Qarabağ müharibəsi iştirakçıları daim diqqətimiz mərkəzindədir
13 Jan 2021
Azərbaycanla ermənistan arasında sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı böyük əzm və şücaət göstərərək döyüşmüş və qalib gəlmişdir.
Müharibə
başlanan gündən əhalinin bir çox hissəsi orduya könüllü olaraq yazılmışdır. Azərbaycan
Milli Elmlər Akademiyasından da orduya könüllü olaraq yazılmış və səfərbərlik
zamanı böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak etmiş əməkdaşlar olmuşdur.
Əməkdaşların ailə üzvləri də döyüşlərdə iştirak etmiş, bəziləri yaralanmış, bəziləri
şəhid olmuş və bəziləri də sağ-salamat ailələrinin yanına qayıtmışlar. Bu əməkdaşlara
müharibə müddətində daim diqqət göstərilmiş və ailələrinə maddi yardımlar
edilmişdir. Belə əməkdaşlarımızdan Radiasiya Problemləri İnstitutunun əməkdaşları
Qəribov Ramin Qərib oğlunu və Mustafayev Samir Vahid oğlunu göstərmək olar. Belə
ki, ordunun baş leytenantı Qəribov Ramin 21 sentyabrdan 30 dekabradək cəbhə
bölgəsində Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə
iştirak etmiş, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmış, ona
qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulmuşdur.
Döyüşlərdə göstərdiyi şücaətə görə hərbi komandanlığın Fəxri fərmanı ilə təltif
edilmişdir. Eyni zamanda İnstitutun əməkdaşı ordunun çavuşu-manqa komandiri
Mustafayev Samir də 29 sentyabrdan 2 yanvar tarixinə kimi cəbhə bölgəsində
olmuş, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak
etmişdir. AMEA-nın döyüşlərdə iştirak etmiş digər əməkdaşları kimi Radiasiya
Problemləri İnstitutunun bu əməkdaşlarının da ailələrinə Həmkarlar Təşkilatı tərəfindən
döyüşlərdə olduğu müddətdə 1.000 (min) AZN məbləğində maddi yardım edilmişdir.
AMEA Azad Həmkarlar İttifaqı tərəfindən isə bu əməkdaşlara yanvar ayına Abşeron
və Günəşli sanatoriyalarına pulsuz yollayışlar verilmişdir. Birinci və ikinci
Qarabağ müharibəsi iştirakçılarının sosial məsələlərinin həlli daim AMEA Azad Həmkarlar
İttifaqının diqqət mərkəzindədir.