Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AZƏRTAC-ın bir qrup əməkdaşını mükafatlandırıb
04 Mar 2020
Cəmilə Səttarova: Sizinlə birgə keçdiyimiz yollar seçimimizin düzgün olduğundan xəbər verir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb,
təmsil etdiyi qurumun adından təbriklərini çatdırıb.
AZƏRTAC-ın
İdarə Heyətinin sədri Aslan Aslanov həmkarlar ittifaqlarının cəmiyyət həyatındakı
önəmli rolundan danışaraq qeyd edib ki, 100 yaşlı agentliklə Mədəniyyət İşçiləri
Həmkarlar Komitəsi arasında işgüzar əlaqələr və xoş münasibətlər mövcuddur. Mədəniyyət
sahəsində çalışan hər bir işçi öz həyatında komitənin diqqət və qayğısını hiss
edir. Bu baxımdan Cəmilə Səttarovanın xidmətlərini yüksək qiymətləndirən İdarə
Heyətinin sədri deyib: “Siz böyük təşkilatçılıq bacarığınız və zəngin təcrübəniz,
insanlara həssas münasibətiniz sayəsində uzun illərdir bu gərəkli işin və məsul
vəzifənin öhdəsindən məharətlə gəlirsiniz. Minlərlə işçinin sağlamlığı, istirahəti
və digər həyati problemləri ilə bağlı məsələlərin həllinə həmişə diqqətlə
yanaşırsınız. Bu qayğıdan AZƏRTAC-ın
kollektivinə də pay düşür və buna görə sizə minnətdarıq”.
Görüşdə Azərbaycanın son illərdə qazandığı böyük uğurlara
nəzər salınıb, dünyaya öz brendlərini və inkişaf modellərini təqdim etdiyi diqqətə
çatdırılıb. Bütün bu uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı
olduğu vurğulanıb.
Agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolundan danışan
Aslan Aslanov ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı,
Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın dünya
informasiya məkanında layiqli yer tutduğunu, əməkdaşların iş və məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb. Qeyd
olunub ki, bu gün 8 dildə informasiya yayan agentlik ölkəmizin dinamik inkişafı
barədə xəbərləri, Azərbaycan həqiqətlərini, o cümlədən mədəniyyət sahəsində
qazanılan nailiyyətləri dünyaya çatdırır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Cəmilə Səttarova yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv
və peşəkar xəbər təminatı sahəsində ön sıralarda getdiyini vurğulayan Cəmilə Səttarova
təmsil etdiyi qurumun fəaliyyətinin hərtərəfli işıqlandırılmasına görə minnətdarlığını
bildirib.
“Yüz il çox böyük bir yoldur, çox böyük tarixdir. Qürur
hissi ilə deyə bilərəm ki, AZƏRTAC bir
əsrlik yolu şərəflə keçib, tariximizin bu dövrünün salnaməsini yazıb. Azərbaycan
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 115 il əvvəl yaradılıb. Komitəmizin
tarixi həmin vaxtdan başlanır. Fəaliyyətimizin işıqlandırılmasında AZƏRTAC-ın hər zaman böyük
rolu olub. Bu gün jurnalistlərdən təkcə peşəkarlıq deyil, eyni zamanda, yüksək
intellektual səviyyə tələb edilir. Dünyada gedən proseslərdən baş çıxarmaq, ilk
növbədə, Azərbaycanın dövlətçilik maraqlarından, milli mənafelərdən çıxış etmək
vacibdir. Bu baxımdan agentliyinizə müasir dövrümüzdə daha çox ehtiyac duyulur.
Əminəm ki, informasiya-kommunikasiya texnologiyaları nə qədər dəyişsə də, müstəqil
Azərbaycan dövlətinin əsas informasiya ruporu olan AZƏRTAC daim
yaşayacaq. Birgə keçdiyimiz yollar ondan xəbər verir ki, seçimimiz düzgündür. Hər
zaman AZƏRTAC-ın
dəstəyini görürük. Onun imzası ilə buraxılan hər bir informasiya dürüstlüyü və
obyektivliyi ilə seçilir. İnsanlar sizə inanır və etibar edirlər. Hesab edirəm
ki, bu amil kollektivinizin əsas uğur göstəricisidir”.
Görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi adından AZƏRTAC-ın
İdarə Heyətinin sədri Aslan Aslanova xatirə hədiyyəsi təqdim olunub, bir qrup əməkdaş
Fəxri fərmanlarla mükafatlandırılıb.