“Məqsədimiz üzvlərimizin təhlükəsiz iş şəraitində çalışması, evinə sağlam qayıtmasıdır”
15 Nov 2019
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin noyabrın 15-də keçirilmiş plenumunda “Müasir şəraitdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu” məsələsinə baxılmışdır.
İclasa sədrlik edən Respublika Komitəsinin sədri Seymur
Orucov giriş sözü söyləmişdir. O, dövlətimizin yeritdiyi, xüsusilə son aylarda
inqilabi islahatlarla yadda qalan sosial siyasətinin digər sahələr kimi rabitə
sistemində çalışan insanların və onların ailələrinin rifah halına da müsbət təsir
göstərdiyini deyərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyev vətəndaşlarımızın
gəlirlərinin artması ilə yanaşı, onların təhlükəsiz əmək şəraitində, layiqli əməyin
tələbləri səviyyəsində yaşamaq və işləmək hüquqlarının da qayğısına qalır.
Bu, həm də həmkarlar ittifaqının öndə olan
missiyalarındandır. Biz plenumda bir daha ilin əvvəlindən bəri əməyin mühafizəsi
ilə bağlı gördüyümüz işləri nəzərdən keçirəcək, yeni hədəflər müəyyənləşdirəcəyik.
Gündəlikdə duran məsələ
barədə Respublika Komitəsi sədrinin müavini Rəşad Səfərov məruzə ilə çıxış
edib.O, çıxışında ilk növbədə diqqəti Respublika Komitəsinin və üzv təşkilatların
tərəfdaşları ilə bağladıqları kollektiv sazişə və kollektiv müqavilələrə çəkib.
Deyib ki, həmkarlar ittifaqı məhz bu sənədlərə əsaslanaraq əməyin mühafizəsi
sahəsində maddi-texniki və maliyyə təminatı üzrə tədbirlər görülməsinə nail
olmuşdur. Respublika Komitəsinin texniki-əmək müfəttişinin müntəzəm apardığı
yoxlamalar, reydlər, baxışlar göstərir ki, əksər rabitə müəssisələrində müasir
texnoloji avadanlıqlar quraşdırılıb. İşçilər üçün təhlükəsiz, rahat iş şəraiti
yaradılıb. Hər bir təşkilata əməyin mühafizəsinə dair təlimatlar paylanıb. Yeni
işə qəbul olunanlar mövcud avadanlıqlarla işləmək, alətlərdən istifadə
qaydaları ilə tanış edilir, təlimatlandırılırlar. Bundan sonra onlara fərdi qaydada
işləməyə icazə verilir. İşçilər xüsusi, mühafizə geyimləri ilə təchiz
olunurlar. Bütün bunlar həmkarlar ittifaqı təşkilatlarının nəzarəti altında həyata
keçirilir.
R.Səfərov bildirib ki, Respublika Komitəsinin texniki əmək
müfəttişinin son üç ildə keçirdiyi 230-dan artıq yoxlamanın nəticələri Rəyasət
Heyətində müzakirə olunub. Daha 4 yoxlama isə dövlət nəzarət orqanları ilə
birlikdə aparılıb. Təqdim edilən arayışların hamısı ciddi şəkildə təhlil
olunub. Aşkara çıxarılmış problemli məsələlər barədə müvafiq müəssisə rəhbərlərinə
yazılı məlumat göndərilib. Məlumatda nöqsanların aradan qaldırılması üçün lazım
olan vaxt da göstərilib. Həmin məsələ həmkarlar ittifaqının nəzarətində
saxlanılıb.
R. Səfərov əməyin mühafizəsi işində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının dəstəyini xüsusi diqqətə çatdıraraq deyib ki,
sahə Hİ AHİK-in əməyin mühafizəsi, layiqli əməklə bağlı hər il keçirdiyi ənənəvi
silsilə seminarlarda, müsabiqələrdə fəal iştirak edir. “Dediklərimizdən də
gördüyünüz kimi, biz üzvlərimizin təhlükəsiz iş şəraitində çalışması, evinə
sağlam qayıtması naminə, səlahiyyətlərimiz daxilində, nə lazımsa etmişik. Amma
bu o demək deyil ki, bütün problemlər həllini tapıb. Bəzi müəssisələrdə
istismar müddətini başa vurmuş, az da olsa, avadanlıq qalmaqdadır. İdarədaxili
nəzarətin zəif olduğu müəssisələr də yox deyil. Təbii ki, biz bu nöqsanların da
aradan qaldırılması üçün lazımi tədbirlər görəcəyik”, - deyə bildirib.
Məruzə ətrafında çıxışlar dinlənilib. Sonra nizamnaməyə dəyişiklik
və təşkilati məsələlərə baxılıb.
Tədbirdə AHİK sədrinin müavini Cavanşir
Alxasov çıxış edib.
Sonda
bir qrup qabaqcıl rabitəçiyə mükafatlar təqdim olunub.