Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olublar YENİLƏNİB
17 Mar 2021
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
Prezident İlham Əliyev dedi:
-Dünən Azıxdan
çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol
yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar
soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona
görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat
9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də
buludlar şəhərin üstündədir.
Keçən dəfə yanvar
ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya
qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə
Şuşanın qarlı, dumanlı dağlarıdır.
Vaqifin məqbərəsində
tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu
gün bərpa işlərinə start veriləcək.
Məscidlərin bərpası
ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və
yaxın gələcəkdə layihə təqdim ediləcək.
Şuşa bütün mövsümlərdə
gözəldir.
Bulaqları da bərpa
edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər
nə gündədir, düşmən Şuşanı nə günə salıb.
Vaqifin məqbərəsinə
yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər
də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif
poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev
Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə,
Mehriban xanımın rəhbərliyi ilə.
Prezident İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinə gəldilər.
Prezidentin köməkçisi
Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası
layihəsi ilə bağlı məlumat verdi. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata
keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına
xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni
də vəhşicəsinə dağıdıblar.
Prezident İlham
Əliyev: Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri
keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev.
İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən
bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və
bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur
düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi.
Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri
ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da
Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil
də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə
Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax,
budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik.
Sonra dövlətimizin
başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına
baxdılar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ
xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni
vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.
Prezident İlham
Əliyev: Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli
xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu
sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib,
insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq
edib.
Bütün beynəlxalq təşkilatlar
gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara
həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.
Azad edilmiş
torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə
də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən
istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı
törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada
yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən
deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə
tuturam.
Sonra Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah
Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.
Molla Pənah Vaqifin
büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.
Prezident İlham Əliyev: Bu, postamentin bünövrəsidir.
Ermənilər dağıdıblar, biz bərpa edəcəyik.
Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi
meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də
dağıdıblar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva
və qızları Leyla Əliyeva Karvansaray tarix-memarlıq kompleksinə baxdılar.
Dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı
məlumat verildi.
Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən
biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.
Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək -
1992-ci ilədək fəaliyyət göstərib.
Prezident İlham Əliyev: Bura Şuşa şəhərinin rəsm
qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal
zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə
yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa
işləri ilə tanış oldular. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində
inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada
görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə
səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.
Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində
tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat
verildi.
Prezident İlham Əliyev: Otelin otaqları belə
olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə
işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin
bütün otaqları bu stildə olacaq.
“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış
olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki
mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi
hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən
otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur,
olmayıb və heç vaxt olmayacaq.
Prezident İlham Əliyev, birinci xanım Mehriban və
qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də oldular. Qarabağ xalçaçılıq sənəti
ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey
də işğal zamanı ciddi ziyan görüb.
Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva
Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel
qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.
Prezident İlham Əliyev: Burada keçmiş sanatoriya
korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma
çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa
edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq
istifadəyə veriləcəkdir.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
dövlətimizin başçısına icra olunacaq layihələrlə bağlı məruzə etdi.
Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar
tapşırıq və göstərişlərini verdi.
Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da
korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan
istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə
tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə
burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.
Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara
gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki,
bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir
tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan
istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər
sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini
çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir.
Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı,
onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu
binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə
bina var, yoxsa yox?
Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər.
Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar
yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi,
təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini
dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq.
Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən
gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da
Realni məktəbin dağılmış binasıdır, görün, ermənilər bu binanı nə günə
salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub.
Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb.
Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq
istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq,
getmək istəmirlər. Ancaq indi biz Bakıya qayıtmalıyıq. Yolüstü Daşaltı kəndində
dayanacağıq. O, kəndə də baxacağıq. Ondan sonra istiqamət Bakı şəhəridir.
Birinci xanım Mehriban Əliyeva: Hava günəşli,
açıq, mavi səma.
Prezident İlham Əliyev: Şuşaya “hələlik” deyirik.
Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi
dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir.
Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu
bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı,
Günəş bizi salamladı.
Buradan da Şuşanın qayaları gözəl görsənir. Çünki biz
haqq yolundayıq, işimiz də haqq işidir. Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan
təbiətidir.
Bura isə Daşaltı kəndidir. Daşaltı kəndi ilə də tanış
olacağıq.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva
və qızları Leyla Əliyeva Şuşa rayonunun Daşaltı kəndinə gəldilər.
Aydın Kərimov: O,
Böyük Kirs dağıdır. Şuşanın su mənbələrindən biri onun ətəyindən gəlir.
Birinci xanım: Bu yeni Daşaltı hesab olunur?
Aydın Kərimov: Bəli.
Birinci xanım: O da köhnə Daşaltı.
Prezident İlham Əliyev: Bizim hərbçilər oradan gəliblər.
Həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin
gözəl mənzərəsidir. Daşaltı kəndi də işğalçılardan azad edilib. Məhz bizim müzəffər
ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə
də Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə
baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır.
Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq.
X X X
Erməni qəsbkarlar tərəfindən 1992-ci ildə işğal
olunan Daşaltı kəndi də hərtərəfli terrora məruz qalıb. Prezident İlham Əliyev kəndin bərpası ilə bağlı
tapşırıqlarını verdi.