Makronun ermənipərəst mövqeyi
08 Oct 2020
Məni bu məqaləni yazmağa vadar edən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı bəzi xarici ölkələrin, o cümlədən ATƏT-in həmsədr ölkələrindən biri olan Fransanın Prezidenti Emmanuel Makronun tutduğu mövqedir.
Mənim üçün maraqlıdır ki, ATƏT-in Minsk qrupunun 30 ilə
yaxın müddətdə fəaliyyətsizliyi nəticəsində dondurulmuş halda olan problemin həlli
istiqamətində ölkə prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab
İlham Əliyevin rəhbərliyi ilə müzəffər
Azərbaycan ordusunun atdığı inamlı addımlardan Emmanuel Makron nə üçün belə
«narahat» olmuşdur?
Bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin
əsirinə çevirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyət daşıyan
ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən birinin rəhbəri kimi baş verən hərbi
əməliyyatlarda tərəfləri təkcə sülhə dəvət etsəydi başa düşülən olardı. Lakin
Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin
sözçüsü kimi aparır, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer
alır, rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm
siyasətinə qurban verir.
Niyə, nə üçün, nəyin qarşılığında? Hadisələrin inkişafı,
tiraclanan dezinformasiyalar, Makronun beynəlxalq hüquqa və vasitəçilik
missiyasına zidd mövqeyi fonunda bu suallar aktuallaşır.
Sentyabrın 27-dən başlayaraq, Ermənistan bütün cəbhəboyu ərazilərdə
yaşayış məntəqələrini və mülki əhalini hədəfə alıb. Azərbaycan Ordusu əks-əməliyyatlarla
işğalçı ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin bir qismini
azad etdi, hazırda ərazilərimizin düşməndən təmizlənməsi istiqamətində əməliyyatlar
uğurla davam edir.
Ermənistanın məğlub duruma düşdüyünü görən E.Makron isə
heç bir ciddi fakta əsaslanmayaraq guya Suriya və Liviyadan gətirilmiş
muzdluların Azərbaycanın tərəfində döyüş əməliyyatlarında iştirak etməsi barədə
saxta informasiyanı dilə gətirir. Bununla da Makron saxta məlumatlara istinad
etməklə Fransa kimi ölkənin dövlət başçısı postuna adekvat olmadığını sübut
edir. Məqsəd Azərbaycan haqqında yanlış imicin formalaşdırılması, beynəlxalq
ictimaiyyətin diqqətini bölgəyə çəkmək və işğal olunmuş ərazilərin azad
olunması istqamətində həyata keçirilən əməliyyatları bu yolla dayandırmaqdır.
Bunun isə işğalçı ölkənin marağında olduğu məlumdur.
Halbuki Azərbaycanın əksinə olaraq dəqiq faktlarla sübut
olunur ki, bu gün Ermənistan ordusunun tərkibində PKK terrorçuları ilə yanaşı
müxtəlif xarici ölkələrdən cəlb edilmiş etnik ermənilər Azərbaycan silahlı qüvvələrinə
qarşı döyüşürlər. Bu faktı Ermənistanın prezidenti Armen Sarkisyan Əlcəzairin
«Əl-Cəzirə» televiziyasına verdiyi müsahibədə etnik ermənilərin Ermənistan
silahlı qüvvələri tərkibində vuruşduqlarını etiraf etməklə bunun qeyri-adi bir
şey olmadığını hesab edir.
Bununla da fransız prezident Fransanın sülhü yox, işğalı
dəstəklədiyini, Minsk qrupunda həmsədrliklərini şübhə altına aldığını, Azərbaycanın
ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüququ tapdaladığını sübut etmiş oldu.
Ümumilikdə, Fansanın dövlət başçıları hər zaman erməniləri
dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının
tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta ötən il onlara söz
verdi ki, Fransada «erməni genosidi»nin anım günü təyin olunacaq və hər il qeyd
ediləcək. Ermənilərə bu cür dəstək göstərən dövlətin başçısından təbii ki,
başqa mövqe gözləmək absurd bir şeydir.
Haqlı olaraq məndə Makronun qazancının nədən ibarət
olması sualı yaranır.
Hesab edirəm ki, qarşıdan seçkilər gəlir və Makron sürətlə
aşağı düşən reytinqi fonunda nəticələrin onun üçün ürəkaçan olmayacağını
anlayır.
Bəzi araşdırıcı şirkətlərin ötən həftə açıqlanan
hesabatında Fransa prezidentinin, ümumilikdə hökumətin reytinqinin sürətlə
aşağı düşdüyü aydın olur. Hesabatda bildirilir ki, ötən bir ay ərzində Makronu
dəstəkləyənlərin sayı 7 faiz aşağı düşmüşdür. E.Makrona etibarın itməsinin əsas
səbəbi isə əhalinin problemləri ilə, o cümlədən 2 ilə yaxın müddətdə Fransada
davam edən sarı ciletlilərin sosial-iqtisadi məsələlərlə bağlı irəli sürdükləri
haqlı tələblərin yerinə yetirilməməsi, onlara qarşı güc tətbiq edilməsi ilə
insan haqlarının pozulmasına şərait yaradılması və digər problemlərin həllində
lazımsız sərt mövqe tutmasıdır.
Belə olduqda isə Fransada güclü olan erməni diasporu və
erməni seçicilər faktoru önə çıxar. Görünür, E.Makron növbəti seçkilərdə erməni
seçicilərə “xilas yolu” kimi baxır. Makronun milli maraqlarının əleyhinə olsa
belə, açıq şəkildə ermənipərəst mövqeyi ortaya qoymasının əsas səbəblərindən
biri budur. Onun vasitəçilik missiyasının tam ziddinə olan “Hamımız birlikdə
müqavimət göstərəcəyik. Əmin olun” sözləri ilə Ermənistana verdiyi vəd, əslində
Fransadakı erməni seçicilərə verilən vəd idi.
Hesab edirəm ki, Emmanuel Makronun turkofobiya siyasəti,
o cümlədən Dağlıq Qarabağla bağlı məsələdə
tutduğu ermənipərəst siyasət Fransanın Minsk qrupunun həmsədri kimi vasitəçilyini
heçə endirir. Bu baxımdan biz, Fransanın Minsk qrupunun
həmsədrliyində fəaliyyəti barədə konkret münasibət bildirməliyik. Fransa artıq
bitərəf olmadığını ortaya qoyduğu üçün bu missiyadan kənarlaşdırılmalıdır.
E.Makron və onun həmfikirləri dərk etməlidirlər ki, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi,
«Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma dədə-baba
torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan ordusu
öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin
bizim torpağımızda nə işi var? Emənistan ordusunun bizim torpağımızda nə işi
var?»
Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə ordumuz az müddət içərisində işğal altında olan torpaqlarımızın azad
olunmasını təmin etməklə üç rəngli bayrağımızı həmin ərazilərdə
dalğalandıracaqlar. Pezidentimizin dediyi kimi bu qələbə bayraqları azadlıq
meydanında keçiriləcək qələbə paradında nümayiş etdiriləcəkdir.
Yaşasın Azərbaycan Ordusu!!!
Qələbə bizimlədir!!!
AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev