Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisi keçirilib
06 Dec 2019
Dekabrın 6-da Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) IV Məclisi keçirilib. İclası giriş sözü ilə təşkilatın sədri Arif Mərdanov açıb.
2019-cu il ərzində işçilərin sosial-iqtisadi, sağlamlıq
problemlərinin həllində MİHİ-nin gördüyü işlər və qarşıda duran vəzifələr
haqqında əsas məruzəçi kimi MİHİ sədrinin müavini Əlisəfa Bağırov çıxış edib.
O qeyd edib ki, Azərbaycan həmkarlar hərəkatında
metropolitençilərin özünəməxsus yeri formalaşıb. Bunun bir səbəbi ənənəvi metropolitençi
birliyi, digəri isə AHİK rəhbərliyinin və "Bakı Metropoliteni" QSC-nin
rəhbərliyinin tam qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərdir. Cari ildə
imzalanmış kollektiv müqavilədə razılaşdırılmış öhdəliklər də bunun əyani nümunəsidir.
İşçilərin maddi rifahı, sosial-iqtisadi problemlərin həllində güzəşt, mükafat və
imtiyazlar, təhlükəsiz əmək şəraiti, işçilərin və onların ailə üzvlərinin istirahəti,
asudə vaxtının təşkili xüsusi nəzərə alınıb. Cari il noyabr ayının 18-də bütün
işçilərin aylıq vəzifə maaşı 10% artırılıb.
Metropolitendə iş sahələrinin müxtəlifliyi və yüksək təhlükəli
iş yerlərinin olmasını nəzərə alaraq baş verə biləcək qəzaların qarşısının
alınması məqsədilə MİHİ-nin əməyin texniki müfəttişi ictimai müfəttişlərlə birgə
vaxtaşırı olaraq iş yerlərində yoxlamalar aparıb, nəticələri barədə aktlar tərtib
edilib və işəgötürənə və MİHİ-nin sədrinə təqdim edilib. Görülən işlərin və
edilən nəzarətin nəticəsidir ki, 2019-cu ilin 11 ayı ərzində cəmi 1 istehsalat
xəsarəti qeydə alınıb. Qarşıya qoyulan məqsəd isə istehsalat xəsarətlərinin
sayının sıfıra endirilməsidir.
Müəssisədə ən böyük sosial xüsusiyətli layihə 7 daimi yeməkxananın
fəaliyyət göstərməsidir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara
yaxınlaşdırmaq diqqətdədir. Bu mənada, "Xətai" stansiyasında təmir
işlərinin aparıldığı dövr xüsusi qeyd oluna bilər. Burada həmin müddət ərzində yeməkxana
qurulmuşdu. İşçilər naharın təxminən yarısının qiymətini, həm də nəğdsiz ödəniş
ediblər. Bu tip tədbirlərdən bəhs edərkən,
cari il Bilgəhdəki sağlamlıq mərkəzində 2 mindən artıq metropolitençi və ailə
üzvlərinin dincəlməsi, profilaktik müalicə alması qeyd oluna bilər. Həmçinin müəssisənin əmək və müharibə veteranlarına,
əlillərə, maddi vəziyyəti ağır olan keçmiş metropolitençilərə xüsusi güzəştlərlə
dincəlməyə şərait yaradılıb. Onlar da daxil olmaqla 114 nəfərə ölkədəki
sanatoriyalara yollayışlar verilib. Torpaqlarımızın müdafiəsi və Azərbaycanın müstəqilliyinin
əldə olunmasında xüsusi rol oynamış metropolitençilər və onların ailələrinin qayğıları
diqqətdən kənar saxlanmayıb. 2015-ci ildən
MİHİ metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə
600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik
mükafatlar verir. Bu il də istisna olmayıb və 5 belə gənc təltif olunub. Bu xüsusda
bir mükafatın çəkisi ildən ilə artmaqdadır. Artıq 5-ci ildir metropolitendə
"İlin qatar maşinisti" seçilir, ona peşə bayramı günü təntənəli şəkildə
mükafat və diplom təqdim edilir.
“Bakı Metropoliteni” QSC-nin və MİHİ-nin təşkilatçılığı
ilə 119 nəfər metropolitençi İstanbul şəhərinə turist səfərində olublar. Qarşıdan
gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı da istisna olmayacaq.
Ölkənin tarixi və turizm regionlarına səfərlər isə daha kütləvi şəkildə müntəzəm
təşkil edilib Mədəniyyət ocaqlarına, muzey, konsert və tamaşalara, kütləvi-mədəni
tədbirlərə, uşaq əyləncə mərkəzlərinə kollektiv səfərlər də il boyu müntəzəm təşkil
edilib.
Respublika əhəmiyyətli sosial layihələrdə də MİHİ fəaldır.
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi”
devizi ilə hər il AHİK-in xətti ilə keçirilən müsabiqədə davamlı olaraq, metropoliteninin
əmək kollektivləri də fərqlənir. Bu dəfə nəqliyyat və xüsusi texnika departamentinin
avtomotonəqliyyat kolonu qalib sayılıb. AHİK-in digər bir layihəsi "İlin peşəkar
gənci" nominasiyasında fəxri ada 3 metropolitençi layiq görülüb. Elə tədbir
zamanı bu layihə üzrə qaliblərə mükafatlar təqdim edilib. Məruzədə metropolitençilərin
idman nailiyyətləri xüsusi qeyd olunub. Onlar “Zenit” İdman Cəmiyyətinin hər il
keçirdiyi Respublika spartakiadasında fəal iştirak edir və yüksək nəticələr əldə
edirlər. Son 4 ildə iki dəfə qalib, iki dəfə ümumi komanda hesabında 3-cü yeri
tutublar. Cari ildə də yarışlar başa çatıb. 10 növ üzrə yarışlarda 70-dən artıq
metropolitençi iştirak edib və ümumi komanda hesabında 2-ci yeri tutublar.
Məclisin iclasında AHİK sədrinin müavini Aqil Dadaşov
iştirak və çıxış edib.