AZ | RU | EN
AZ | EN | RU

Əməkdaşlıq haqqında memorandum imzalanmışdır

12 Jun 2015

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqı mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu sənəddə hər iki tərəf ölkə daxilində və beynəlxalq təşkilatlar səviyyəsində həyata keçirilən siyasətlərini uyğunlaşdırmaq, təcrübələrini paylaşmaq baxımından öz üzərlərinə öhdəliklər götürmüşdür. Memorandumu Azərbaycan həmkarlar ittifaqı adından AHİK sədrinin müavini Aqil Dadaşov imzalamışdır.

İmzalanma mərasimi iyunun 9-da Astana şəhərində "Kollektiv əmək mübahisələrinin həlli. Təcrübə və perspektivlər" mövzusunda keçirilən konfransda baş tutmuşdur. Konfrans Qazaxıstan həmkarlar ittifaqının yaranmasının 110 illiyinə həsr olunmuşdu. Tədbirdə 18 ölkənin həmkarlar ittifaqı təşkilatının rəhbərləri, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının və Fridrix Ebert Fondunun nümayəndələri iştirak etmişlər.

"Konfransın məqsədi kollektiv əmək mübahisələri üzrə işdə səmərəli üsulların axtarılıb tapılmasıdır. Məlum olduğu kimi, indi bütün dünya çətin iqtisadi böhran içindədir. Həmkarlar ittifaqları qarşılıqlı əmək münasibətlərində yeni qlobal həyəcanlı çağırışlarla üzləşir".

Bu sözləri tədbirdən sonra təşkil olunan mətbuat konfransında Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Abelqazi Kusainov dedi. Onu da söylədi ki, sosial-əmək münaqişələrinin tənzimlənməsi, qarşısının vaxtında alınması məsələsi üzrə toplanmış yaxşı təcrübənin mənimsənilməsi, mübadiləsi əmək adamının layiqli müdafiəsi üçün yeni yanaşmanın işlənib hazırlanmasına imkan verəcək.

Gündəlikdə duran mövzunun aktuallığını digər iştirakçılar da öz çıxışlarında təsdiq etdilər.

BƏT-in İşçilər üzrə Regional Bürosunun baş mütəxəssisi Sergeyus Qlovatskas qeyd etdi ki, konfransda müzakirəyə çıxarılan bu məsələ təkcə Qazaxıstan məkanında deyil, digər ölkələrdə də işçilərin problemlərinin həlli yollarının tapılmasına yardımçı olacaq.

AHİK sədrinin müavini Aqil Dadaşov çıxışının əvvəlində ölkəmizdə əmək mübahisələrinin aradan qaldırılması profilaktikası və həlli ilə əlaqədar mövcud vəziyyət barədə məlumat verib. Deyib ki, həmkarlar ittifaqlarının əmək mübahisələrində iştirakı "Həmkarlar ittifaqları haqqında" qanunda təsbit olunub. Əmək mübahisələrinin predmeti və həlli qaydası isə Əmək Məcəlləsi ilə müəyyən edilir. Qanunvericilikdə yalnız işçilərə və onların səlahiyyətli nümayəndələrinə kollektiv tələblər irəli sürmək və kollektiv əmək mübahisəsinə başlamaq hüququ verilib. İşəgötürənin isə belə bir hüququ yoxdur.

Aqil müəllim onu da qeyd etdi ki, tələblər işəgötürənin iqtisadi imkanlarına uyğun olmalıdır. Kollektiv tələblərə işəgötürən 5 gün ərzində cavab verməlidir.

A. Dadaşov çıxışında gündəlikdə duran məsələnin digər tərəflərinə də geniş yer ayırdı.

Başqa çıxışlar da oldu. İştirakçılar həmçinin Qazaxıstanda sosial-əmək münasibətlərinin səmərəli modelinin formalaşmasında həmkarlar ittifaqlarının rolu, onun fəaliyyətində sistemli dəyişikliklər mövzularında da müzakirələr apardılar.

İyunun 10-da Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının XXIV qurultayı keçirildi. Qurultayda federasiyanın son 5 ildə göstərdiyi fəaliyyətin hesabatı dinlənildi, növbəti 5 il üçün prioritet vəzifələr müəyyənləşdirildi.

Sonda təşkilati məsələyə baxıldı. Abelqazi Kusainov yenidən federasiyanın sədri seçildi.

Məlumat üçün deyək ki, QHİF-in tərkibində 25 sahə, 16 ərazi həmkarlar ittifaqı təşkilatı birləşir. 2,2 milyon üzvü var.

FAYDALI KEÇİDLƏR