Mövcud vəziyyət təhlil olundu vəzifələr müəyyənləşdirildi
02 Jul 2020
“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası iyulun 2-də üzv təşkilatların liderləri ilə videokonfrans keçirib.
Konfransın moderatoru Federasiyanın vitse-prezidenti Xəyyam
Nəsibov tədbirin məqsədi, başqa sözlə, gündəlikdə duran məsələlər barədə məlumat
verib. Deyib ki, bəlkə də tarixdə nadir hallarda təsadüf olunan hadisədir ki,
bütün dünya eyni vaxtda eyni bəlanı yaşayır. Bu bəla nə qədər kədərləndirici,
ağır olsa da, bir həqiqəti insanlara xatırlatmaq baxımından ibrətamizdir ki,
hamımız bir gəminin sərnişinləriyik, onu qorumaqla bütövlükdə özümüzü qorumuş
oluruq. Bu həqiqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Qoşulmama Hərəkatının sonuncu Zirvə videogörüşündə dünya liderlərinin nəzərinə
çatdırdı. Onlara BMT Baş Assambleyasının növbədənkənar sessiyasını çağırmağı,
birlikdə çıxış yolu tapmağı təklif etdi.
X.Nəsibov bildirdi ki, koronavirus bəşəriyyətin
başının üstünü qəfil aldı. Ən qabaqcıl ölkələr belə bu virusa qarşı mübarizəyə
hazır deyildi. Bəzi ölkələr, o cümlədən Azərbaycan pandemiyanın ilk günlərindən
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi yanaşaraq, başqa sözlə,
koronavirusun gələcəkdə alacağı miqyası hesablayaraq təsirli qabaqlayıcı tədbirlərə
start verdi. Beləliklə, vəziyyəti nəzarət altına ala bildi. Altı tibbi
laboratoriyanın sayı qısa müddətdə artırılaraq 29-a çatdırıldı. Yaxın günlərdə
ölkəmizdə daha 15 laboratoriya quraşdırılacaq.Geniş maarifləndirici kampaniya aparıldı. Sərt inzibati qaydalar tətbiq olundu. Əhalinin sosial, maddi durumunun qayğısına qalındı.
Xəyyam müəllim onu da təəssüflə bildir di ki, görülən qabaqlayıcı tədbirlər ən yaxşı halda pandemiyanın təsirini azaldır. Hər gün planetimizdə yüzlərlə insan bu bəlanın qurbanına çevrilir. İqtisadiyyat tənəzzülə uğrayır. İstehsal həcmi azalır. Hətta işsizlik az olan ölkələrdə işsizlik kəskin şəkildə artır. Azərbaycan, eləcə də xidmət dairəmizə daxil olan fəaliyyət sahəsi də bu baxımdan istisna təşkil etmir. Bizim bu gün sizinlə onlayn görüş keçirməkdə məqsədimiz pandemiya dövründə ittifaqımızın üzvlərinin dolanışığı, sosial durumu, onlara maddi yardımlar göstərmək, əmək təhlükəsizliyi və sair məsələləri müzakirə etmək və həll yolları axtarmaqdır.
Sonra çıxışlar dinlənildi. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov iaşə xidməti sahəsində işsizlik probleminin daha acınacaqlı həddə olduğunu söylədi. Dedi ki, hazırda bu sektorun işçilərinin təxminən 80 faizi işini itirib. Aşpazlar, ofisiantlar, qabyuyanlar, xadimələr və sairələri günəmuzd işlədiklərindən gəlirsiz qalıblar.
T.Əmiraslanov bir məsələyə xüsusi diqqəti cəlb etdi: Ofisiantların, demək olar ki, hamısı gənc oğlanlardır. İşsizlik, kasıblıq onları pis əməllərə məcbur edə bilər.
Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov maraqlı təkliflə çıxış etdi: Ofisiantların, ümumilikdə iaşə xidmətində çalışan gənclərin xeyli qismi bölgələrdən qazanc dalınca paytaxta gələn və ya doğma rayonda şadlıq evlərində işləyənlərdir. Məlum olduğu kimi, hazırda kənd təsərrüfatında işçilərə ehtiyac var. Yaxşı olardı ki, onlar kəndlərinə qayıdıb təsərrüfatda əmək fəaliyyətlərini davam etdirsinlər.
Videokonfransda “Turan Bank” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri
Kəmalə Mustafayeva, Bakı Turizm Peşə Məktəbinin HİK sədri Zöhrab Əliyev,
“Azpetrol Ltd” MMC-nin HİK sədri Sabir Məmmədov və başqaları çıxış edərək müxtəlif
çıxış yollarından danışdılar. Təklif olundu ki, həmkarlar ittifaqları məşğulluq
məsələləri ilə ciddi məşğul olsun, maddi yardımların həcmini və sayını imkan
daxilində artırsın. Müntəzəm olaraq müayinə aparsınlar, sosial, əmək məsələlərini
nəzarətdə saxlasınlar. Əldə olunan məlumatlar Federasiyanın müvafiq şöbəsinə təqdim
olunsun. Həmin məlumatlar Federasiyada təhlil olunub konkret qərarlar qəbul
edilsin və növbəti vəzifələr müəyyənləşdirilsin. Belə konfranslar müntəzəm
xarakter alsın.