AZ | RU | EN
AZ | EN | RU

Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib

23 Nov 2017

Noyabrın 23-də Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib. 

Qurultayda sahə Hİ Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə hesabat məruzəsi ilə çıxış edərək deyib ki, ötən beş ildə Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan zavod və müəssisələrdə çalışan işçilərin əmək, sosial iqtisadi hüquqlarının və qanuni mənafelərinin daha səmərəli forma və metodlarla qorunması, üzv təşkilatlarla əlaqəli işin qurulması və onların müstəqil təşkilat kimi fəaliyyət göstərməsi, nüfuzunun artırılması, maliyyə cəhətdən gücləndirilməsi Respublika Komitəsinin fəaliyyətinin əsasını təşkil edibdir.

Nazirliklə bağlanmış sahə (tarif) kollektiv sazişlərdə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, gecə vaxtı və çoxnövbəli iş rejimində yerinə yetirilən işə görə, həmçinin iş vaxtından artıq müddətdə görülən işə görə və digər hallarda mövcud əmək qanunvericiliyi ilə müqayisədə 20-30 faiz əlavə ödənişlərin edilməsi, işçinin toyu, yaxın qohumunun vəfatı, uşağının birinci sinfə getməsi, ailədə uşağın anadan olması ilə əlaqədar (ataya) əlavə məzuniyyətlərin verilməsi nəzərdə tutulmuş və bu öhdəliklərin yerinə yetirilməsi Respublika Komitəsi tərəfindən mütəmadi nəzarətdə saxlanılıb.

Sazişlərdə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə (əlillərə) minimum əməkhaqqının 2 misli miqdarında, 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə əlil işçilərə minimum əməkhaqqı məbləğində, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar himayəyə götürülmüş şəhid ailələrinə minimum əməkhaqqının 2 misli miqdarında maddi yardımların, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xidmət sahəsində işləyən hər bir qadına minimum əməkhaqqının 60 faizi miqdarında birdəfəlik mükafatın verilməsi, işçilərin güzəştli şərtlərlə isti nahar yeməyi ilə təmin edilməsi və s. kimi öhdəliklər qəbul edilib və icrası təmin olunub.

İşçilərin sağlamlıqlarının qorunması və bərpası məqsədilə onlara verilən sanatoriya - kurort müəssisələrinə və istirahət evlərinə yollayışların ödəniləcək 15 faizinin 10 faizini işəgötürənlər və 5 faizini həmkarlar ittifaqı komitələri öz üzərlərinə götürüblər.
Sazişlərdə istehsalat qəzası və peşə xəstəliyi nəticəsində işçinin itirdiyi əmək qabiliyyətinin faizi müqabilində 3 aylıq əməkhaqqı üzrə birdəfəlik müavinətin verilməsi öhdəliyi işəgötürənlərin üzərinə qoyulubdur.

Respublika Komitəsi xidmət sahəsindəki müəssisələrdə kollektiv müqavilələrin müddəalarının icrası ilə bağlı ilk təşkilatlardan gördüyü işlər barədə rüblük məlumatlar alır və onları təhlil edir. Bununla belə, Respublika Komitəsinin müəssisələrdə əmək qanunvericiliyinə riayət edilməsi ilə bağlı apardığı yoxlamalar zamanı da sahə (tarif) kollektiv sazişin və kollektiv müqavilələrin icrasına xüsusi diqqət yetirilib.

Natiq bildirib ki, xidmət sahəsinə daxil olan müəssisələr üzrə son 5 il ərzində işəgötürənin təşəbbüsü ilə 54 nəfərin əmək müqaviləsinə xitam verilib. Cəmi 7 nəfər iş yerinin ixtisara düşməsi ilə əlaqədar, qalan işçilər isə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə işdən azad ediliblər. İşdən çıxarılma ilə əlaqədar işəgötürənlərin həmkarlar ittifaqı komitələrinə 73 nəfər üçün müraciəti daxil olub, onlardan 19 nəfər işçinin işdən çıxarılmasına razılıq verilməyib

Hesabat dövründə Respublika Komitəsinin qarşısında duran ən önəmli məsələlərdən biri də nazirliyin tabeliyində olan bütün müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normalara, qaydalara, normativ-hüquqi aktlara riayət olunmasına ictimai nəzarətin həyata keçirilməsi olmuşdur. Bu sahədə aparılmış işlərin nəticəsidir ki, əksər müəssisələrdə işçilər pulsuz xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələrlə, profilaktiki yeməklərlə, süd və ona bərabər tutulan məhsullarla təmin edilirlər.

Kollektiv müqavilələrdə nəzərdə tutulmuş işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi işəgötürənlərin vəsaiti hesabına təmin edilmişdir. İşçilər üçün sanitariya - məişət xidməti təşkil olunmuşdur. Hesabat dövründə ittifaq üzvlərinin övladları da diqqətdən kənarda qalmayıb. Onların hər biri Yeni il, Novruz bayramlarında hədiyyələrlə, şənliklərə biletlərlə sevindirilib.

Sədr işçilər üçün yaradılan təhlükəsiz iş şəraiti, onların yay istirahətinin təşkili və sair sahələrdə Respublika Komitəsinin gördüyü işlərdən də danışıb.
Məruzə ətrafında çıxışlar dinlənilib.

Sonra söz AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə verilib. O,deyib ki, Müdafiə Sənayesi Nazirliyi, yaranma tarixi bir o qədər uzaq olmasa da, uğurlu fəaliyyəti ilə respublika iqtisadiyyatında öz layiqli yerini tuta bilib. Tabeliyində olan müəssisələrdə yenidənqurma işləri aparıb. Müəssisələr ən müasir avadanlıqlarla təchiz olunub. Bir vətəndaş kimi şəxsən mənim üçün də fəxrdir ki, nazirlik Azərbaycan markalı müdafiə sənayesi məhsullarını dünyada tanıtmağı bacarır. Artıq nazirliyin müəssisələrində istehsal olunan 260 adda məmulat beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Səttar Möhbalıyev sahə həmkarlar ittifaqının hesabat dövründəki fəaliyyətindən danışarkən deyib ki, təxminən son on ildə bu qurum yenidən təşkil edilib. Bu da nazirliklə həmkarlar ittifaqının səmərəli əməkdaşlığı sayəsində mümkün olub.

Təşkilatınız xüsusilə son beş ildə üzvlərinizin əməyinin müdafiəsi, sosial hüquqlarının qorunması və istirahətinin təşkili istiqamətində çox nailiyyətlərə imza atıb. Hesabat məruzəsində də bu nailiyyətlər barədə geniş məlumat verildi.

Mən yalnız bir məsələyə - ittifaq üzvlərinin yay istirahətinin təşkilində ortaya qoyduğumuz məsuliyyət hissi nümunəsinə diqqət çəkmək istəyirəm. Respublika Komitəsi bu sahədə yüksək fəallıq və qayğıkeşlik nümayiş etdirib. İstirahətə göndərilənlərin seçimində ədalətsizliyə yol verilməyib. İstirahət mərkəzlərində dincələn ittifaq üzvlərinin yeri, onlara xidmətin keyfiyyəti nəzarətdə saxlanılıb. Mən biləni, hətta Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə özü şəxsən ittifaq üzvlərinə baş çəkir, şəraitlərini yoxlayır, problemləri ilə yerində maraqlanırdı.

AHİK sədri həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrdən danışıb və tövsiyələrini verib.

Sonda təşkilati məsələyə baxılıb. R.Müfid-Zadə yenidən Respublika Komitəsinin sədri seçilib.
Qurultayın işində müdafiə sənayesi nazirinin müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev iştirak ediblər.

FAYDALI KEÇİDLƏR