Pan-Avropa Regional Şurası Koordinasiya Komitəsinin veb-iclası keçirilib
08 Dec 2020
Dekabrın 8-də Pan-Avropa Regional Şurası (PARŞ) Koordinasiya Komitəsinin onlayn formatda iclası keçirilib. AHİK sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev ZOOM platforması üzərindən tədbirdə iştirak edib.
Koronavirus pandemiyası dövründə üzv təşkilatların dövlətlərində sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının fəaliyyətləri ilə bağlı çıxış edən AHİK sədri qeyd edib ki, koronavirus pandemiyası insanların sağlamlığı məsələsi ilə yanaşı, həm də işçilərin əmək hüquqları, fəaliyyət prinsipləri, gəlir mənbələri üçün təhlükəli problemə çevrilib.
Azərbaycanda Koronavirus infeksiyası faktı müəyyən olunduğu gündən başlayaraq Respublikasının Prezidenti İlham Əliyev tərəfindən geniş miqyaslı sosial dəstək tədbirlərinin görülməsi və koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini minimuma endirilməsi məqsədi ilə ciddi tədbirlər həyata keçirilməyə start verilib. Xüsusi fəaliyyət planı hazırlanıb ki, bunun nəticəsində əhalinin məşğulluğu və sosial təminatını üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
AHİK sədri mövcud şəraitlə bağlı işçilərin əsassız ixtisarlarına, bunların qarşısının alınmasına və iş yerlərinin qorunmasına xüsusi diqqət yetirildiyini bildirib.
O, qeyd edib ki, görülən mübarizə tədbirləri çərçivəsində fəaliyyətin prioritet sahələrindən biri də məşğulluq imkanlarının genişləndirilməsi idi. Pandemiya səbəbindən 600 mindən çox insana dəstək mexanizmi çərçivəsində 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb və proses bu gün də davam etdirilir. Ölkə başçısının müvafiq tapşırıq və sərəncamları ilə hökumət tərəfindən 600 milyon manat vəsait ayrılıb ki, bu da 2,5 milyon vətəndaşın məşğulluğunun və sosial dəstəyinin təmin edilməsinə yönəldilib.
Konfederasiya sədri bildirib ki, ümumilikdə, dövlət sektoru üzrə 910 min, qeyri-dövlət sektoru üzrə isə 719 min işçinin əmək haqqı saxlanılmaqla məşğulluğu təmin edilib.
Sədr vurğulayıb ki, pandemiyaya qarşı mübarizədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən xüsusi yaradılmış Operativ qrup əhəmiyyətli işlər görür. Həmkarlar ittifaqları işçilərin, eləcə də həssas qrupa aid edilən ailələri müəyyənləşdirir, onlara maddi və digər yardımlarla dəstək olurlar. Bundan başqa ölkə prezidentinin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 448 min manat, Naxçıvan Muxtar Respublikasına 200 min manat, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyininə 205 min manat, Naxçıvan MR Həmkarlar İttifaqlarına isə 10 min manat vəsait köçürülüb.
Ümumilikdə koronavirusla mübarizə dövründə Azərbaycan Həmkarlar ittifaqları bu istiqamətdə 5.372.558 manat məbləğində vəsait xərcləyib. Həmkarlar ittifaqları bu dövrdə müəssisə və təşkilatlarda sanitar və gigiyena normalarına riayət olunmasını, kütləvi ixtisarların qarşısının alınmasını, əməkhaqqlarının vaxtında ödənilməsini xüsusi nəzarətdə saxlayır.
Düşünürəm ki, həmkarlar ittifaqları bundan sonra da üzvlərinin vəziyyətini yaxşılaşdırmaq, əmək hüquqlarını qorumaq istiqamətində mühüm addımlar atacaqdır.