Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsi ilə bağlı seminar keçirilib
03 Nov 2016
Noyabrın 2-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında «Azərbaycan Respublikasının 2016 -2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri və fəaliyyət planı» mövzusunda seminar keçirilib.
Seminarda AHİK-ə
üzv təşkilatların nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki,
«Layiqli Əmək üzrə Ölkə Proqramı» cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar
olmasına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə
güclü təkan verəcək.
Tədbir müzakirələrlə
davam edib.
Seminar öz işini
noyabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında davam etdirib. Tədbirdə AHİK sədri, millət vəkili Səttar
Mehbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi
Yaşar Həmzəyev, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun baş mütəxəssisi
Serqius Qlovaskas iştirak edib.
AHİK sədri çıxış edərək bildirib ki, BƏT çox doğru
olaraq layiqli əmək anlayışını «Azadlıq, bərabərlik, təhlükəsizliyin təmin
edildiyi və insan ləyaqətinin uca tutulduğu şəraitdə qadın və kişilər üçün
layiqli və məhsuldar əməyin əldə edilməsi imkanları» kimi dəyərləndirir. AHİK
bu dəyərləndirməni tam dəstəkləyir, həmçinin fəaliyyətimizin mühüm istiqamətlərindən
biri hesab edir.
Ölkəmizdə
layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindəndir.
Layiqli Əmək üzrə Ölkə Proqramı da «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyası, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»ndakı milli prioritetlərə əsaslanır.
S.Mehbalıyev
qeyd edib ki, struktur islahatlarının gedişində xarici kapitalla işləyən müəssisələrdə
və iqtisadiyyatın qeyri-formal sektorunda həmkarlar ittifaqı təşkilatlarının
yaradılmasında sahə həmkarlar ittifaqlarına metodoloji yardım göstərilməsi məsələləri
də qarşıda duran vəzifələrdəndir. Bu məsələlərin həyata keçirilməsində BƏT-in
iştirakı və yaxından dəstəyinə böyük ehtiyacımızın olduğu Layiqli Əmək üzrə Ölkə
Proqramında hərtərəfli əks olunmuşdur.
Ölkə Proqramının
prioritetləri və nəticələrini nəzərdən keçirərkən hesab edirik ki, layiqli əmək
Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas məqsədlərindən biri olmalıdır.
BƏT-in mandatına və BƏT-in müqayisəli üstünlük sahələrinə uyğun sektorlarda
mövcud vəziyyət nəzərə alınaraq – inkluziv artım üçün layiqli əmək imkanlarının
və keyfiyyətli iş yerlərinin təşviqi, sosial müdafiənin və iş şəraitlərinin təkmilləşdirilməsi,
əməyin idarəedilməsinin və sosial dialoq mexanizmlərinin gücləndirilməsi üçün
müvafiq addımlar atılmalıdır.
Konfederasiya sədri nəzərə çatdırıb ki, Azərbaycan
hazırda hərtərəfli məşğulluq siyasəti çərçivəsini hazırlayır və ölkənin milli
prioritetlərinə, iqtisadi inkişaf perspektivlərinə və mövcud demoqrafik meyllərinə
əsaslanaraq tam və səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş islahatlar
həyata keçirir. AHİK İşçi Qrupunda iştirak edir. BƏT-in ekspertləri İşçi
Qrupuna texniki dəstək göstərirlər.
BƏT-in texniki dəstəyi
ilə gənc qadın və kişilərə yönəlmiş aktiv əmək bazarı proqamları hazırlanıb tətbiq
olunmaqdadır.
S.Mehbalıyev daha sonra deyib: ”Biz BƏT-in AHİK-ə
struktur islahatlarına dair məsləhət xidmətlərini təqdim etməsini, üzv təşkilatlara
qeyri-rəsmi işçilərlə işləmək və müdafiə olunmayan məşğulluqda olan üzvlərə
münasibətdə daha açıq olmaq üçün metodoloji dəstək göstərəcəyini alqışlayırıq.
Bütün bunlar isə
üzvlərimizin maraqlarının effektiv təmsil və müdafiə etmək, sosial-iqtisadi
siyasətə təsir qabiliyyətini artırılmaq sahəsində AHİK-in potensialını bir daha
gücləndirəcəkdir.
AHİK Layiqli Əmək
üzrə Ölkə Proqramının hazırlanmasında olduğu kimi həyata keçirilməsində də fəal
rol oynayacaqdır”.
BƏT-in Şərqi
Avropa və Mərkəzi Asiya üzrə Bürosunun baş mütəxəssisi Serqius Qlovaskas
bildirib ki, bütün görülən işlər bizim birgə fəaliyyətimizin nəticəsidir. Yeni
vəzifəyə təyin olunmağım əldə olunan nailiyyətlərin daha da artmasına fayda verəcək.
Əlbəttə əməkdaşlığımız davam edəcək. Öncədən onu qeyd edim ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası öz nüfuzuna, fəaliyyət istiqamətinə görə regiounun
qabaqcıl təşkilatlarından biridir.
Son 6 il ərzində
nələri etdiyimizə qısaca nəzər salaraq müəyyən məsələlər barəsində fikir yürütmək
olar. Dörd əsas proqram – Layiqli əmək, əməyin mühafizəsi, miqrantlar problemi
və gənclərin məşğulluğu proqramları üzərində mütəmadi işlər aparılıb. Fəxrlə
deyə bilərəm ki, ötən illər ərzində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə
Bürosu ilə AHİK arasında müəyyən sahələrdə daha sıx və səmərəli əməkdaşlıq
qurulub.
BƏT-in texniki dəstəyi
milli strategiyaların inkişafı sahəsində və qarşılıqlı əməkdaşlığın spektrinin
genişləndirilməsi üçün cəmləşib. Bu gün bizim əməkdaşlıq istiqamətlərini gənclərin
məşğulluğunun artırılması, əmək qanunvericiliyi, sosial müdafiə, əməyin mühafizəsi
və sair bu kimi məsələlər əhatə edir.
Odur ki, diqqətinizi
bir daha Azərbayjan Həmkarlar İttifaqları üçün vacib hesab etdiyimiz bir sıra
problemlərə yönəltmək istərdim.
Bunlar əsasən
qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin
olunması, diskriminasiya hallarının qarşısının alınması problemləridir. Digər tərəfdən
işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, sosial
dialoqun inkişaf etdirilməsi, kollektiv saziş və müqavilələrin sayının
daha da artırılması, o cümlədən təlimatlandırma və maarifləndirmə işlərinin
gücləndirilməsi də önəmli məsələlərdəndir. BƏT və BHİK-in təşəbbüsü, yardımı ilə
həmkarlar ittifaqlarının maarifləndirmə və məlumatlandırma işinin müasirləşdirilməsi
və islahatı həyata keçiriləcəkdir.
BƏT AHİK-ə işçilərin
hüquqları ilə bağlı üzvlərinin istifadə edə biləjəyi effektiv məlumat və
maarifləndirmə şəbəkəsinin yaradılmasında dəstək olacaqdır. AHİK sosial dialoqu
başlatmaq və kollektiv müqavilələr bağlamaq, müqavilələrin əhatə etdiyi işçilərin
sayını artırmaq, kollektiv məsləhətləşmə prosesində səmərəli iştirak, gender bərabərliyinin
təmin olunması və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi ilə bağlı
ekspertiza ilə təmin olunacaqdır.
Sonda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev
Serquis Qlovaskası yeni vəzifəyə - BƏT-in əməkçilərin fəaliyyət bürosunun
Avropa üzrə rəhbəri seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində
uğurlar arzulayıb.