AZ | RU | EN
AZ | EN | RU

Qəbul imtahanında yüksək bal toplayan abituriyentlər Metropoliten İşçiləri Həmkarlar İttifaqı tərəfindən mükafatlandırıldı

09 Sep 2018

Metropoliten İşçiləri Həmkarlar İttifaqı 2015-ci ildən başlayaraq, metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik mükafat (təqaüd) verilməsini təşkil edir.

MİHİ-nin İcraiyyə Komitəsinin qərarı ilə 2015-ci ildən etibarən hər il Respublikanın ali məktəblərinə qəbul imtahanları keçirildikdən sonra qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, namizədlər müəyyən edilir və sentyabr ayında yeni dərs ilinin ərəfəsində  onların təntənəli şəkildə mükafatlandırılması həyata keçirilir.
Hər il olduğu kimi bu il də MİHİ metropolitençi ailələri və onların yüksək balla ali məktəblərə daxil olan övladları ilə görüş keçirildi.
Görüşdə çıxış edən MİHİ-nin  Sədri Arif Mərdanov qeyd etdi ki, bu il metropolitençi ailələrindən 14 gənc yüksək nəticə əldə edərək tələbə adını qazanıb. onlardan 12 nəfəri 600-dən çox bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinin tələbə biletini alacaqlar. Sədr bildirdi ki, bu ildən etibarən MİHİ-nin İK-nin qərarı ilə V ixtisas qrupu üzrə imtahan vermiş və yüksək nəticə göstərmiş metropolitençi övladları da mükafatlandırılacaqlar. Çünki V ixtisas qrupunda bal sistemi digər qruplarda (I-II-III-IV) tətbiq edilən bal sistemindən fərqlidir. İki nəfər metropoliten işçisinin övladı məhz V qrup üzrə imtahanlarda iştirak edərək yüksək nəticə göstərib.
A.Mərdanov ali məktəb auditoriyalarına ilk dəfə daxil olacaq gəncləri, başda  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov olmaqla, bütün metropolitençilər adından təbrik etdi.
Sonra yüksək nəticə əldə edərək, tələbə adını qazanmış gənclərə təşkilatın mükafatları təqdim edildi.
Tədbirdə çıxış edənlər AHİK-in və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirdilər.

FAYDALI KEÇİDLƏR