Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd edilib
21 Apr 2016
Aprelin 15-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi təşkilatın 110 illiyi münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində
ittifaqın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub.
Əvvəlcə dövlət himni səsləndirilib və Vətən
torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Bütün iştirakçıları 15 aprel - Beynəlxalq
Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə
təbrik edən MİHİ-nin Respublika Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Cəmilə
Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan
söz açıb.
Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən
danışan C.Səttarova bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini
bildirib. Tarixini 1935-ci ildən başlayan bu gün BMT tərəfindən dünya şöhrətli
rəssam Nikolay Rerixin təşəbbüsü ilə təsis olunub və mədəniyyətin qorunmasına,
hərtərəfli inkişafına və geniş təbliğinə həsr olunur.
Natiq bildirib ki, 2016-cı il Azərbaycanda
“Multikulturalizm ili” kimi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən
vurğulandığı kimi multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən
biridir və vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunur. Bu siyasətin əsaslarını
qoyan ümummilli liderimiz Heydər Əliyev multikulturalizmi azərbaycançılıq
ideologiyasının ən vacib alətlərindən biri kimi qiymətləndirib.
Bildirilib ki, XX əsrin əvvəllərində həmkarlar
ittifaqlarının yaranıb təşkilatlanması həmin dövrdə sənayenin güclü inkişafı,
iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə
ordusunun yaranması ilə bilavasitə sıx əlaqədardır. Azərbaycanda ilk həmkarlar
ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları
tərəfindən yaranmağa başladı. Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar
ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq dekabrın 30-da “Elektriçeskaya
sila” zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə
sonralar “Mazut Konstitusiya” adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən,
Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin bu
ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir.
Natiq deyib ki, hazırda təşkilata üzv
olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və
rayonlarında yerli komitələri mövcuddur. İttifaqın keçdiyi tarixi yol, dəfələrlə
onun üzərinə düşmüş sınaqlarla, mübarizələrlə dolu olub. Şərti olaraq bu yolu
üç mərhələyə bölmək olar: 1903-1920-ci illəri əhatə edən birinci mərhələ həmkarlar
ittifaqının yaranıb, təşəkkül tapdığı dövrü əhatə edir. İkinci mərhələ hesab
edilən 1920-1990-cı illər isə Sovetlər İttifaqı dövründəki fəaliyyətlə
bağlıdır. Üçüncü mərhələ Azərbaycanın müstəqillik əldə etdiyi illərdən, yəni
1991-ci ildən sonrakı dövrə təsadüf edir.
Cəmilə Səttarova vurğulayıb ki, 1993-cü
il fevralın 5-də Azərbaycan Həmkarlar ittifaqları hərəkatı tarixində ən mühüm və
əlamətdar hadisə baş verib. Belə ki, sahə Həmkarlar İttifaqlarının, o cümlədən
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının könüllü birləşməsi əsasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası yaradılıb.
Diqqətə çatdırılıb ki, artıq 1993-cü ildə
dövlətçiliyin xilas edilməsi, Azərbaycan müstəqilliyinin və ərazi bütövlüyünün
qorunması zərurəti yaranmışdı. Məhz belə bir tarixi vaxtda, Azərbaycan xalqının
böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqın tələbi ilə ölkəmizin
düşdüyü müsibətlərdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Tez bir
zamanda Azərbaycan təhlükə qarşısında olan qeyri-sabit, parçalanan və
dağılmaqda olan məmləkətdən Qafqaz regionunun ən perspektivli, aparıcı və sürətli
inkişaf edən dövlətinə çevrildi. Ümummilli Liderin qayğısı və diqqətindən həmkarlar
ittifaqları da kənarda qalmadı. 1994-cü ildə Azərbaycan Respublikasının
tarixində ilk dəfə olaraq “Həmkarlar İttifaqları haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Elə həmin ildə Azərbaycan Həmkarlar
İttifaqları hərəkatı tarixində ilk dəfə olaraq, Respublika Hökuməti ilə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası arasında əmək və sosial-iqtisadi münasibətləri
tənzimləyən baş saziş imzalandı.
O deyib: “Müstəqillik illəri ərzində
bizim ittifaq həm təşkilati-quruluş və ideoloji istiqamət, həm də işçilərin
hüquq və sosial-iqtisadi müdafiəsinin təşkili baxımından öz işini gücləndirib.
Bu gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində 64 şəhər,
rayon komitəsi, 752 ilk təşkilat fəaliyyət göstərir. Yerlərdə 64 ərazi saziş,
xidmətimizdə olan müəssisə və təşkilatların 94 faizində kollektiv müqavilələr
bağlanılıb.
Bundan əlavə, həmkarlar ittifaqı fəaliyyətinin
bütün istiqamətləri üzrə 136 fərdi əmək mübahisələri üzrə, 178 texniki təhlükəsizlik
və əməyin mühafizəsi üzrə, 272 gender bərabərliyi və qadın problemləri üzrə,
221 gənclər üzrə komissiyalar, 7 metodiki mərkəz fəaliyyət göstərməkdədir.
İttifaqımız bir sıra ümumdünya və ümumavropa həmkarlar ittifaqı birlikləri ilə
geniş əlaqələr yaradıb. PSİ, EPSU, UNİ MEİ, FİA kimi qlobal birliklərin
üzvüdür.
Respublikanın ictimai-mədəni həyatında fəal
iştirakına və həmkarlar ittifaqı işində səmərəli fəaliyyətinə görə dövlətimiz tərəfindən
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 3 işçisinə “Tərəqqi”
medalı, altısına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib. Bu, ilk növbədə
Prezidenti İlham Əliyev tərəfindən həmkarlar ittifaqına verilən böyük diqqətin
təzahürüdür”.
Bundan sonra da bu istiqamətdə ardıcıl və
məqsədyönlü iş aparılacağını söyləyən Cəmilə Səttarova artıq bu yönümdə
addımlar atıldığını diqqətə çatdırıb. “Üzvlərimizin və onların ailələrinin
sağlamlığının qorunması üçün 400 nəfərlik “Zəhra” istirahət zonasının tikilməsi
ilə bağlı hazırlıq işləri və sənədləşmələr aparılıb”, - deyə C.Səttarova
vurğulayıb.
Tədbirdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar
Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev, mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət
komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları çıxış edərək Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının bütün üzvlərini təbrik edib və onlara ən xoş
arzularını çatdırıblar.
Azərbaycanda AHİK-in nüfuzunun yüksək
olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını
müdafiə etdiyini vurğulayan natiqlər Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Tədbirdə beynəlxalq təşkilatlardan bir
necə videotəbriklər səsləndirilib.
Sonra MİHİ-nin yaranmasının 110 illiyi
ilə əlaqədar hazırlanmış yubiley medalları və fəxri fərmanlar təqdim olunub. Həmçinin,
AHİK-in fəxri fərmanları təqdim edilib.
Yubiley tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqının sədrinə və bir sıra əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin
“Fəxri mədəniyyət işçisi” döş nişanı verilib.
Sonda MİHİ-nin himni səsləndirilib.