AZ | RU | EN
AZ | EN | RU

Polşa Həmkarlar İttifaqı Birliyinin nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qəbul edilmişdir

01 Aug 2017

2017-ci il avqustun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Polşa Həmkarlar İttifaqı Birliyinin sədri Yan Qusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

  Qonaqları salamlayan AHİK sədri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən söhbət açaraq bu əlaqələrin köklərinin ötən əsrlərə gedib çıxdığını qeyd etmişdir.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün 1997-ci ildə Polşa Respublikasına səfəri zamanı Azərbaycan və Polşa xalqları arasındakı qardaşlıq və dostluq əlaqələrinin əsasını qoymuşdur. Həmin vaxt ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlıq haqqında ilk hökumətlərarası müqavilələr imzalanmışdır. Polşanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayan sədr bildirib ki, bu gün Azərbaycan-Polşa münasibətləri ölkələrimiz arasında işgüzar və dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu deməyə hər cür əsas verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Polşaya rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər hər iki ölkə arasında münasibətlərin inkişafına yeni bir təkan vermişdir. Prezidentin səfəri çərçivəsində  iki dövlət arasında  müdafiə sənayesi, energetika, rabitə, neft-qaz sənayesi və dəmiryol nəqliyyatı sahəsində  5 müqavilə imzalalanmışdır. Bundan əlavə, strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq haqqında birgə Bəyannamə də imzalanmışdır. Həmin səfər çərçivəsində Azərbaycan-Polşa biznes forumunun keçirilməsi ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının yüksəlişinə doğru atılmış yeni bir addımdır.
  S.Möhbalıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Polşa Respublikasına rəsmi səfəri zamanı parlamentlərarası komissiyanın üzvü kimi o da iştirak etmişdir. “Məni, eləcə də bütün xalqımızı dost Polşa Respublikasında dövlətçiliyin dinamik, demokratik inkişafı sevindirir və biz ümidvarıq ki, bu inkişaf gələcəkdə də qətiyyətlə davam etdiriləcəkdir”.
  AHİK sədri bildirib ki, biz Polşa dövlətinin və hökumətinin Azərbaycanın problemlərinə diqqət və həssaslıqla yanaşmasını, Dağlıq Qarabağ probleminin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə göstərdiyiniz dəstəyi yüksək qiymətləndiririk.    
  S.Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqlarının dünyanın bir çox həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq və həmrəylik əlaqələri çərçivəsində Polşa həmkarlar ittifaqı təşkilatları ilə də qarşılıqlı münasibətlərinin nümunəvi səviyyədə olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu əlaqələr daim inkişafdadır və belə qarşılıqlı səfərlərin faydası olduqca vacibdir. Bugünkü görüşümüz ölkələrimizin həmkarlar ittifaqları arasında həmrəyliyin və əməkdaşlıq ənənələrinin möhkəmlənməsi və inkişafının daha bir sübutudur və zəhmətkeşlərimizin əmək, sosial-iqtisadi hüquqlarının və maraqlarının qorunmasında birgə səylər göstərməyə hazır olduğumuzun göstəricisidir.
  AHİK  sədri qonaqlara  Azərbaycan həmkarlar ittifaqlarının həyatında son illər baş verən yeniliklər barədə də  məlumat vermişdir.
Polşa nümayəndə heyətinin rəhbəri Yan Qus səmimi qəbul üçün öz minnətdarlığını bildirmiş, Azərbaycanda  iqtisadi, social və digər sahələrdə gedən yüksəlişdən məmnunluğunu ifadə etmişdir. Söhbər əsnasında hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlıq və həmrəylik əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur.
   Görüşdən öncə polşalı qonaqlar Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib gül dəstələri qoymuşlar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət etmiş, üzərinə gül dəstələri düzmüşlər."

Qeyd.
Polşa Həmkarlar İttifaqı Birliyi Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatlarından biridir. 24 noyabr 1984-cü ildə yaranmışdır.Təşkilatın 3 milyon üzvü var, bunların 500 minitəqaüdçüdür.
Bu təşkilat "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Təşkilat ölkədə fəaliyyət göstərən 90 peşə təşkilatını (vahid həmkarlar ittifaqları və federasiyalar) özündə birləşdirir, həmçinin ölkənin inzibati bölgüsünə uyğun ərazi zonaları ilə daxili ərazi quruluşlarına malikdir. Bunlar voivodship (regional) şuraları (16) və powiat (rayon) şuralarıdır (240).
Təşkilatın hazırki sədri Yan Qusdur (2004-cu ildən indiyədək .) 

FAYDALI KEÇİDLƏR