“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır
03 Dec 2020
Dövlət
İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hər
il üzv təşkilatların əməkdaşlarının iş şəraitinin vəziyyətini yoxlamaq məqsədilə
komissiya yaradır.
Komissiya
üzvləri vəziyyəti yerində yoxlayır, arayış hazırlayır, müzakirə üçün Respublika
Komitəsinə təqdim edir. Respublika Komitəsində arayış müzakirə edilir, müvafiq
tədbirlər görülür. Nöqsanların operativ aradan qaldırılması üçün müəssisə rəhbərlərinə
yazılı müraciət olunur. Müraciətin icrası nəzarətdə saxlanılır. Bu iş üsulu
olduqca səmərəli və təsirlidir. Mövcud vəziyyət də bunu sübut edir. Təsadüfi
deyil ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən il keçirdiyi
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” devizi altında keçirdiyi Respublika baxış-müsabiqəsinə sahənin,
demək olar ki, əksər müəssisələri qatılmışdılar. Özü də hamısı birinci yer həvəsi
ilə. Etiraf edək ki, hər biri də bu həvəsdə haqlı idi.
Mübarizə çox gərgin keçdi. Bütün müəssisələr ən yaxşılar sırasında yer almaqdan
ötrü nə lazımsa etdi. Müsabiqənin gedişi yerli həmkarlar ittifaqlarının əməyin
mühafizəsi komissiyaları tərəfindən izlənilir, qeydlər götürülür, əməli köməkliklər
göstərilirdi.
İş yerlərində müəyyən səbəblərdən təhlükəsizlik qaydalarına müvafiq gəlməyən
nöqsanlar dərhal həllini tapırdı.
Müsabiqənin nəticələri müzakirə olunarkən, bütün komponentlər nəzərə alınmaqla,
üstünlük Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa
Mərkəzinə verildi.
Dekabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında Mərkəzin
nümayəndələrinə müsabiqənin mükafatlarının təqdimetmə mərasimi oldu.
Mərasimdə Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev çıxış etdi. O,
qalib təşkilatın rəhbərliyini və həmkarlar ittifaqının əməkdaşlarını yüksək nəticə
münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Dedi ki, yaxşı əmək şəraiti
yüksək istehsalat göstəriciləri deməkdir. Sizin müəssisənizin istehsalatdakı
nailiyyətlərinin əsasında işçilərə yaratdığınız müasir, yüksək tələblərə cavab
verən iş şəraiti durur. Daha bir uğur gətirən amil isə həmkarlar ittifaqı təşkilatının
tərəfdaşları ilə sıx əməkdaşlıq, anlaşma şəraitində işləməyi bacarmasıdır.
Əbülfəz müəllim tədbir iştirakçılarını Azərbaycan Ordusunun Qarabağda qazandığı
tarixi Qələbə münasibətilə də təbrik etdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin komandanlığı altında qazanılan hərbi qələbələri Azərbaycanın
gələcək inkişafına əvəzsiz töhfələr adlandırdı. Dedi ki, artıq xalqımız 30
illik arzusuna qovuşdu. Artıq Azərbaycan leksikonundan “məcburi köçkün” sözləri
birdəfəlik silindi. Bu qələbələri bizə bəxş etmiş igid oğullarımızın bir çoxu şəhid
olmuş, bir çoxu isə sağlamlığını itirmişdir. Sağlamlığını itirən döyüşçülərimizin
sizin müəssisənizin məhsullarına ehtiyacı var. Əminəm ki, siz bu ehtiyacın yüksək
keyfiyyətlə, lazımi həcmdə ödənilməsinin öhdəsindən gələcəksiniz.