AZ | RU | EN
AZ | EN | RU

Qadınlara qarşı təzyiqlər cəzasız qalmayacaq

21 Nov 2019

Noyabrın 21-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsində 25 Noyabr- Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. 

“Qadın zorakılığına qarşı mübarizə” mövzusuna həsr olunmuş tədbirdə sahə həmkarlar ittifaqı respublika komitələrinin nəzdində fəaliyyət göstərən Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiya sədrləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə RK-nın sədri, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin rəhbəri Cəmilə Səttarova açdı. O, bu əlamətdar günün tarixindən və Beynəlxalq Əmək təşkilatının 100 illiyi münasibətilə qəbul ediləcək konvensiyadan danışdı. Dedi ki, bu mühüm sənədə əsasən, zoraklıqla bağlı qanunvericilik genişlənəcək, iş yerlərində qadınlara qarşı təzyiqlər yaranarsa, bu hal insan hüquqlarına toxunmaq kimi dəyərləndiriləcək və qanun pozuntuları qanuni yolla həllini tapacaq. 

C. Səttarova qadın zorakılığına qarşı dünya miqyasında BƏT-in gördüyü işlərdən və təşkilata üzv olan dövlətimiz və Azərbaycan həmkarlar ittifaqları tərəfindən qadınların hüquqlarının və gender bərabərliyinin qorunmasında, qadınlara qarşı bütün zorakılıq hallarının aradan qaldırılması yolunda mütəmadi olaraq gördüyü mühüm tədbirləri iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra çıxış edən MİHİ RK-nın mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri, Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının sədri Əfsanə Gülməmmədova ötən dövr ərzində Respublika Komitəsinin üzv təşkilatlarında fəaliyyət göstərən komissiyaların gördüyü işlərdən söz açdı. Bildirdi ki, iş planına müvafiq olaraq qadınların hüquqlarının qorunması, iş yerlərində cinsi ayrı-seçkiliyin qarşısının alınması, kollektiv saziş və müqavilələrin bağlanması prosesində gender aspektlərinin gücləndirilməsi xidmətdə olan şəhər, rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarının gender bərabərliyi və qadın problemləri üzrə komissiyalarının daim diqqət mərkəzində olmalıdır.

Sonra AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşdü.
Tədbir diskussiya ilə başa çatdı.

FAYDALI KEÇİDLƏR