Məsuliyyət məqamı Bütün səylərimizin hədəfi birdi - üzvlərimizin sağlamlığını qorumaq
22 Apr 2020
“Xalqların ən ağır dövrlərində səfərbərlik məqsədilə işlədilmiş “biri hamı, hamı biri uğrunda!” sözləri bu gün daha böyük, mən deyərdim, bütün bəşəriyyət üçün, həyati əhəmiyyət daşıyır. Biz həmkarlar ittifaqı təşkilatı olaraq bu şüarın, bu çağırışın təkcə icraçıları deyil, ilk növbədə daşıyıcıları, öncülləri olmalıyıq”.
Bu sözləri hələ koronavirus sindromları dünya ölkələrinə
yayılmağa başladığı ilk günlərdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev sahə həmkarlar
ittifaqları mərkəzlərinin rəhbərləri ilə görüşdə söyləmişdi. Həmin görüşdə ölkə
başçısı cənab İlham Əliyevin koronavirusun Azərbaycanda yayılmasının qarşısının
alınması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun
tapşırıqları və tövsiyələri geniş müzakirə olundu. Yerinə yetirməli olacağımız
çevik addımlar müəyyənləşdirildi. Qərara alındı ki, hər bir sahə həmkarlar
ittifqı, üzv təşkilatları da daxil olmaqla, görüləcək işlər barədə AHİK nəzdində
yaradılacaq Operativ Qrupa məlumat versin. Xüsusi SMS Məlumatlandırma
Sistemi vasitəsilə əlaqə saxlanılsın.
Digər sahə həmkarlar ittifaqları kimi, Dəmiryolçuların
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi də dərhal koronavirusla mübarizə
kampaniyasına start verdi. Respublika Komitəsinin Rəyasət Heyətinin iclası
çağırıldı. Rəyasət Heyətinin çıxardığı qərara əsasən, Respublika Komitəsinin
tabeliyində olan təşkilatlarda bütün tədbirlər təxirə salındı. İclaslar və vətəndaşların
müraciətlərinin qəbulu mobil telefon və ya internet vasitəsilə həyata
keçirilir. Mart ayının 17-dən sanatoriya-kurort müəssisələrinə yollayışların
verilməsi, dəmiryolunun balansında olan mədəniyyət evi və idman zallarının fəaliyyəti
dayandırıldı.
Həmkarlar ittifaqı işçilərinin beynəlxalq tədbirlərdə
iştirakı təxirə salındı. Sanitariya-gigiyena qaydalarına riayət olunması barədə
geniş maarifləndirmə kampaniysı aparıldı və aparılmaqdadır.
Hörmətli Səttar Möhbalıyevin təşəbbüsü və təklifi ilə
martın 29-da çağırdığınız Rəyasət Heyətinin fövqəladə virtual iclasında qərara
aldıq ki, xarici ölkələrdən təxliyyə olunmuş 110 vətəndaşımızı Nabran qəsəbəsindəki
“Lokomotiv” İstirahət Mərkəzi MMC-də karantində yerləşdirək. Mənim, Respublika
Komitəsinin məsul işçilərinin və MMC-nin əməkdaşlarının iştirakı və nəzarəti ilə
istirahət mərkəzində karantinə alınacaq insanlar üçün hər cür şərait və
rahatlıq yaradıldı. Yataq, xidmət və iaşə otaqları, dəhlizlər, həyət,
avadanlıqlar ciddi dezinfeksiya olundu. Karantinə götürülmüş vətəndaşların, eləcə
də mühafizəçilərin, tibbi personalın ərzaq və digər zəruri ləvazimatlarla təminatına
nəzarət komissiyası formalaşdırdıq. Sadaladığım bu işlərə sərf olunan xərclər
Respublika Komitəsinin büdcəsindən ödənildi.
Şükürlər olsun ki, karantin müddəti salamatlıqla
qurtardı. Xəstəlik qeydə alınmadı.
Aprelin 19-da “Lokomotiv” karantin səbəbi ilə daha 81 nəfər
xaricdən gəlmiş insanlarımıza qapılarını açdı. Biz bu insanlara əvvəlki məsuliyyət
və səxavətlə yanaşırıq. “İnanırıq ki, bu qonaqlarımız da tezliklə sağlam halda
doğmalarına qovuşacaqlar.
Bildiyiniz kimi, dəmiryolu sistemi fəaliyyətini davam
etdirir. Beynəlxalq və daxili yükdaşımalar fasiləsiz olaraq davam etdirilir.
Təbii ki, biz bu sahədə çalışan insanların sağlamlığını
diqqətdə saxlayırıq. “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətin (ADY
QSC) rəhbərliyi ilə əldə etdiyimiz razılaşmaya əsasən, yaşı 60-ı ötmüş işçilər,
əməkhaqları saxlanılmaqla, fəaliyyətlərini ev şəraitində davam etdirirlər.
Azyaşlı uşağı olan işçilərin iş rejimi qısaldılıb. Onların bir çoxu isə növbəli
üsulla işləyir. Bütün iş yerlərində, sərhəd-keçid məntəqələrində, sərnişin
qatarlarının və ölkəyə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya işləri
aparılır.
ADY QSC-nin Həkim Sanitar Xidməti tərəfindən
koronavirusla mübarizə və profilaktika qaydalarını əks etdirən bukletlər
hazırlanmış və təşkilatlara paylanılır.
İşçilər işə başlamazdan əvvəl həkimlər tərəfindən
yoxlanılır, spirt, maska, əlcəklə təmin edilirlər.
Ölkədaxili və beynəlxalq sərnişin qatarlarının hərəkəti
dayandırılmışdır. Abşeron dairəvi elektrik qatarlarının hərəkət cədvəli təkmilləşdirilmişdir.
ADY QSC və onun törəmə cəmiyyətləri Koronavirusla Mübarizəyə
Dəstək Fonduna ümumilikdə 450 min manat vəsait köçürmüşdür
ADY QSC koronavirusu müəyyən edən 10 mindən çox tibbi
müayinə avadanlığını Türkiyədən alıb aidiyyəti üzrə paylaşdırır.
Biz, koronavirus infeksiyası ölkəmizdə tam aradan
qaldırılana qədər, üzvlərimizin sağlamlığının qorunması istiqamətində fəaliyyətimizi
davam etdirəcəyik.