AZ | RU | EN
AZ | EN | RU

Mövcud vəziyyət təhlil olundu vəzifələr müəyyənləşdirildi

02 Jul 2020

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası iyulun 2-də üzv təşkilatların liderləri ilə videokonfrans keçirib. 

Konfransın moderatoru Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov tədbirin məqsədi, başqa sözlə, gündəlikdə duran məsələlər barədə məlumat verib. Deyib ki, bəlkə də tarixdə nadir hallarda təsadüf olunan hadisədir ki, bütün dünya eyni vaxtda eyni bəlanı yaşayır. Bu bəla nə qədər kədərləndirici, ağır olsa da, bir həqiqəti insanlara xatırlatmaq baxımından ibrətamizdir ki, hamımız bir gəminin sərnişinləriyik, onu qorumaqla bütövlükdə özümüzü qorumuş oluruq. Bu həqiqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sonuncu Zirvə videogörüşündə dünya liderlərinin nəzərinə çatdırdı. Onlara BMT Baş Assambleyasının növbədənkənar sessiyasını çağırmağı, birlikdə çıxış yolu tapmağı təklif etdi.
X.Nəsibov bildirdi ki, koronavirus bəşəriyyətin başının üstünü qəfil aldı. Ən qabaqcıl ölkələr belə bu virusa qarşı mübarizəyə hazır deyildi. Bəzi ölkələr, o cümlədən Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi yanaşaraq, başqa sözlə, koronavirusun gələcəkdə alacağı miqyası hesablayaraq təsirli qabaqlayıcı tədbirlərə start verdi. Beləliklə, vəziyyəti nəzarət altına ala bildi. Altı tibbi laboratoriyanın sayı qısa müddətdə artırılaraq 29-a çatdırıldı. Yaxın günlərdə ölkəmizdə daha 15 laboratoriya quraşdırılacaq.
Geniş maarifləndirici kampaniya aparıldı. Sərt inzibati qaydalar tətbiq olundu. Əhalinin sosial, maddi durumunun qayğısına qalındı.
Xəyyam müəllim onu da təəssüflə bildir di ki, görülən qabaqlayıcı tədbirlər ən yaxşı halda pandemiyanın təsirini azaldır. Hər gün planetimizdə yüzlərlə insan bu bəlanın qurbanına çevrilir. İqtisadiyyat tənəzzülə uğrayır. İstehsal həcmi azalır. Hətta işsizlik az olan ölkələrdə işsizlik kəskin şəkildə artır. Azərbaycan, eləcə də xidmət dairəmizə daxil olan fəaliyyət sahəsi də bu baxımdan istisna təşkil etmir. Bizim bu gün sizinlə onlayn görüş keçirməkdə məqsədimiz pandemiya dövründə ittifaqımızın üzvlərinin dolanışığı, sosial durumu, onlara maddi yardımlar göstərmək, əmək təhlükəsizliyi və sair məsələləri müzakirə etmək və həll yolları axtarmaqdır.
Sonra çıxışlar dinlənildi. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov iaşə xidməti sahəsində işsizlik probleminin daha acınacaqlı həddə olduğunu söylədi. Dedi ki, hazırda bu sektorun işçilərinin təxminən 80 faizi işini itirib. Aşpazlar, ofisiantlar, qabyuyanlar, xadimələr və sairələri günəmuzd işlədiklərindən gəlirsiz qalıblar.
T.Əmiraslanov bir məsələyə xüsusi diqqəti cəlb etdi: Ofisiantların, demək olar ki, hamısı gənc oğlanlardır. İşsizlik, kasıblıq onları pis əməllərə məcbur edə bilər.

Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov maraqlı təkliflə çıxış etdi: Ofisiantların, ümumilikdə iaşə xidmətində çalışan gənclərin xeyli qismi bölgələrdən qazanc dalınca paytaxta gələn və ya doğma rayonda şadlıq evlərində işləyənlərdir. Məlum olduğu kimi, hazırda kənd təsərrüfatında işçilərə ehtiyac var.  Yaxşı ola
rdı ki, onlar kəndlərinə qayıdıb təsərrüfatda əmək fəaliyyətlərini davam etdirsinlər.
Videokonfransda “Turan Bank” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Kəmalə Mustafayeva, Bakı Turizm Peşə Məktəbinin HİK sədri Zöhrab Əliyev, “Azpetrol Ltd” MMC-nin HİK sədri Sabir Məmmədov və başqaları çıxış edərək müxtəlif çıxış yollarından danışdılar. Təklif olundu ki, həmkarlar ittifaqları məşğulluq məsələləri ilə ciddi məşğul olsun, maddi yardımların həcmini və sayını imkan daxilində artırsın. Müntəzəm olaraq müayinə aparsınlar, sosial, əmək məsələlərini nəzarətdə saxlasınlar. Əldə olunan məlumatlar Federasiyanın müvafiq şöbəsinə təqdim olunsun. Həmin məlumatlar Federasiyada təhlil olunub konkret qərarlar qəbul edilsin və növbəti vəzifələr müəyyənləşdirilsin. Belə konfranslar müntəzəm xarakter alsın.

FAYDALI KEÇİDLƏR