AZ | RU | EN
AZ | EN | RU

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib

05 Dec 2019

Dekabrın 5-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin dördüncü plenumu keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ötən müddət ərzində keçirilən tədbirlərə toxunub.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ildə imzaladığı fərman və sərəncamlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməkdədir. Eyni zamanda həmin fərman və sərəncamlara əsasən, yüz minədək tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının və pensiyaların 90 faiz artırılması dövlətin adıçəkilən sosial təbəqəyə diqqət və qayğısının əyani təsdiqidir.

Tədbirdə xüsusi qeyd edilib ki, Azərbaycan Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə sentyabr ayının 1-dən ölkə üzrə minimum əməkhaqqının 250 manat müəyyənləşdirilməsi mədəniyyət işçilərinin də hədsiz sevincinə səbəb olub. Çünki bu, mədəniyyət sahəsində çalışan təxminən 10 min nəfərin də əməkhaqqının 40 faiz artımı deməkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyətini və tarixi hadisə kimi yadda qaldığını diqqətə çatdıran məruzəçi onu da bildirib ki, əməyin mühafizəsi üzrə yerlərdə həmkarlar ittifaqı komitələrində metodiki təlimlər keçirilib, bu istiqamətdə onlara kömək göstərilib. Son iki ildə MİHİ-nin Saatlı, Sabirabad, İmişli, Neftçala, İsmayıllı və digər rayon komitələri tərəfindən əməyin mühafizəsi ilə bağlı görülən işlər araşdırılıb.

Ümumiyyətlə, əməyin mühafizəsi MİHİ-nin fəaliyyət sferasına daxil olan əsas məsələ kimi daim diqqət mərkəzində saxlanılıb. "Əmək sferasının gələcəyi - iş yerində layiqli və təhlükəsiz əmək şəraiti” mövzusunda "dəyirmi masa”lar, "Layiqli əmək - ədalətli sosial iqtisadiyyata gedən yoldur” devizi ilə seminarlar təşkil edilib. Mingəçevir, Yevlax, Ağdaşda pilot layihə kimi icbari tibbi sığortanın da tətbiq edildiyini vurğulayan komitə sədri onu da bildirib ki, bu layihə özünü doğrultduğu üçün 2020-ci ildən başlayaraq bütün ölkədə tətbiq olunacaq.
Plenumda MİHİ-nin Şamaxı, Sabirabad, Astara və digər rayon komitələrinin sədrləri çıxış edərək, qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün bütün mövcud potensialdan maksimum istifadəni vacib saydıqlarını bildiriblər.

FAYDALI KEÇİDLƏR