AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında iştirak edib
13 Apr 2018
Aprelin 12-də Moskvada Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclası keçirilib.İcraiyyə Komitəsində “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə BƏT konvensiyalarının ratifikasiyası və onlara riayət edilməsi haqqında”məsələyə baxılıb.
Bu barədə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Albert Potapovun məruzəsi dinlənilib.İcraiyyə Komitəsi qeyd edib ki, 2017-ci ilin aprel ayından ötən dövrdə region ölkələrində (Gürcüstanda) BƏT-in cəmi 1 yeni konvensiyası ratifikasiya olunub. Həmin konvensiya, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının verdiyi məlumata görə, noyabr ayında qüvvəyə minəcək.
İcraiyyə Komitəsi BƏT-in əvvəllər təsdiq olunmuş konvensiyalarının region dövlətləri tərəfindən yerinə yetirilməsində çoxsaylı pozuntu hallarının olmasını qeyd edir. Eyni zamanda region həmkarlar ittifaqları mərkəzlərini BƏT-in konvensiyalarının ratifikasıya olunmasına dəstək göstərməyə çağırdı.İcraiyyə Komitəsi Ümumdünya Əməyin Mühafizəsi Gününün və Əmək Müfəttişliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar bəyanat qəbul etdi. Bəyanatda deyilir ki, bəzi azalmalara baxmayaraq, regionun bir çox ölkələrində istehsalat zədələnməsi hallarının səviyyəsi yüksəkdir. İşçilərin böyük hissəsi əlverişsiz şəraitdə işləyir. Artan risk insan və iqtisadi itkilərə səbəb olur.
İcraiyyə Komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək gündəlikdə duran məsələlərə münasibətini bildirdi. İclasda AHİK-in sədr müavini Aqil Dadaşov və Katibi-Aparat rəhbəri Həsən Cəfərov da iştirak etdilər.
Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ümumhəmkarlar İttifaqları Konfederasiyasının “Həmkarlar ittifaqı hərəkatındakı xidmətinə görə” Fəxri qızıl nişanına layiq görüldü.