AZ | RU | EN
AZ | EN | RU

Qarşılıqlı maraq ödənilirsə əməkdaşlıq üçün problem olmur

07 Dec 2018

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dekabrın 7-də keçirilmiş plenumunda “Üzv müəssisə və təşkilatlarda kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu” məsələsinə baxılıb. 

Gündəliyə çıxarılmış bu məsələ barədə Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanovun məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, AHİK-in V qurultayında qəbul olunmuş əsas fəaliyyət istiqamətlərində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi işində kollektiv müqavilələr mühüm əhəmiyyət daşıyır. Hər bir kollektiv müqavilə işçilərin əmək, sosial maraqlarının müdafiəsi, istirahətinin təşkili sahələrini konkret, geniş şəkildə özündə ehtiva etməlidir. Son məlumatlara görə, sahə üzrə 1320 ilk təşkilat işəgötürənlərlə kollektiv müqavilə bağlayıb. Etiraf edək ki, özəl sektorlarda belə bir sənədin hasilə gəlməsi olduqca çətindir. Özəl sektorda əksər müəssisə rəhbəri işçilər qarşısında öhdəlik götürməyə ehtiyatla yanaşır. Təbii ki, biz bu qisim sahibkarlarla uzunmüddətli maarifləndirmə işi aparırıq.

Söhbətlərimizdə daha çox onların maraqlarını qabardırıq. İnandırmağa çalışırıq ki, kollektiv müqavilədə götürülən öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanacaq. Sonrakı müddət dediklərimizin dürüstlüyünü ortaya qoyur. Sağlam iş şəraiti yaranır. Onun hesabına istehsal göstəriciləri, müəssisənin və işçilərin gəlirləri çoxalır. İşçilər vaxtaşırı tibbi müayinədən keçirilir. Zərərli işdə çalışanların qida, digər təminatı diqqətdə saxlanılır. Beləliklə, xəstəliyə görə işburaxma halları minimuma endirilir.

AHİK-in hər il keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ən yaxşı müəssisəsi (təşkilat)” Respublika müsabiqəsində sahə üzrə iştirakçı müəssisələrin sayı get-gedə artır. Sevindirici haldır ki, qaliblər sırasına çıxan müəssisələrimiz də olur. Respublika Komitəsi onları mükafatlandırmaqla digər müəssisələrin də sağlam iş mühiti yaratmaq istəyini stimullaşdırır.

Məruzədə Respublika Komitəsinin təşkil etdiyi mədəni-kütləvi tədbirlər, idman yarışları, mövsümi turist səfərləri, dövlət, milli və dini bayramlar münasibətilə keçirilən görüşlərdən, yığıncaqlardan da söz açılıb. Bildirilib ki, fəal əməli işimizin nəticəsidir ki, plenumlararası müddətdə sıralarımız xeyli genişlənibdir. Təkcə son bir ildə “AzərGold” QSC, “Veysəloğlu - Yaycılı Qardaşlar” ASC, “Günəşli” İKF, “Biləv”MMC, “Litterpress MMC və sair təşkilatlarda ilk həmkarlar ittifaqı komitələri yaradılıb. Həmin komitələr konfrans keçirərək birbaşa Respublika Komitəsinin xidmətinə daxil olmaq barədə qərar qəbul ediblər.
Respublika Komitəsinin sədr müavini Mehman Fərzəliyev təşkilatın maliyyə fəaliyyəti barədə hesabat verib. Hər iki hesabat ətrafında çıxışlar dinlənilib.
Sonda müvafiq qərar qəbul olunub.

FAYDALI KEÇİDLƏR