AZ | RU | EN
AZ | EN | RU

Kopenhagendə görüşlər

08 Dec 2018

Xəbər verdiyimiz kimi, dekabrın 2-dən 7-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçrilib. 

Dünyanın qlobal iqtisadi, sosial problemlərini gündəmə gətirən ali məclisin iclaslarında 132 ölkədən 1200 nəfərdən çox nümayəndə iştirak edib. Qurultayda qloballaşan iqtisadiyyatın yaratdığı problemlərə qarşı mütəşəkkil mübarizə, planetimizdə sülhün bərqərar olmasından ötrü həmrəylik çağırışları səsləndirilib. Həmkarlar ittifaqlarının bir təşkilat kimi fəaliyyətini davam etdirməsi üçün vəzifələr müəyyənləşdirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev də çıxış edərək BHİK-in hesabat dövründəki fəaliyyətinə münasibət bildirib, bu qurumun növbəti 5 ildə həyata keçirməli olduğu vəzifələrə toxunub.
Qurultay sonda qətnamələr və bəyanat qəbul edib və rəhbər orqanlara seçkilər keçirilib. S.Möhbalıyev növbəti müddətə BHİK-in vitse-prezidenti seçilib.

Qurultay günlərində S.Möhbalıyev beynəlxalq həmkarlar ittifaqı liderləri ilə də görüşüb. BHİK-in yenidən seçilmiş Baş katibi Şaron Barrou ilə görüş qarşılıqlı təbriklərlə başlayıb. Ş.Barrou Səttar Möhbalıyevə göstərilən etimadı onun beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinin bəhrəsi adlandırıb. Azərbaycan həmkarlar ittifaqlarının BHİK-in ən fəal üzv təşkilatı olduğunu məmnuniyyətlə qeyd edib. Onun namizədliyini sonadək dəstəklədiyinə görə AHİK sədrinə minnətdarlığını bildirib və əminliklə deyib ki, bundan sonra da təşkilatlarımız arasında işgüzar münasibətlər yüksək səviyyədə olacaq.

S.Möhbalıyev görüşdə bildirib ki, vitse-prezident vəzifəsinə namizədliyimin irəli sürülməsində və müdafiə olunmasında Sizin də rəyiniz mühüm rol oynayıb. Buna görə təşəkkürümü qəbul edin. Siz, Baş katib olaraq, dünya həmkarlar ittifaqının mütəşəkkilliyini və mübarizliyini qat-qat artırmaq bacarığına sahibsiniz. Sizin fədakar əməyiniz və təşkilatçılığınız sayəsində BHİK gələcəkdə də dövlətlərin sosial siyasətinə təsir gücünə malik qurum olaraq qalacaqdır.

S.Möhbalıyev söhbətdə BHİK-lə AHİK-in əməkdaşlıq əlaqələrini xatırladıb. Deyib ki, Azərbaycanda BHİK-lə birlikdə onlarla məşğulluq, təhlükəsiz əmək, gənclər, gender bərabərliyi və sair məsələlərə dair konfrans, seminar, dəyirmi masa keçirilib. Həmin tədbirlərdə iştirak edən həmkarlar ittifaqı liderləri, fəalları dünya təcrübəsini öyrənib, yeni fəaliyyət metodlarına yiyələniblər. Təşkilatınızın göstərdiyi maddi-texniki, metodiki kömək də fəaliyyətimizin daha səmərəli olmasına impuls verib. Biz BHİK-in bütün layihələrinə dəstək vermişik, bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik.

Növbəti görüş Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Lizetta Risqordla keçirilib. AHİK sədri öncə bu mühüm qurultayın yüksək səviyyədə Kopenhagen şəhərində təşkilinə görə ev sahibinə təşəkkürünü bildirib. S.Möhbalıyev Danimarkanın son dövrlərdə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin səbəbini düzgün iqtisadi idarəetmənin və sosial dövlət modelinin lazımi səviyyədə tətbiq edilməsi ilə əlaqələndirib.

Xanım Lizetta Risqord Danimarkada azərbaycanlıların yaşadıqlarını qeyd edərək bildirib ki, təşkilatlarımız arasında əlaqələr gücləndirilməli, qarşılıqlı səfərlər təşkil olunmalı və birgə komissiyalar yaradılmalıdır.
Qurultay günlərində yadda qalan görüşlərdən biri də AHİK sədrinin Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gezim Kalaya ilə olub. S.Möhbalıyev son dövrlər Albaniya Həmkarlar İttifaqları Konfederasiyası ilə qurulan əməkdaşlıq əlaqələrinə məmnunluqla toxunub.  Bildirib ki, ötən ilin sentyabr ayında AHİK nümayəndə heyətinin Albaniya Hİ Konfederasiyasının qurultayında iştirakı, eləcə də alban həmkarlarının nümayəndə heyətinin bu ilin fevral ayında keçirilən AHİK-in V qurultayında iştirakı dostluq əlaqələrinin təzahürüdür. Görüşdə Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gezim Kalaya öz təşkilatı haqqında geniş məlumat verib. Deyib ki, təşkilatın çətin günləri artıq arxada qalıb. O, fürsətdən istifadə edərək AHİK sədrini Albaniyaya işgüzar səfərə dəvət edib.

AHİK nümayəndə heyətinin rəhbəri, millət vəkili Səttar Möhbalıyev qurultayın son günü Çin Əmək Federasiyasının prezidenti Çen Çieh ilə görüşüb. S.Möhbalıyev Çin Əmək Federasiyası ilə əməkdaşlığın gücləndirilməsini, təşkilatlarımız arasında qarşılıqlı əlaqələrin artırılmasının zəruriliyini diqqətə çatdırıb. Çin Əmək Federasiyasının prezidenti Çen Çieh AHİK sədrini yüksək vəzifəyə - BHİK-in vitse-prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

FAYDALI KEÇİDLƏR