istiqamətləri
3.1. Kadrların seçilməsi, ehtiyat kadrların təkmilləşdirilməsi, hazırlanması və yerləşdirilməsi üzrə sistemli, məqsədyönlü işi həyata keçirmək.
Kadr və fəalların seçilməsinin əsasını həmkarlar ittifaqlarında və digər təşkilatlarda ictimai işlərdə, yeni fəaliyyət sahəsində özünü göstərmiş, hazırlıqlı, təşəbbüskar, ünsiyyətcil və hörmət qazanmış işçilərin aşkar olunması təşkil edir. Bu iş məqsədyönlü, daimi və sistematik olaraq həyata keçirilməlidir.
Bu işin planlaşdırılmasının əsasını:
- seçkili işçilərin və aparat əməkdaşlarının yerləşdirilməsinə təsir edən faktorları müəyyənləşdirmək;
- həmkarlar ittifaqlarının sahələr üzrə inkişafını nəzərə almaqla kadr ehtiyacını proqnozlaşdırmaq;
- kadrlara olan gələcək ehtiyacların təmin edilməsi üçün proqram işləyib hazırlamaq təşkil edir;
Kadrların və fəalların seçilməsi aşağıda göstərilən yolla həyata keçirilir:
- işçinin və fəalların professional və şəxsi keyfiyyətlərini öyrənmək;
- həmkarlar ittifaqı işindəki fəaliyyətini qiymətləndirmək, onların arasında daha hazırlıqlılarını seçmək;
- geniş aşkarlıq;
- həmkarlar ittifaqı üzvlərinin və yuxarı həmkarlar ittifaqı orqanlarının rəyini nəzərə almaq;
- həmkarlar ittifaqının gənclər və gender siyasətini nəzərə almaq;
Kadrların seçilməsinin meyarları:
- təhsili, professionallığı, təcrübəsi, işgüzar və şəxsi keyfiyyətləri;
- həmkarlar ittifaqı üzvlərinin ehtiyac və maraqlarını bilməsi;
- seçkili həmkarlar ittifaqı işinə namizədlərin yaşı;
Kadr ehtiyatları dedikdə, gələcəkdə həmkarlar ittifaqı işində istifadə etmək üçün əsasən gənclər arasından seçilmiş perspektivli şəxslər başa düşülür.
Kadr ehtiyatının formalaşdırılmasının məqsədi:
- bütün səviyyələrdə varislik prinsipinə əməl etməklə həmkarlar ittifaqı kadrlarının və fəallarının yeniləşdirilməsi, onların işinin səmərəliliyinin yüksəldilməsi,
- rəqabətli mühitin yaradılması,
- peşə və xidmət yüksəlişinin həvəsləndirilməsi;
- tapşırılan işə görə məsuliyyətin artırılması;
Kadr ehtiyatları ilə işin əsasını, onların mütəmadi olaraq təhsilinin artırılması, kollegial orqanların işində, kütləvi tədbirlərdə və s. iştirakına şəraitin yaradılmasını təşkil edir.
Kadrların ehtiyat tərkibi müvafiq həmkarlar ittifaqı orqanı tərəfindən təsdiq edilir. Bu işin əsas göstəricisi ona ehtiyacın olmasıdır.
3.2. Həmkarlar ittifaqı işinin əsaslarının gücləndirilməsi və həmkarlar ittifaqı kadrlarının və fəallarının fəaliyyətinin həvəsləndirilməsi.
Həmkarlar ittifaqları işinin əsaslarının gücləndirilməsi dedikdə həmkarlar ittifaqı işçisini, fəalını, muzdlu işçilərin, həmkarlar ittifaqı üzvlərinin maraqlarının müdafiəsi üzrə fəaliyyətlərində səmərəliliyin artırılmasına həvəsləndirmək başa düşülür.
Həmkarlar ittifaqı işinin əsaslarının gücləndirilməsi aşağıdakılar vasitəsilə həyata keçirilir.
- vəzifələri haqqında məlumatlılıq;
- hər bir həmkarlar ittifaqı işçisinə və fəalına özünü realizə etmək, bütün yaradıcılıq imkanlarını açmaq üçün şəraitin yaradılması;
- xüsusilə fərqlənən işçilərin müxtəlif dövlət və həmkarlar ittifaqı təltiflərinə layiq görülməsi;
- həmkarlar ittifaqı üzvlərinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılması;
- həmkarlar ittifaqı işi ilə məşğul olmaq üçün maddi həvəsləndirmə amillərinin yaradılması;
- hüquqi kömək edilməsi,
- həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri üçün təcrübəli kadrlardan ibarət məsləhətçilər institutunun yaradılması;
- həmkarlar ittifaqı işçilərinin əmək haqqı sisteminə yeni mövqedən yanaşılması;
- həmkarlar ittifaqlarının kollegial orqanlarda qadın və gənclər üçün kvotaların tətbiq edilməsi;
3.3 həmkarlar ittifaqı təhsil sisteminin gələcək inkişafı və onun səmərəliliyinin artırılması.
Həmkarlar ittifaqlarının kadr potensialının inkişafını müəyyən edən əsas şərtlərdən biri təhsildir. Onun əsas məqsədi isə aşağıdakılardır:
- həmkarlar ittifaqı liderlərində, digər işçilərdə biliklərin, vərdiş və bacarıqların inkişaf etdirilməsi;
- həmkarlar ittifaqı kadrlarının, fəallarının və həmkarlar ittifaqı üzvlərinin məlumatlılığının gücləndirilməsi;
- professional biliklərinin dərinləşməsində həmkarlar ittifaqı kadrlarının şəxsi maraqlarının yüksəldilməsi;
Həmkarlar İttifaqları veteranlarının müsbət təcrübəsinin təbliği.
Həmkarlar ittifaqlarının təhsil sistemi tələb edir:
- maariflənmə; ilk dəfə seçilən həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsili; ixtisasartırma; peşə hazırlığı;
-təhsilin müxtəlif metod və formaları, növləri:
- auditoriyadaxili, auditoriyadan kənar, əyani, qiyabi məşğələlər, təkmilləşmə, internet, təcrübə keçmək;
- daimi seminarlar, həmkarlar ittifaqı hərəkatının aktual problemlərinə dair kurslar;
- mühazirələr, diskussiyalar, oyunlar, treninqlər, proqramlaşdırılmış təhsil və s;
3.4. Həmkarlar ittifaqı kadrlarının və fəallarının işinin müntəzəm olaraq obyektiv qiymətləndirilməsi.
Həmkarlar ittifaqı kadrlarının və fəallarının əməyinin obyektiv qiymətləndirilməsi həmkarlar ittifaqı kadr siyasətinin vacib şərtlərindən sayılır. O sistemli xarakter daşımalıdır. Kadrların və fəalların işinin qiymətləndirilməsi şərtləri və qaydaları yuxarı həmkarlar ittifaqı orqanları tərəfindən müəyyənləşdirilir;
Həmkarlar İttifaqı kadrlarının və fəallarının işinin səmərəliliyinin qiymətləndirilməsinin cəhətləri aşağıdakılardır:
- Müəssisədə, təşkilatda, sahələrdə layiqli və vaxtında ödənilmiş əmək haqqı;
- iş yerlərinin saxlanması və inkişafı;
- təhlükəsiz əmək şəraitinin təmin olunması;
- həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin səviyyəsi;
- icraedici və maliyyə intizamının gözlənilməsi və s.
Həmkarlar ittifaqı kadrlarının və fəallarının qiymətləndirilməsi üçün müasir texnologiyalardan, test üsullarından, anketləşdirmədən, attestasiyalardan, mütəmadi hesabatlardan (üzvlər və yuxarı orqanlar qarşısında) istifadə olunmalıdır. Həmkarlar ittifaqı təşkilatlarının aşağı vəsilələrinin rəhbərləri, yuxarı orqanlar tərəfindən qiymətləndirilir.
3.5. Kadr siyasətinin həyata keçirilməsi üçün maliyyə imkanlarının birləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi.
Kadr siyasətinin vacib şərtlərindən biri möhkəm maliyyə təminatıdır.
Buna aşağıdakı yolla nail olmaq mümkündür:
- AHİK-in və üzv təşkilatların maliyyə siyasətinə sözsüz əməl olunması;
- hər bir həmkarlar ittifaqı büdcəsindən, o cümlədən tabelikdə olan təşkilatların («Kurort» SC, AHİTA, Mədəniyyət Sarayı və s.) gəlirlərindən həmkarlar ittifaqı kadrlarının təhsilinə ayırmaların müəyyənləşdirilməsi;
- həmkarlar ittifaqlarının maliyyə ehtiyatlarının faydalı şəkildə istifadə olunmasında üzv təşkilatların qüvvəsini səfərbər etmək;
- əlavə vəsaitlər cəlb etmək, həmkarlar ittifaqı təhsil fondları yaratmaq və i.a.
- həmkarlar ittifaqı kadrlarının təhsilinə həmkarlar ittifaqı büdcəsindən 6 faizindən aşağı olmamaq şərtilə vəsait ayırmaq;
4. Kadr siyasətinin idarəetmə səviyyəsi
Həmkarlar ittifaqlarında vahid kadr siyasətinin həyata keçirilməsi məqsədəuyğundur. Bu iş yerlərdə sahə, ərazi səviyyələrində həmkarlar ittifaqı təşkilatlarının müvafiq seçkili orqanları, aparatların struktur bölmələri, təşkilatı və kadr işi üzrə komissiyaları vasitəsilə həyata keçirilir.
Kadr siyasəti həmkarlar ittifaqı strukturlarının müxtəlif səviyyələrində aşağtıdakı funksiyaların yerinə yetirilməsini nəzərdə tutur;
AHİK:
- Kadr siyasəti Konsepsiyasının qəbul edilməsi və onun yerinə yetirilməsi üzrə kompleks tədbirlərin işlənməsi;
- Kadr siyasəti Konsepsiyasının müddəalarının normativ sənədlərə uyğunlaşdırılması;
- işin əlaqələndirilməsinə və üzv təşkilatların kadr siyasətinin həyata keçirilməsinə nəzarət;
- kadr siyasətinin yerinə yetirilməsi üçün maliyyə bazasının təkmilləşdirilməsi ;
- həmkarlar ittifaqı işçiləri üçün hüquqi və sosial təminatlar sisteminin yaradılması;
- həmkarlar ittifaqı kadrlarının və fəallarının hazırlanması sisteminin təkmilləşdirilməsi;
- üzv təşkilatlarının rəhbərlərinin və həmkarlar ittifaqı kadrlarının digər kateqoriyalarının ixtisaslarının artırılması;
- AHİK-in üzv təşkilatlarının kadrlarla iş təcrübəsinin ümumiləşdirilməsi və yayılması;
- Həmkarlar ittifaqı işçilərinin vəzifələrinin siyahısının və onların ixtisas xüsusiyyətlərinin işlənib hazırlanması;
- Həmkarlar ittifaqı işçilərinin həmkarlar ittifaqı təltifləri ilə mükafatlandırılması və dövlət təltiflərinə təqdim edilməsi;
- AHİK-in bölgüsünə əsasən həmkarlar ittifaqlarının kadrlarının təkmilləşdirmə kurslarına cəlbi;
5. Kadr siyasəti Konsepsiyasının yerinə yetirilməsi mexanizmi və gözlənilən nəticələr:
Konsepsiyanın yerinə yetirilməsi aşağıdakıları nəzərdə tutur:
AHİK-in praktik fəaliyyətini əhatə edən kompleks tədbirlərin və proqramların 2003-2008-cı illərdə işlənib həyata keçirilməsi;
Konsepsiyanın yerinə yetirilməsi həmkarlar ittifaqlarına müasir idarəetmə metodlarına və texnologiyalara yiyələnərək problemləri həll etməyi, sosial tərəfdaşlarla professional dialoq aparmağı, işçilərin sosial - iqtisadi mənafeyini müdafiə etməyi bacaran adamlar cəlb edəcəkdir.
Yekun:
Konsepsiyanın həyata keçirilməsi Azərbaycanda həmkarlar ittifaqı hərəkatının inkişafına, təşkilatı birliyinin səviyyəsinin yüksəlməsinə, həmkarlar ittifaqlarının cəmiyyətdəki rolunun güclənməsinə, həmkarlar ittifaqı üzvlərinin sosial - iqtisadi və əmək hüquqlarının müdafiəsində onların səmərəli fəaliyyətlərinin artmasına təkan verəcəkdir.
AHİK-in təşkilat işləri və məlumat şöbəsi